08 Oktyabr 2024 09:05
4239
Səhiyyə
A- A+
Vinir, breket, implant...

Vinir, breket, implant...


Sağlamlıq, yoxsa gözəl təbəssüm üçün toxunuş?


İnsan orqanizmində daim qulluq tələb edən üzvlərdən biri də dişlərdir. Hazır qidaların qəbulu, çay, qəhvə, siqaret və spirtli içkilərdən istifadə, gigiyenik qaydalara riayət etməmə və genetik faktorlar dişlərin sıradan çıxmasının əsas səbəbləridir. Düzgün qidalanma dişlərin sağlamlığı ilə birbaşa əlaqəlidir. Belə olmadığı təqdirdə toxumalarda və dişlərdə xəstəliklər yaranır ki, bu da ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Qeyri-sağlam dişlər xəstəliklərdən əlavə, xoşagəlməz görünüşə də malik olur. Bu isə insanların sosial, psixoloji və fizioloji cəhətdən həyat keyfiyyətinə mənfi təsir göstərir.

Sağlam, bəyaz dişlər və gözəl təbəssüm insanın harmonik görünüşünün əsas komponentlərindəndir. Son illər estetik stomatologiya diş həkimliyinin, demək olar ki, ən tələb olunan sahəsinə çevrilib. Müasir stomatologiya dişlərin bəyazlığının, fizioloji və estetik baxımdan qeyri-düzgün quruluşa malik olan strukturunun bərpa olunması və digər prosedurların həyata keçirilməsində geniş imkanlara malikdir.


Vinirlərin istifadə müddəti 3-6 ildir


Dişlərin estetik görüntüsünü bərpa etmək üçün üstünlük verilən üsullardan biri vinirlərin tətbiqidir. Vinir üzlüklər çox nazik quruluşa malik olduqları və tərkibində metal olmadığı üçün işığı ötürə bilirlər. Bunun nəticəsində isə təbii diş görünüşü əldə olunur. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-stomatoloq Kəmalə Kamalovanın sözlərinə görə, müasir stomatologiyada kompozit və lamina vinirlərdən istifadə olunur: "Kompozit vinirlər plomblar vasitəsilə dişlərə estetik forma verir. Dişlər normadan qısa, ensiz olduqda bu vinirlərdən istifadə edilir. Lamina vinirlər isə nazik, lövhəşəkilli formada olur. Onlar ön dişlərə yapışdırılır. Əgər dişlərin sinirləri çıxarılıbsa, mina təbəqəsi zədələnibsə və ya köklərində kista varsa, bu zaman lamina vinirlərdən istifadə edilməməlidir. Çünki bu zaman həmin dişlərin canlılığı itdiyi üçün üzərlərində vinir təbəqəsi qalmır, tez qopur. Bu halda kompozit vinirlərə üstünlük verilir. Kompozitin laminadan fərqi  müəyyən müddətdən sonra rənginin dəyişməsidir. Qəbul edilən qida və mayelərin  rəngi bu vinirə daha tez hopur. Görüntü estetikasının itməsi pasiyentin narahatlığına səbəb olur".

Stomatoloq bildirib ki, vinirlərin istifadə müddəti 3-6 il olsa da, onların uzunömürlülüyü pasiyentin qidalanmasından, gigiyenik qaydalara riayət etməsindən çox asılıdır: "Bəzi pasiyentlərdə 6-7 il keçsə də, dişlər estetik görüntüsünü qoruyur. Bəzilərində isə hətta iki ildən sonra dişlərin rəngi saralır.  Lamina vinirlərdə isə bu problem, ümumiyyətlə, olmur, qəbul edilən qidalar dişin minasına təsir etmir, rəngi hopturmur. Ona görə də insanlar daha çox lamina vinirlərə üstünlük verirlər. Vinirlərin baxımı da önəmlidir. Dişlər gündə iki dəfə fırçalanmalı, diş saplarından istifadə olunmalıdır. Hər 6 aydan bir mütəxəssis tərəfindən professional gigiyena tətbiq edilməlidir. Vinirlərdən sonra 3 gün həssaslıq dönəmi olur. Əgər həssaslığın müddəti uzanarsa, həkimə müraciət etmək lazımdır".


