"Biz bu sərvəti... cəmiyyətə yönəltmişik, inklüziv cəmiyyət qura bilmişik"
Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqları dünyanın ən böyük və zəngin karbohidrogen mənbələri sırasına daxildir. Nəhəng "Şahdəniz" qaz-kondensat yatağının iki mərhələdə işlənməsi bunu aydın göstərir. "Azəri"nin qoynundakı mərkəzi, qərbi və şərqi hissələrin isə hərəsi ayrılıqda sanballı bir neft yatağıdır. "Günəşli" də böyükdür. Dayazsulu və dərinsulu "Günəşli"miz var.
Məlum olduğu kimi, bu gün dünyanın müxtəlif guşələrində bəzi dairələr neftlə və qazla zəngin ölkələrin üstünə az qala "hücum çəkirlər" ki, atmosferi çirkləndirir, ekologiyanı korlayırsınız. Azərbaycan da karbohidrogen ehtiyatları hasil və ixrac edən ölkə olduğundan Prezident İlham Əliyev bir sıra mötəbər tədbirlərdə həmin dairələrə tutarlı cavab verib. "Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir", deyib.
Bu il aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış edərkən dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu, Tanrıdan verilən vəsilədir. Biz həmin ehtiyatların ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, "yaşıl gündəlik"lə bağlı tutduğumuz hədəflərə yönəldilməsinə görə dəyərləndirilməliyik. Prezidentimiz iyunun 4-də Bakı Enerji Həftəsinin açılış mərasimində də vurğulayıb ki, bunu bizə Allah yetirib. Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, inklüziv cəmiyyət qura bilmişik.
Lakin taleyin bu səxavətli bəxşişini torpağın təkindən, dənizin dibindən üzə çıxarmaq asan məsələ deyil. Bu missiyanı isə Azərbaycan neftçisi hünərlə və fədakarlıqla yerinə yetirir. Əlbəttə ki, dövlət onun işinə böyük dəstək və əməyinə yüksək dəyər verir. Prezidentimiz bunu belə vurğulayır: "Neftçi Azərbaycanda çox şərəfli və hörmətli peşədir, həmişə belə olub, bu gün də belədir. Mən Azərbaycan neftçilərinin Azərbaycanın ümumi inkişafında rolunu çox yüksək qiymətləndirirəm."
"Günəşli"nin tarixinə nəzər salsaq, deyilənlərin əyani təsdiqini görərik. Neft üzrə ekspert İlham Şabanın araşdırmalarına əsaslanaraq deyək ki, struktur 1957-ci ildə seysmik kəşfiyyatın "əks olunan dalğa üsulu" ilə aşkar edilib. Yataq 1979-cu ildə kəşf olunub. O, "Neft Daşları" yatağından 12 kilometr cənub-şərqə doğru yerləşir. 1977-ci ildə "Günəşli" sahəsində Xəzər dənizində ilk dərindayaqlı stasionar platformanın quraşdırılması başa çatıb. Platforma dənizin 84 metr dərinliyində quraşdırılıb. Burada ilk quyunu qazma ustası, Sosialist Əməyi Qəhrəmanı İsrafil Hüseynovun briqadası qazıb. 1979-cu il avqustun 28-də 3455-3423 metr intervalda Balaxanı layının X horizontundan gündəlik 200 tondan çox debitlə neft alınıb.
Sovet dövründə bu yataq "28 Aprel" adlanırdı, sonra ona "28 May" adı verildi. 1992-ci ildən isə yataq "Günəşli" adı ilə tanınır. Hazırda bu yataq "28 May" NQÇİ tərəfindən istismar olunur və idarənin əldə etdiyi hasilatın əksər hissəsi onun payına düşür. Söhbət əlbəttə, "Günəşli"nin dayaz hissəsindən gedir.
