Dekabrın 10-da Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirilib.
Tədbirdən əvvəl TÜRKSOY tərəfindən 12 rəssamın əsəri Şuşaya hədiyyə edilib.
AZƏRTAC xəbər verir ki, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət və hökumət rəsmiləri, elm və incəsənət xadimləri, yazarlar, TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli bu ilin Azərbaycan və Türk dünyası üçün tarixi hadisələrlə zəngin olduğunu diqqətə çatdırıb. Nazir deyib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bu il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib, Türkiyə Cümhuriyyətinin 100 illiyi və TÜRKSOY-un yaradılmasının 30 illik yubileyi Türk dünyasında böyük təntənə ilə qeyd olunur.
Şuşada baş tutan I Türk Dünyası Mədəniyyət Forumu da XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər açacaq, Türk dünyasının ən güclü ortaq platformalarından birinə çevriləcək.
Adil Kərimli qeyd edib ki, cari ildə ölkədə çoxsaylı tədbirlər təşkil olunub. Bunlar həm Şuşanın, həm bütövlükdə Azərbaycan mədəniyyətinin zəngin irsinin, eyni zamanda, Türk dünyasının mədəniyyətinin təqdim edilməsində əvəzsiz rol oyanacaq.
Mədəniyyət naziri əlavə edib ki, sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan Respublikası öz ərazilərində suverenliyini tam bərpa etdi. Bu da bütün ölkə ərazisində mədəni həyatın inkişafında böyük rol oynayır. İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib ki, Şuşada bu günədək 16 abidə tam bərpa olunub. Eyni zamanda, bir neçə abidə üzrə bərpa işləri davam edir. Bununla yanaşı, Şuşanın infrastrukturunun qurulması prosesi davam edir. Şəhərin tarixi və memarlıq irsi dirçəldilir, eyni zamanda, yenilik və müasirlik gətirən layihələr reallığa çevrilir.
Tədbirdə çıxış edən Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradov belə tədbirlərin Türk dünyasının birliyinə, mədəniyyətlərimizin qarşılıqlı tanınmasına, təbliğinə xidmət etdiyini vurğulayıb.
O qeyd edib ki, Türk dövlətləri arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.
Sonra Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlının çıxışı dinlənilib.
Tədbirdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı - 2023” ili çərçivəsində keçirilən tədbirlər haqqında videoçarx nümayiş etdirilib.
Mərasimdə, həmçinin 2023-cü il üzrə TÜRKSOY Media Mükafatı və TÜRKSOY-un xüsusi mükafatının təqdimatı olub. Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov TÜRKSOY Media Mükafatını Agentlik adından qəbul edib.
Mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradova təqdim edib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tərəfindən 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”nın estafetinin Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülməsini bildirən simvol Anev şəhərinin bələdiyyə sədri Rövşən Cumayevə təqdim olunub.
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı - 2023” ilinin uğurlu yekunları münasibətilə TÜRKSOY tərəfindən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimova sertifikat verilib.
Tədbir iştirakçıları Türkmənistanın Anev şəhəri ilə bağlı videoçarxı izləyiblər.
Azərbaycan, Türkmənistan və Özbəkistandan olan incəsənət ustalarının və gənc istedadların iştirakı ilə konsert proqramı təqdim edilib.
Qeyd edək ki, bu il mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib.
Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu.
“Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir.
Ötən illərdə Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – Rusiya Federasiyası), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan; pandemiya ilə bağlı bu şəhərdə tədbirlər 2021-ci ildə keçirilib) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Şuşa Türk dünyasından bu missiyanı qəbul edən 11-ci şəhər olub.
Onu da xatırladaq ki, Şuşa şəhəri 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirəcək.