10 Dekabr 2023 09:00
16926
SİYASƏT
A- A+

Ümummilli etimad ünvanı

 

Xalqın seçimi, mövqeyi, rəyi dəyişməzdir

 

İkinci Qarabağ müharibəsində qazanılan Zəfər, daha sonra keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarımızdan separatizmin kökünün kəsilməsi, ölkənin bütün əraziləri üzərində suveren hüquqlarımızın tam bərpa edilməsi Cənubi Qafqaz regionu ilə yanaşı, Azərbaycandakı reallıqları da dəyişdi.
Bu reallıqlar xalqımızın və dövlətimizin qarşısında yeni üfüqlər açdı və Azərbaycan Cənubi Qafqaz regionunda yeni dövrə qədəm qoydu. Suverenliyimiz təmin edildi, ərazimiz bütövləşdi. Əlbəttə ki, bütün bunlar ölkəmizdə həm də yeni  siyasi başlanğıc zərurətini ortaya çıxardı. 
İlham Əliyevin sərəncamı ilə gələn il fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə bağlı qərar da məhz bu zərurətdən irəli gəldi. 
2018-ci ildə ölkə Prezidenti seçildikdən sonra İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problem - ölkəmizin ərazi bütövlüyünün bərpası prosesinin tamamlanması mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı, 2023-cü il sentyabrın 20-də lokal xarakterli antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin  tam bərpası prosesini tamamladı. 
İndi müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
Azərbaycanda indiyədək 8 prezident, 6 parlament, 5 bələdiyyə seçkiləri keçirilib. Növbəti seçkilər isə sayca doqquzuncu olacaq. 7 fevral 2024-cü ildə keçiriləcək 9-cu prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar. Zəfər seçkiləri 2018-2019-cu illərdəki kimi, hakimiyyətin bütün qollarında aparılan kadr və struktur dəyişikliklərinin, gələcəkdə parlament, məhkəmə və bələdiyyə institutlarının da xalqın səsi ilə formalaşmasının əsas təminatçısı olacaq.
Siyasi ekspertlər hesab edirlər ki, qlobal sarsıntılar və təhlükələr dövründə prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin edilməsi Vətən müharibəsində Azərbaycana məğlub olan qüvvələrin xarici müdaxilə və planlarından ölkəmizi qorumaq üçündür. Seçkilərin vaxtının irəli çəkilməsi üçüncü dövlətlərin planlarının pozulması və erməni təxribatlarına cavab olaraq sentyabrın 27-də verilən qərarla eyni mənaya malikdir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti prezident seçkilərinin keçirilməsi ilə növbədənkənar prezident seçkilərinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir. Növbəti seçkilər bəzi hallarda (misal üçün hərbi və fövqəladə vəziyyətlərdə) təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər.
Seçki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən, bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir.
Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir.
Ümumiyyətlə, fevralın 7-nə təyin edilmiş prezident seçkiləri müasir Azərbaycanın tarixində əvvəlki seçkilərdən mahiyyətinə və məzmununa görə çox fərqlidir. Bu hadisə müstəqil və suveren dövlətçilik prinsiplərinin məntiqinə və fəlsəfəsinə tam uyğundur. Əlbəttə ki, əvvəlki hər bir seçkinin müstəqilik tariximizdə öz önəmi var. Hər seçki ilə, xüsusilə son 25-30 ildə dövlətimizin inkişafında yeni mərhələnin və səhifənin açıldığı mübahisəsizdir. Bu seçkilər Azərbaycanın tam yeni bir sima ilə qatılacağı və özünü dünyaya yeni imiclə nümayiş etdirəcəyi hadisə olacaq. 
Bütövlükdə isə seçki dövlət hakimiyyəti orqanlarının Azərbaycan vətəndaşları tərəfindən formalaşdırılması üçün yeganə legitim vasitə olmaqla yanaşı, həm də yeni başlanğıclara körpü salan stimulverici amildir. Prezident seçkiləri həm də milli iradənin təntənəsi, Azərbaycan xalqının vahid mövqeyinin və gələcəyə baxış bucağının ifadəsi üçün vasitədir. Bu seçkilərin çağdaş Azərbaycanın tarixində mühüm rol oynayacağına, qarşıda dayanan milli hədəflərimizə çatmaq üçün yeni bir başlanğıca çevriləcəyinə şübhə yoxdur. 
Bu gün dünyanın əksər siyasi dairələri, hətta tanınmış dövlət xadimləri, ölkə rəhbərləri İlham Əliyevin yürütdüyü tam müstəqil xarici siyasətə olan heyranlıqlarını açıq şəkildə etiraf edirlər. Çünki bu gün qloballaşan dünyanın geosiyasi arenasında İlham Əliyev sözü imzası qədər keçərli olan liderlərdən biridir. Nəyi nə zaman etdiyini doğru bilən Azərbaycan Prezidenti məhz bu siyasətinə görə ən etibarlı tərəfdaş statusuna da sahiblənib. Bunu əlbəttə ki, Azərbaycan xalqı görür və öz lideri ilə qürur duyur, onun siyasətinə hər zaman dəstək verir. 
İlham Əliyevin yaratdığı tarixinin ən qüdrətli Azərbaycanının hər bir vətəndaşı yaxşı bilir ki, ölkəmizin ərazi bütövlüyünü tam bərpa etməsi, suverenliyimizin təmin olunması bizi istəməyən qüvvələri 3 ildir ki, ciddi narahat etməkdədir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycana hansısa formada təzyiq etsinlər, ara qarışdırsınlar və regionda yaranmış sülh şəraitini pozsunlar. Amma üzaqgörən siyasəti ilə hər zaman doğru qərarlar qəbul edən İlham Əliyev heç zaman imkan verməz ki, yaranmış yeni reallıqlara kimsə müdaxilə etsin, bölgədə yeni münaqişə ocağı yaratmağa cəhd etsin.   
Bir sözlə, Vətən müharibəsində qazanılan Zəfər, xalqın İlham Əliyevə etdiyi alqış dövlət başçısına olan ümummilli etimadın real göstəricisi idi. Fevralın 7-də bu hadisənin şahidi olacağıq - xalqın mövqeyi də, rəyi də, seçimi də dəyişməzdir!

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video