50-55 yaşlı pasiyentlərə də breket qoyulur


Diş əyriliklərinin müalicəsi zamanı yaşdan asılı olaraq, plastinka və ya breketlərdən istifadə olunur. Bu üsulla alt və üst dişlərin bir-biri ilə düzgün bağlanması,  dişlərin estetik olaraq düzəldilməsi təmin edilir. Kəmalə Kamalova deyib ki,  plastinkalar, adətən, süd dişləri olan uşaqlara qoyulur: "Azyaşlılarda ağız boşluğunda patologiya aşkar  edildikdə plastinkalarla bunun qarşısı alınır, yaranmış problem bərpa edilir. Bütün dişlər daimidirsə, breketlərdən istifadə edilir. Dişlərin bərpası zamanı, əsasən, metal və keramik breketlərdən istifadə edilir. Fərq ondadır ki, keramik breketlər şəffaf olduğu üçün daha estetik görünür. Lakin metal breketlər daha effektivdir".

Həkimin sözlərinə görə, breketlər  nə qədər erkən taxılsa, effektivliyi bir o qədər yaxşı olar: "14-15 yaşdan etibarən breket taxılır. Nəticənin tez görülməsi üçün bu yaş aralıqları ideal hesab edilir. Lakin onun yaşı yoxdur. Əgər ağız boşluğunda bütün dişlər yerindədirsə, 50-55 yaşlı pasiyentlərə də breket qoyulur. Lakin bu halda müalicənin müddəti uzanır. Tutaq ki, 18 yaşında breket qoyduğumuz pasiyentin müalicə müddəti 1,5 ildirsə, 55 yaşlı pasiyent breketdən 3 il istifadə etmək məcburiyyətində qala bilər. Breketlər xüsusi baxım tələb edir, özəl fırçaları olur. Breket istifadə edən insanlar sərt qidalardan çəkinməli, hər ay həkim qəbuluna gəlməlidirlər".


Bioloji yaş 18 olmalıdır


Dental implantlar əskik olan dişlərin funksional və estetik bərpasını təmin etmək üçün çənə sümüyünə yeridilən süni dişlərdir. Onlar təbii dişlərdə olduğu kimi, rahat yemək yeməyə, danışmağa və gülümsəməyə imkan verir. Kəmalə Kamalova qeyd edib ki, diş implantları cərrahi yolla çənə sümüyünün içərisinə yerləşdirilir və uzun illər davam edəcək şəkildə hazırlanır. İmplantlar populyarlaşmadan öncə ortopedik qapaqlardan və ya çıxmayan körpüvari protezlərdən istifadə edilirdi. Onların mənfi cəhəti isə o idi ki, bir dişi bərpa etmək üçün iki sağlam dişi yonmaq məcburiyyətində qalınırdı. Sağlam dişlər isə yonulduqda zəifləyir, ömrü qısalır və üstəlik, süni dişin öhdəliyini öz üzərinə götürürdü. İmplant üsulla isə süni diş digər dişləri zədələmədən taxılır.

Həkim qeyd edib ki, xüsusilə insulin iynəsindən istifadə edən şəkərli diabet və sümük xəstələrinə implant taxılması tövsiyə edilmir. Bəzi xəstəliklər zamanı isə qısamüddətli qadağalar olur. Məsələn, ürək əməliyyatı olunmuş xəstəyə 6 ay implant qoyula bilməz. Həmçinin daimi siqaret və spirtli içki istifadəçilərinə də implant məsləhət görülmür. Çünki bu halda implant qoyulsa belə, istifadəsi uzunmüddətli olmayacaq.

"18 yaşa kimi çənə sümüyü tam formalaşmadığı üçün implant qoyulmur. Pasiyentin bioloji yaşı ən az 18 olmalıdır. Bu rentgen vasitəsilə müəyyən edilir. Əldə olan qığırdaqların  yetişib-yetişmədiyinə baxılır. Əl falanqasının arasındakı qığırdaqlar tam sümükləşməlidir. 70 yaşa kimi implant qoyula bilər. İmplant qoyulan hər kəs 6 aydan bir həkim nəzarəti ilə rentgen müayinəsi olunmalıdır", - deyə stomatoloq vurğulayıb.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib  

13:11
22 Noyabr

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq  

13:10
22 Noyabr

COP29 Malayziya mətbuatında  

13:09
22 Noyabr

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

10:41
22 Noyabr

Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı

10:37
22 Noyabr

Sərhəd Qoşunlarının komandanı azad olunan ərazilərdə dövlət sərhədinin mühafizəsi istiqamətində görülən işlərdən danışıb  

10:22
22 Noyabr

DSX rəisinin müavini: Bu il dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi dəyəri 13 milyon 174 min manat təşkil edib  

10:05
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!