Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə və indinin özündə cəlilabadlılar hər zaman dövlətdən kömək, dəstək görüblər. Onlar isə bunun qarşısında heç vaxt borclu qalmayıblar. Həmişə öz işləri ilə fərqləniblər, aqrar sektorun inkişafı üçün əllərindən gələni əsirgəməyiblər.
1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən torpaq islahatının həyata keçirilməsi, torpaqların əsl sahiblərinə təmənnasız verilməsi Cəlilabad kəndlisinin də qarşısında geniş imkanlar açdı. Heç kim iş dalınca yaxın-uzaq şəhərlərə üz tutmadı, kəndində qalıb çörəyini payına düşən torpaqdan çıxarmağı üstün tutdu. Bilirdi ki, üstündə yaşadığı bu bərəkətli torpaq taxıl və üzümlə yanaşı, digər məhsulları da yetişdirməyə qadirdir, sadəcə, sovetlər zamanı bunu etmək mümkün deyildi, nəyi nə qədər əkmək haqqında göstəriş şəhərdən gəlirdi. Kartof, mərci, lərgə, sarımsaq, qarğıdalı və s. digər məhsulları adamlar yalnız öz həyətyanı sahələrində əkə bilərdilər.
Torpağın onu becərənlərin - sahiblərinin ixtiyarına verilməsi kəndliyə istədiyi məhsulu yetişdirmək imkanı verdi. Ayrı-ayrı fermerlər daha çevik tərpənərək ilk addımlarını atdılar. İlk növbədə kartofçuluqla məşğul olmağı qərara aldılar. Rusiya Federasiyasından məhsuldar toxumlar gətirib əkdilər. Sahənin üstünə elektrik xətti çəkdilər, subartezian quyular qazdılar. Zəhmətləri bəhrəsini verdi. Yetişdirdikləri məhsul onlara yaxşı gəlir gətirdi. Beləliklə, rayonda kartofçuluq inkişaf etməyə başladı. Bu gün rayonda istehsal olunan kartof daxili bazarla yanaşı, Rusiya, Ukrayna, Belarusa da göndərilir. Zaman keçdikcə bu işdə üstünlüklər əldə olunur. Fermerlər daha tez kartof yetişdirmək üçün sellofan örtüklər altında becərmə üsulunu tətbiq edirlər. Açıq sahədə əkilən kartofdan təxminən 20-25 gün tezyetişən həmin nübar məhsul baha qiymətə satıldığından fermerlərə daha yaxşı qazanc gətirir.
Hazırda Cəlilabadda bir il ərzində 3 dəfə kartof yetişdirilir. Yazın əvvəlində sellofan altında, yazda açıq havada və payızda. Sellofanaltı və açıq havada yetişdirilən kartofun yığımı, demək olar ki, başa çatıb. 3 min 345 hektar sahədən 82 min 120 ton məhsul əldə olunub. Bu da hər hektardan orta hesabla 245,5 sentner məhsul deməkdir. Bəzi fermerlər isə daha çox - hər hektardan 320 sentner məhsul əldə ediblər.
Cəlilabadlı fermerlərin işə yaxından bağlılığı, deyərdik ki, yaradıcı münasibəti nəticəsində rayonun bir neçə ərazisində çiyələk əkib-becərməyin əlverişli olduğu müəyyən edilib. Torpaq mülkiyyətçiləri qardaş Türkiyəyə gedib çiyələyin əkilib-becərilməsi texnologiyasını öyrəniblər. Sonra çiyələk şitilləri gətiriblər. Bol məhsul, yaxşı gəlir əldə ediblər. Beləliklə, çiyələkçilik də rayonda bu gün geniş yayılan sahələrdəndir. İndi cəlilabadlı fermerlər ABŞ, İtaliya və digər ölkələrdən daha keyfiyyətli və məhsuldar şitillər gətirib əkirlər. Artıq çiyələk də açıq sahədən əlavə, sellofan altında yetişdirilir. Nübar çiyələk fermerlərə daha yaxşı gəlir gətirir.
