04 Iyul 2024 10:00
1117
Səhiyyə
A- A+

Vitamin qəbul edərkən sağlamlığımızdan olmayaq

 

Vitaminlər təbii yolla qida məhsullarından alına bilən, orqanizmin bərpası və inkişafında mühüm rol oynayan, gündəlik qəbul edilməli üzvi birləşmələrdir. Vitamin ehtiyacını ödəməyin ən yaxşı yolu təbii qidalardan istifadə etməkdir. Bu mümkün olmadıqda immunitet zəifləyir, sümük, əzələ, sinir toxumalarında ciddi fəsadlar yaranır, orqanizmin müxtəlif xəstəliklərə qarşı davamlılığı azalır.
Bəzi tibbi vəziyyətlər, genetik xüsusiyyətlər və yaş kimi faktorlara görə kifayət qədər təbii vitaminlər qəbul edə bilmədikdə, bu boşluq qida əlavələri ilə tamamlanır. Bioloji fəallığa malik qida əlavələrinin tərkibində amin turşuları, yağ turşuları, zülallar və müxtəlif bitki mənşəli ekstraktlar da daxil olmaqla məhdud çeşiddə digər maddələr də mövcud ola bilər. Qida əlavələri qəbul edərkən ilk növbədə orqanizmin əskikləri aşkarlanmalıdır. Unutmaq olmaz ki, vitaminlər  yalnız mütəxəssis nəzarəti altında və tövsiyə olunan miqdarda istifadə edildikdə faydalıdır.

 

Yağda və suda həll olunan vitaminlər

 

Fərqli istehlak modelinə malik olmaqla vitaminlər yağda və suda həll olunan növlərə ayrılır. Birinci qrupa aid edilən vitaminlərin həddindən artıq istifadəsi  suda həll olunanlardan daha çox mənfi təsirlərə səbəb ola bilər. A, D, E və K kimi yağda həll olunan vitaminlər bədənin müəyyən hissələrində saxlanılarkən, digər suda həll olunan vitaminlər isə müəyyən dozalarda qəbul edildiyi müddətdə heç bir yan təsir göstərmir.
Gündəlik qəbul edilməsi çox vacib olan C vitamini immun sistemini və sinir keçiriciliyini dəstəkləməklə yanaşı, güclü bir antioksidantdır, lakin həddindən artıq olduqda qusma, qarın ağrısı və böyrək daşları meydana gələ bilər. İmmunitetin gücləndirilməsi üçün isə bu vitaminin qəbulu vacibdir.
İnsulin C vitamininin hüceyrəyə daxil olmasını təmin edir. Bu səbəbdən diabet və insulin müalicəsində bu vitamin əhəmiyyətli rola malikdir. Astma, yüksək təzyiq, infeksiyalar, ekzema, hepatit, mədə yarası, katarakta kimi bir çox xəstəliklərdə məhz C vitamininin azlığı müşahidə edilir. 
Yağda həll olunan ən vacib vitaminlərdən biri olan E vitamini orqanizmi həm zəhərli təsirlərdən, həm də sərbəst radikallardan qoruyaraq, daha güclü hüceyrə quruluşunu təmin edir. E vitamini xalq arasında pis xolesterol adlanan LDL xolesterolunun oksidləşməsinin qarşısını alaraq, xərçəng və buna bənzər ciddi xəstəliklərdən qoruyur.
Sağlamlıq üçün önəmli olan vitaminlərdən biri də A vitaminidir. İnsan orqanizmi bu vitamini istehsal edə bilmir və  o, yalnız qida və qida əlavələri vasitəsilə orqanizmə daxil olur. A vitamini görmə, dəri, saç, dırnaq və dişlərin normal inkişafı üçün vacibdir. Onun çatışmazlığı özünü ən çox gözün fəaliyyətində göstərir. Bu zaman gözün qidalanması və görmə qabiliyyəti zəifləyir. Lakin həddindən artıq A vitamini qaraciyərə toksik təsir göstərə bilər və dərinin soyulmasına, saç tökülməsinə, görmənin pozulmasına və əzələ zəifliyinə səbəb ola bilər.
Qidalar gündəlik D vitamini ehtiyacının ən çox 2-3 faizini ödəyə bilər. Qalanını isə dərimizi Günəş işığına verməklə ala bilərik. Əslində, inək südündəki D vitamini də təbii və mükəmməldir, lakin süd bəzi sənaye proseslərinə məruz qaldıqda əhəmiyyətli dərəcədə zədələnir.
Günəşin köməyi ilə orqanizmimizdə istehsal edilən təbii D vitamini sulfatlıdır. Ona görə də o həm suda, həm də yağda həll olunmaq qabiliyyətinə malikdir. Nəticədə bədənin hər hüceyrəsinə, hər toxumasına və orqanına asanlıqla daxil ola bilir. Süni D vitamini isə sulfatsızdır. Buna görə də ilk seçim günəşdən alınan təbii D vitamini olmalıdır.
D vitamini həddindən artıq olduqda qanda kalsium səviyyəsini artırır. Bu, ürək ritminin pozulmasına, böyrək daşlarının əmələ gəlməsinə və əzələ kramplarına səbəb ola bilər. K vitamininin artıqlığı laxtalanma pozğunluğuna səbəb ola bilər. B1 və B6 vitaminlərinin həddindən artıq istehlakı sinir sisteminə zərər verə bilər və əllərdə və ayaqlarda uyuşma, hissiyyat itkisi və zəiflik yaradır.

 

Bu vitaminlərin birlikdə qəbulu zərərlidir

 

Müxtəlif dərmanlarla birlikdə qəbul edilən vitaminlər bir-birinə qarşılıqlı təsir edərək, effektivliyi müsbət və ya mənfi istiqamətdə dəyişə bilər. Üstəlik, qida əlavələrində çox vaxt müəyyən bir vitamin və ya mineral tövsiyə olunan gündəlik normadan dəfələrlə çox olur. Nümunə olaraq göstərilə bilər ki, A vitamini qəbul edən zaman E vitamini də istifadə edilməlidir ki, bağırsaqda retinolun turşulaşmasının qarşısı alınsın. A və E vitaminlərini qəbul edərkən, eyni zamanda C vitaminindən də istifadə etmək olar. Belə ki, C vitamini bu iki vitamini gücləndirən təbii katalizatordur. Lakin A və E vitaminləri qəbul edərkən K vitamini qəbul edilməməlidir.
B2 və B6 vitaminlərinin birlikdə qəbulu məsləhət görülür. B6 vitamini tək aktiv olmayan formada sadəcə orqanizmdən keçərək xaric olur. Məhz B2 vitamini onu mənimsədir. Bu vitamin sink üçün də təbii gücləndiricidir. B2, həmçinin kalsiumun miqdarına nəzarət edir, onun defisitinin qarşısını alır. B6 vitamininin maqniy ilə, B9-un C vitamini ilə, B12 vitamininin kalsium ilə qəbulu tövsiyə olunandır. 
D vitamini olmadan kalsiumun orqanizm tərəfindən mənimsənilməsi mümkün deyil. Əgər orqanizmdə D vitamini azdırsa, deməli, kalsium da yoxdur. Ona görə bu vitaminləri ayrı təyin etmək nəticə vermir.
Bir qrupdan olan B1, B2 və B3 vitaminlərinin birgə qəbulu məsləhət görülmür. Onlar bir-birinə mənfi təsir edərək, effektsizləşirlər. Həmçinin B9 vitamininin sink ilə, E vitamininin dəmir ilə, sinkin kalsium ilə qəbulu yolverilməzdir.

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video