24 Iyul 2024 09:26
309
İQTİSADİYYAT
A- A+

Turistlərin sayının artdığını təyyarə reyslərinin sayı da təsdiqləyir

 

Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra ölkədə hava nəqliyyatının inkişafı istiqamətində böyük işlər görülmüşdür. Beynəlxalq statusa malik hava limanlarının tikilməsi dəstəklənmiş, Bakıda yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, Naxçıvan, Gəncə, Qəbələ, Lənkəran və Zaqatala hava limanlarında da aviadaşıyıcılar üçün hər cür şərait yaradılmışdır.

Hazırda ölkədə beynəlxalq statusa malik 8 hava limanı fəaliyyət göstərir. Respublikanın bütün beynəlxalq hava limanları 3-cü dərəcə də daxil olmaqla ICAO kateqoriyalarına malikdir. Xüsusən də Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə nəinki Azərbaycanın, bütöv bölgənin ən böyük aeroportudur. Burada 10 ildən çoxdur yeni terminal fəaliyyət göstərir. Ümumi sahəsi 53 min kvadratmetr olan yeni terminal ildə 3 milyon sərnişinə xidmət edə bilir. Dövlət rəhbərliyinin hava nəqliyyatına qayğısı sayəsində "Azərbaycan Hava Yolları" şirkəti Bakıdan Nyu Yorka müntəzəm transatlantik uçuşlar yerinə yetirən müasir "Boeing 787-8 Dreamliner", "Airbus A340-500" uzaqmagistrallı sərnişin təyyarələrinə sahibdir.

Son 20 ildə ölkədə 10-a yaxın yeni aeroport tikilib, yaxud yenidən qurulub. Ümumiyyətlə, hava nəqliyyatı sahəsində də regionun lider dövlətiyik.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qısa zamanda iki beynəlxalq hava limanının istifadəyə verilməsi və üçüncüsünün tikintisi bütün dünyanı heyrətə gətirən göstəricidir. Belə ki, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi heç bir il də çəkmədi. 2021-ci il oktyabrın 26-da açılışı olan, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədədir, istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Müasir infra-strukturla təchiz olunan terminal saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Zəngilan aeroportu Qarabağ və Şərqi Zəngəzurun mühüm nəqliyyat qovşağı olacağını şərtləndirən əsas obyektlərdəndir, bölgənin beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsini dəstəkləyir.

Azərbaycan Respublikasının Cənubi Qafqazın lider dövlətinə çevrilməsi, artan siyasi nüfuzu zəminində sivil dünya ilə sıx əlaqələri, daxildəki ictimai-siyasi sabitlik, eləcə də postmünaqişə və postpandemiya dövründə turizm sektorunun sürətli inkişafı hava nəqliyyatının fəaliyyətinə, uçuşların sayının artmasına növbəti təkan verib. Dövlət Turizm Agentliyindən bildirilib ki, cari ilin yanvar-iyun aylarında Azərbaycana 12 285 aviareys təşkil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz çoxdur. Həmin müddətdə ölkəmizə ən çox Rusiyadan uçuş qeydə alınıb - 3 623 reys. Təkcə iyunda Azərbaycana 2 467 aviareys təşkil edilib. Hesabat dövründə Rusiyadan sonra ən çox Türkiyədən aviareys təşkil edilib. Qardaş ölkədən 2 602 uçuş olub. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 1 522 reyslə daxildir.

Cari ilin birinci yarısında sinxron şəkildə Azərbaycandan da uçuşların sayı çoxalaraq 12 255 aviareysə çatıb (ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz şox). Ən çox reys şimal qonşumuza (3624 reys) təşkil olunub. Yalnız iyun ayında ölkəmizdən 2477 aviareys reallaşıb ki, bu da bir il əvvələ nisbətən 24,4 faiz çoxdur. 6 ayın statistikasına görə də Rusiyadan sonra ən çox Türkiyəyə uçuşlar keçirilib. Yenə də üçüncü pillədə 1 522 reyslə Birləşmiş Ərəb Əmirlikləri dayanır.

2024-cü ilin altı ayı ərzində Azərbaycana hava nəqliyyatı ilə 1 milyon 568 min 622 nəfər sərnişin daşınıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz çoxdur. 442 min 964 sərnişin daşınmaqla Rusiya ilk yeri tutub. Türkiyədən daşınan sərnişinlərin sayı isə 368 min 427 nəfərdir. BƏƏ 215 min 537 sərnişinlə yenə də ilk üçlükdədir.

Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video