Qeyd edək ki, "Günəşli"nin işlənməsi və özünü doğrultması Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə olmuşdu. Xəzərdəki daha dərin laylara nüfuz edilməsi Ümummilli Liderin böyük arzularından idi və bunun üçün mümkün olanı həyata keçirirdi. Qocaman neftçilərdən biri danışır ki, Neft Daşlarına səfərlərinin birində Ulu Öndər estakadada işçilərlə səmimi söhbət etdiyi zaman birdən onun baxışlarının uzaqlara dikildiyini görüblər. "İndi bax, oraları öyrənmək, kəşf etmək lazımdır, daha dərin qatlardan neft çıxarmaq lazımdır,"- Heydər Əliyev əlini dənizlə üfüqün birləşdiyi yerə uzadaraq belə dedi.
Bu, həmin yerlər idi ki, orada "Azəri" vardı, "Çıraq", "Günəşli"nin daha dərin hissələri vardı…
Ümummilli Lider bu arzuları xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra gerçəkləşdirdi. Azərbaycanın yeni neft strategiyasını həyata keçirdi, "Əsrin müqaviləsi" ilə təkcə neft sənayesinə deyil, bütün ölkəyə yeni yüksəliş gətirdi. "Dərinsulu Günəşli"nin işlənməsi də məhz bu layihənin - "Azəri-Çıraq-Günəşli"nin (AÇG), yəni "Əsrin müqaviləsi"nin tərkib hissəsi oldu.
1997-ci ilin noyabrında "Çıraq"dan, 2005-ci ilin fevralında isə "Azəri"dən neft alındı. Növbə "Dərinsulu Günəşli"nin idi. Yataqda quraşdırılacaq platforma ölkə daxilində inşa edilirdi. AÇG-dəki digər işlər kimi qurğuların tikintisi də Prezident İlham Əliyevin şəxsi nəzarətində idi.
Əslində, "Dərinsulu Günəşli" üçün iki platforma tikilirdi. Biri qazma, hasilat və yaşayış platforması idi, digəri isə kompressiya və suvurma işlərini yerinə yetirmək üçün nəzərdə tutulmuşdu. Quruda tikintisi tamamlandıqdan sonra qurğular dənizə, AÇG müqavilə sahəsinə aparıldı və öz daimi yerində quraşdırılaraq bir-birinə körpü vasitəsilə birləşdirildi. Bu, "Əsrin müqaviləsi"nin həyata keçirilməsində mühüm mərhələlərdən biri idi.
2008-ci il aprelin 22-də "Dərinsulu Günəşli" platformasından karbohidrogenlərin hasilatına başlandı. "Dərinsulu Günəşli" AÇG layihəsi çərçivəsində işlənən son yataq olduğu üçün bu hadisə, əslində, böyük qələbə idi.
Platforma 16 ildən çoxdur təhlükəsiz, tələblərə cavab verən və etibarlı şəkildə fəaliyyət göstərir. Bu, qurğunun fəaliyyəti ilə bağlı dənizdə və quruda işləyən əməkdaşların böyük nailiyyətidir. Buna nail olmaq üçün həmin insanlar əməyin təhlükəsizliyi mədəniyyətində liderlik nümayiş etdiriblər.
Bu isə həm regional, həm də qlobal kontekstdə etalon göstəricilərdən biri sayılır.
Xatırladaq ki, hazırda AÇG-də iştirak payları belədir: BP (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), "Ekvinor" (7,27 faiz), "EksonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGCVideş (2,31 faiz). AÇG-nin əməliyyatçısı olan BP-nin məlumatına görə, indi "Dərinsulu Günəşli"dən gündə orta hesabla 57 min barel neft hasil edilir. Əlbəttə, bu vaxta qədərki istismar dövründə hasilatın həcmi eyni olmayıb. Bəzi vaxtlarda qurğu bundan iki dəfə çox neft verib.
Cari ilin aprel ayında SOCAR-ın "Dərinsulu Günəşli" platformasının istismara verilməsinin 16-cı ildönümü münasibəti ilə hazırladığı videoçarxda bildirilir ki, ötən müddət ərzində buradan 638 milyon barel neft və 18,2 milyard kubmetr səmt qazı hasil edilib.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizin əsas gəlir mənbəyi "Azəri-Çıraq-Günəşli"dir. Bu baxımdan yanaşdıqda "Dərinsulu Günəşli"nin də töhfəsinin az olmadığını şərh etməyə ehtiyac qalmır.
Flora SADIQLI,
"Azərbaycan"