14 Iyul 2024 09:15
706
Təhsil
A- A+

Ulu Öndər Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı göstərmişdir 

 

Dünyaşöhrətli siyasətçi Heydər Əliyevin 14 iyul 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda elm və təhsilin inkişafında ciddi dönüş yarandı. Respublikada bu sahədə dövrün tələblərinə cavab verən baza formalaşdırıldı. Bununla orta və peşə, habelə ali və hərbi təhsilin inkişafı yüksək səviyyəyə yetişdi.
Azərbaycanda tam orta təhsil bazasına keçilməsi, gənclərin ixtisas hazırlığına diqqət və qayğının artırılması məqsədilə 1972-ci ildə Heydər Əliyev tərəfindən "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında"  xüsusi qərar qəbul edildi. Bir il sonra 1973-cü ildə Ulu Öndər gələcək nəslin təhsilində ardıcıllıq və fasiləsizliyi təmin etmək məqsədilə "Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında" qərar imzaladı. Respublikada yeni məktəblərin tikintisinə, mövcud təhsil ocaqlarının maddi-texniki bazasının dövrün tələblərinə cavab verəcək şəkildə qurulmasına başlanıldı. 
1979-cu ildə Azərbaycanda orta məktəblər şəbəkəsi 1965-ci ilə nisbətən bir neçə dəfə artaraq 765-dən 2117-yə yüksəldi, eyni zamanda 1145 ibtidai məktəb isə orta məktəbə çevrildi. 1969-1975-ci illər ərzində isə Azərbaycanda 1000-dən çox təhsil ocağının maddi-texniki bazası yenidən quruldu. Bu illərdə kənd məktəblərinin tikintisinə də önəm verildi, Azərbaycanın müxtəlif bölgələrində onlarla məktəb  inşa edildi. İnternat məktəblərinin tikintisi və yenidən qurulması böyük vüsət aldı. 
1982-ci ildə Azərbaycanda ümumilikdə 4267 ümumtəhsil məktəbi fəaliyyət göstərirdi. Yenidənqurma ilə bərabər şagirdlərin müvəffəqiyyət göstəricilərinin artması üçün də uğurlu işlər aparıldı. Əgər 1969-cu ildə şagirdlərin orta məktəbləri bitirmə göstəriciləri 73,3 faiz idisə, on il sonra göstərici 89,6 faizə çatdırıldı. Təhsilin əlçatanlığının yüksəldilməsi üçün Ulu Öndərin təşəbbüsü ilə 1978-ci ildən başlayaraq "Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadəsinə keçmək haqqında" qərarı icra olunmağa başlandı. Ekspertlərin fikrincə, bu, orta məktəblərdə əhalinin istənilən təbəqəsi üçün təhsilin əlçatan olmasını mümkün etdi. Geniş məktəblər şəbəkəsinin yaradılması sayəsində təhsil alan şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 min nəfərə çatdı. 
Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə  ümumtəhsil məktəblərinin elmi-pedaqoji potensialının artırılması üçün də əlindən gələni etmişdir. Ulu Öndərin yorulmaz fəaliyyətinin nəticəsi olaraq Azərbaycan məktəblərinin fizika-kimya kabinələri ilə təchizatı 92 faizə yüksəlmişdir. 1978-ci ildə orta məktəblərdə çalışan 108 mindən çox müəllimdən 65,3 faizi ali təhsilli idi. Halbuki 1970-ci ildə bu göstərici 51,7 faiz idi.  
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dönəmdə ali təhsilin inkişafına da böyük töhfələri olmuşdur. 1970-1980-ci illərdə Azərbaycanda ali təhsil müəssisələrinin sayı 1969-cu ildəki 12-dən 17-yə çatdırılmış, təhsil alanların sayı  70 mindən 100 minə yüksəlmişdir. Bu illərdə fəaliyyət göstərən orta ixtisas məktəblərinin (texnikumların) sayı 78-ə yüksəlmişdir. XX əsrin 70-ci illərinin sonlarına doğru Azərbaycanın orta ixtisas məktəblərində təhsil alanların sayı 80 mindən artıq idi. 1982-ci ildə respublikada fəaliyyət göstərən 17 ali təhsil müəssisəsində 136 fakültə, 530 kafedra var idi. Halbuki 1969-cu ildə Azərbaycandakı ali təhsil müəssisələrində ümumilikdə 100-dən bir az çox fakültə, 450 kafedra fəaliyyət göstərirdi. 
Heydər Əliyevin şəxsi təşəbbüsləri sayəsində XX əsrin 70-80-ci illərində respublikadan kənarda 250-dən çox ixtisas üzrə 16 minə yaxın azərbaycanlının təhsil alması mümkün olmuşdur ki, bunların da yarısından çoxu hazırda Azərbaycanın ictimai-iqtisadi həyatına öz töhfələrini verməkdədirlər.  
1993-cü ildə Azərbaycanda hakimiyyətə yenidən qayıtdıqdan sonra da "Təhsil millətin gələcəyidir" deyən dünyaşöhrətli siyasətçi ölkəmizdə elm və təhsilin inkişafını daim diqqət mərkəzində saxlamışdır.
1994-cü ildən başlayaraq Azərbaycanın orta təhsil sahəsində də böyük irəliləyişlər əldə edildi. Bu da özünü özəl məktəblərin, liseylərin, eyni zamanda müxtəlif ixtisaslar üzrə kursların açılmasında, yeni məktəblərin inşa edilməsində göstərdi. Türkiyə Respublikasının təşəbbüsü ilə Azərbaycanda liseylər şəbəkəsi yaradıldı. 1994-2000-ci illərdə ölkəmizdə 12 özəl türk liseyi fəaliyyət göstərirdi. 
Heydər Əliyevin 1998-ci il 30 mart tarixli "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət komissiyası haqqında" sərəncamına əsasən təhsilin inkişaf konsepsiyası ictimaiyyətin geniş müzakirəsinə verildi. 1999-cu il iyunun 15-də "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" dövlət tərəfindən təsdiq edildi. İslahatlar konsepsiyası Azərbaycanda təhsilin inkişafında mühüm imkanlar yaratdı. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda 1993-2000-ci illərdə 8 yeni ali təhsil müəssisəsi açıldı.
2000-ci il iyun ayında Ümummilli Lider Heydər Əliyev təhsil müəssisələrinin yenidən qurulmasını sürətləndirmək, eyni zamanda onların maddi-texniki təchizatını gücləndirmək məqsədi ilə "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" yeni sərəncam imzaladı. Sərəncamın həyata keçirilməsi sayəsində respublikanın təhsil müəssisələrinin yenidən qurulması ilə bərabər, təhsilimizin dünyanın qabaqcıl təhsil sisteminə inteqrasiyası sahəsində də böyük işlər görüldü. Günün tələblərinə uyğun keyfiyyətli kadrların hazırlanması üçün Azərbaycan Müəllimlər İnstitutu yaradıldı. 
"Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir" deyən Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı göstərmişdir.

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video