Təkzibedilməz faktlar üzə çıxarılır və sənədlər hazır olan kimi Tramp administrasiyasına təqdim ediləcək
"Bu ilin yanvarına qədər ABŞ-də hakimiyyətdə olmuş demokratlar iqtidarı Qafqaz siyasətini birmənalı şəkildə bölgədə ayırıcı xətlər çəkmək, Azərbaycanı təcrid etmək, ölkəmizə qarşı ayrı-seçkilik etmək, ölkəmiz haqqında şayiələr yaymaq cəhdləri üzərində qurmuşdu. ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda möhtərəm Prezidentin də ifadə etdiyi kimi, "Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı. Onların "Washington Post", "New York Times", "Politico" və sair kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın "feyk xəbərlər" adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi saxladı".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bizim üçün sirr deyildi ki, bu tip məqalələrin mənbəyi Dövlət Departamentidir. Eyni situasiya USAID-lə bağlı da qüvvədə idi. Daha doğrusu, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi Soros iqtidarının əsas alətlərindən birinə çevrilmişdi. Ötən əsrin ortalarında Marşal planı çərçivəsində yaradılmış, əslində, uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlməli olan ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiya, humanitar yardıma dəstək adı altında dövlətlərin asılılıq altına salınması istiqamətində çoxsaylı proqramlar reallaşdırıb. Açıq Cəmiyyət İnstitutunun yetirməsi olan və Sorosun dəstəyi ilə karyera qurmuş Samanta Pauerin USAID-ə rəhbər təyin olunması isə təsisatın fəaliyyətini daha da radikallaşdırmış, xüsusən islam və türk dünyasına, ələlxüsus Azərbaycana münasibətdə hücumlar intensivləşmişdi. Vətən müharibəsi və antiterror tədbirləri dövründə isə USAID açıq formada tərəf kimi davranmışdır.
Deputat qeyd edib ki, antiterror tədbirlərinin ardınca Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən yaxalanan separatçı rejimin keçmiş "lider"lərinin istintaqa verdiyi ifadələr USAID-in həm də korrupsiyalaşmış mexanizmə çevrilməsi reallığını meydana çıxarır: "Təsadüfi deyil ki, separatçı "lider"lərin saxlanmasının ardınca Samanta Pauer böyük həyəcanla Ermənistana səfər etmiş və Azərbaycan-Ermənistan şərti sərhədində jurnalistlərə müsahibəsində Azərbaycanı açıq şəkildə ittiham etmiş, Ermənistanın isə işğal və təcavüz siyasətini müdafiə etmişdi. Ötən dövr ərzində ABŞ Dövlət Departamentindən aldığı tezislər əsasında USAID imkanlarını səfərbər edərək, beynəlxalq ictimai rəydə ölkəmiz əleyhinə qərəzli fon formalaşdırması, həmçinin Azərbaycan daxilində süni qarşıdurma yaradılması istiqamətində çoxşaxəli fəaliyyətlərə start verib. USAID-in Ermənistana 5 illik yardım paketini 2 dəfə artırması da məhz bu çərçivədə qiymətləndirilməli idi".
B.Məhərrəmov bildirib ki, xüsusən son 5 ildə Bayden-Blinken administrasiyasının regionda sabit, təhlükəsiz mühitin qurulmasını arzulamadığı və Beynəlxalq İnkişaf Agentliyinin də bu prosesdə ənənəvi olaraq mexanizm kimi çıxış etməsi açıq-aydın görünüb. Lakin ozamankı Vaşinqton administrasiyasının yanlış hesabladığı bir məqam var idi ki, Azərbaycanı digər coğrafiyalarla eyniləşdirmək olmaz. Cənab İlham Əliyev hələ 15 il öncədən bölgədə artıq elə bir reallıq yaratmağa başlamışdı ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin proseslərə hər hansı formada köklü təsir etmək imkanı minimuma enmişdi. Xüsusən Gürcüstan, Ermənistan, Ukrayna kimi dövlətlərdən fərqli olaraq 2010-cu ildən etibarən Azərbaycan vətəndaş cəmiyyəti institutlarında həyata keçirilən şəffaflaşma və sağlamlaşma fonunda bu təxribatçı təsisatın da, digər Soros törəmələrinin də Azərbaycan cəmiyyətinə təsirini mümkünsüz etmişdi. Bu baxımdan, ötən dövr ərzində USAID daha çox gücü Ermənistan daxilində fəaliyyətə, o cümlədən bu ölkəyə Azərbaycan əleyhinə təcavüzkar məqsədlərin dəstəklənməsi üçün əlavə yardımlar ayrılmasına yönəltmişdi. Bu məqamda ortaya başqa bir sual çıxırdı: Sorosun təlimatları ilə davranan Bayden-Blinken cütlüyü, o cümlədən USAID-nin təxribatçı cəhdləri ABŞ-yə dünyada, həmçinin Cənubi Qafqazda hansısa üstünlük qazandıra bildimi? Əminliklə deyə bilərik ki, ən azı Cənubi Qafqazda məğlub dövlətə "siyasi yatırım" etməklə Vaşinqton ciddi nüfuz itkisinə məruz qalmış, Azərbaycanla münasibətləri faktiki sıfırlamaqla milli maraqlarını Soros maraqlarının kölgəsinə keçirmiş olmuşdu.
Deputat vurğulayıb ki, Bayden iqtidarı məsələni görməzdən gəlməyə, hətta daha irəli getməyə çalışsa da, Trampın hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişib, proseslərə daha sağlam baxış bucağı müşahidə olunmağa başlayıb: "Prinsipial siyasətçi olaraq Tramp Vaşinqtonun fayda əmsalını doğru qiymətləndirməyi bacararaq artıq soyuq müharibə qaydaları ilə oynamağın kimsəyə fayda verməyəcəyini və "Azadlıq radiosu", "Amerikanın səsi" kimi xaç yürüşü alətlərinə çevrilmiş muzdlu media alətlərinin əlavə yükə çevrildiyini dərk etdi. Bu isə, əslində, Azərbaycanın və cənab İlham Əliyevin illərdir irəli sürdüyü tezis və əsaslandığı arqumentlərin özünü doğrultması, daha doğrusu, Vaşinqtonun bu reallıqları qəbul etməsi demək idi. Hazırda ABŞ-də bu istiqamətdə başlanan araşdırmalar, cənab Trampın bu sahədə qəti mövqeyi fonunda Azərbaycanın da bu prosesə öz araşdırmaları ilə yardım etməsi ümumbəşəri dəyərlərə töhfə kimi qiymətləndirilməlidir. Çünki USAID uzun illərdir beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplərə, beləliklə, ümumbəşəri dəyərlərə zidd davranışlar sərgiləyib. Prezident İlham Əliyevin ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda ifadə etdiyi kimi, Azərbaycanın Baş Prokurorluğu USAID-in qanunsuz fəaliyyətini araşdırır, anti-Azərbaycan fəaliyyətinin miqyasını, hökumətimizə xələl gətirmək, daxili işlərimizə müdaxilə etmək və qarışmaq səyləri ilə bağlı təkzibedilməz faktlar üzə çıxarılır və sənədlər hazır olan kimi Tramp administrasiyasına təqdim ediləcək. Heç şübhəsiz ki, bu, korrupsiyaya uğramış USAID və onun korrupsiyalaşmış rəhbərləri barəsində ciddi tədbirlər görülməsi üçün önəmli, bəlkə də, ən effektiv və köklü dəlillərdən biri kimi çıxış edəcək".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"