Rayonun Göytəpə şəhərində fermer Mirağa Həsənov istixana üsulu ilə ilboyu çiyələk yetişdirir. Deyir ki, bu, maraqlı və zövqverici bir işdir. Ona görə də hər gün 20-25 manat əməkhaqqı almaq şərtilə qonşu rayonlardan da bu sahədə işləməyə meyil göstərən işçilər çoxdur. Fermerin sözlərinə görə, çiyələyin yetişdirilməsində mühüm şərtlərdən biri onun su ilə təminatıdır. Ona görə də fermerlər, sahibkarlar şəxsi vəsaitləri hesabına sahələrə elektrik xətti çəkərək subartezian quyuları qazdırıb çiyələk kollarını damcı üsulu ilə suvarırlar. Bununla onlar problemlərini birdəfəlik həll etmiş olurlar. Hazırda rayonda işlək 11 soyuducu anbar var. Yığılan məhsul bu anbarlarda müəyyən vaxt ərzində soyudularaq xarici bazarlara daşınır. Məhsul da boldur. Rayondakı 940 hektar çiyələk sahəsindən indiyədək 28 min 220 ton çiyələk dərilib və həmin məhsulun 23 min 362 tonu Rusiya, Ukrayna, Belarus və Qazaxıstana ixrac edilib.
Taxıl rayonda ənənəvi bitki, Cəlilabadın şöhrət tacıdır. Müəyyən dönəmlərdə, məsələn, Böyük Vətən müharibəsi zamanı buranın buğdası nəinki Cəlilabadın, hətta qonşu rayonların əhalisini aclıqdan xilas edib. Keçən əsrin 70-ci illərində yüksək məhsul yetişdirən neçə-neçə cəlilabadlı taxılçı o dövrün ən yüksək mükafatlarına layiq görülüb. Ənənə bu gün də davam edir.
Keçən ilin payızında rayon üzrə 16 min 307 hektara arpa, 50 min 694 hektara buğda toxumu səpilib. Fermerlərin əkin sahələrinə qulluğu, lazımi aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, yemləmə gübrəsinin verilməsi, ziyanvericilərə və alaq otlarına qarşı mübarizə tədbirlərinin görülməsi və yağıntıların çox olması bol məhsulun yetişməsinə səbəb olub. Bu gün sahələrdə 90 kombayn işləyir. Bir neçə gün əvvələcən 9 min 135 hektarın arpası, 2 min 225 hektarın buğdası biçilib. Arpada məhsuldarlıq orta hesabla 35,8 sentner (keçən ildəkindən 4,3 sentner artıq), buğdada 45,6 sentner (keçən ildəkindən 10 sentner çox) olub. Kombaynlar hər gün 900-1000 hektar zəminin taxılını biçir.
Əldə olunan uğurlarda dövlət dəstəyinin xüsusi çəkisi var. Qeyd etmək yerinə düşər ki, 2025-ci ildə cəlilabadlı fermerlərə 12,3 milyon manatdan çox subsidiya verilib. Torpaq mülkiyyətçilərinin toxum, mineral gübrə, kənd təsərrüfatı texnikası və digər vasitələrlə təminatında heç bir çətinlik yoxdur. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artmaqdadır.
Amma ölkədə, o cümlədən Cəlilabadda aqrar sahə üzrə görülən işlər ölkənin ərzaq təhlükəsizliyinin tam təmin olunması üçün kifayət etmir. Elə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026 - 2030-cu illər üçün Dövlət Proqramı"nın qəbul edilməsi də bu zərurətdən doğub. Yeni proqram ölkəmizdə ərzaq təhlükəsizliyinin tam təmin edilməsi, kənd əhalisinin məşğulluğunun genişləndirilməsi ilə bərabər, kənd təsərrüfatı məhsullarının, xüsusən ət, yağ, habelə digər zəruri ərzaq məhsullarının idxalını minimuma endirmək, ixracı isə genişləndirməyi nəzərdə tutur.
Bu gün Cəlilabada yolu düşənlər taxıl zəmilərində, üzüm bağlarında, çiyələk sahələrində - bir sözlə, hər yerdə qızğın iş getdiyinin şahidi olurlar. Bir tərəfdə kartofu yığılan sahələr şumlanıb yerinə qarğıdalı əkilr, bir tərəfdə biçilən zəmilər yenidən şumlanır, digər tərəfdə çiyələk toplanır. Bütün bunlar isə sonda ərzaq bolluğu deməkdir.
Seyran CAVADOV,
"Azərbaycan"