Rayon ərazisində aparılan yenidənqurma və yaşıllaşdırma işləri COP29 ərəfəsi daha da sürətlənib
BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) az vaxt qalıb. Ölkəmizdə keçirilən bu möhtəşəm tədbirə hazırlıq işləri isə özünün son mərhələsinə qədəm qoyub.
2024-cü il ölkəmizdə həm də "Yaşıl dünya naminə həmrəylik ili" kimi əlamətdardır. Əslində, COP29 və "yaşıl dünya" naminə həmrəylik bir-birindən ayrılmaz anlayışlardır, məntiqcə bir-birinin davamıdır. Bu çərçivədə keçirilən tədbirlər, o cümlədən ölkəmizin bütün regionlarında aparılan abadlıq və yaşıllaşdırma işləri bunu təsdiqləyir. Abşeron rayonu da təbii olaraq bu mühüm kampaniyadan kənarda qalmır.
Rayon rəhbərliyinin, idarə və müəssisələrin kollektivlərinin, Abşeron RİH könüllülərinin, şəhid ailələrinin, müharibə iştirakçılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri "yaşıl aksiya"lar ilk növbədə rayon ərazisindən keçən magistral yolların kənarlarını əhatə edir. Oktyabrın 18-dən başlanan aksiyada ümumilikdə 16500 ağac və həmişəyaşıl gül kolu əkilib. Əkilən ağaclara lazımi aqrotexniki qulluq göstərilib, həmin sahələrə suvarma şəbəkəsi çəkilib.
Xırdalan şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında da abadlıq tədbirləri həyata keçirilib. Parkın ərazisində 2000 kvadratmetrə yaxın sahədə çəmənlik salınıb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Bundan əlavə, parkda ümumi iməcilik keçirilib, ərazi alaq otlarından təmizlənib. Bütün bunların sayəsində yarımsəhra ərazi hesab olunan Abşeron rayonunun bütün kənd və qəsəbələri yeni görkəm alıb.
Amma bir iş də var ki, təmizlik və abadlıq yoxdursa, yaşıllığın heç bir faydası olmaz. Yaşıllıq nə qədər gözəllik gətirsə də, ətrafa təmiz hava bəxş etsə də, səliqə-sahman, abadlıq bir başqadır. Odur ki, rayonda bu məsələlər diqqət mərkəzindədir. Abadlıq və Kommunal Xidmətlər İdarəsinin işçiləri daim küçə və parklarda ümumi səliqə-sahmanın olmasına çalışır, eyni zamanda yaşıllıqlara qulluq edirlər. Saray, Mehdiabad, Masazır, Novxanı, digər kənd və qəsəbələrdə yolların kənarlarına əkilmiş ağacların boy atıb böyüməsində onların da əməyi az deyil.
Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində əsaslı təmir işlərinin aparılması sayəsində həm ərazi abadlaşıb, həm də sürücülər, sərnişinlər, piyadalar rahatlığa çıxıblar. Masazır, Saray, Ceyranbatan və yaxınlıqda yerləşən yaşayış massivlərində isə ticarət obyektləri təmir edilir. Təmirdən sonra onlar yol kənarında salınan yaşıllıq zolaqları ilə birlikdə əraziyə ayrı görkəm verəcək. Yeri gəlmişkən, ərazidəki bir çox reklam lövhəsi də yenilənir, yolların işıqlandırılması sistemi dəyişdirilir.
Həmişə qonaqlarını günəşinin hərarəti ilə qarşılayan "qızıl qumlu" Abşeron indi onları həm də yaşıllıqları ilə heyrətləndirəcək, gülü-çiçəyi ilə salamlayacaq. Başqa sözlə, abşeronlular da COP29-un qonaqlarını layiqincə qarşılayacaqlar.
A.ƏLİYEV,
"Azərbaycan"