25 Iyun 2024 08:50
328
Mədəniyyət
A- A+

Şuşa başdan-başa yenidən qurulur

 

Tarixi abidələri, yaşayış məhəllələri, turizm infrastrukturu ilə birgə

 

"İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır ".

İlham ƏLİYEV

 

Qafqazın sənət məbədi Şuşa bir çox üstün məziyyətləri, unikal xüsusiyyətləri ilə yanaşı, həm də tarixi abidələr məkanıdır. Bunu belə də dəyərləndirən Ümummilli Lider Heydər Əliyev qala-şəhərimizin Azərbaycan üçün müstəsna əhəmiyyətini vurğulayaraq demişdir: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur". Bu, həm də Ulu Öndərin layiqli davamçısına bir mesajı idi. Prezident İlham Əliyev də böyük qürur hissi ilə ata vəsiyyətini yerinə yetirdi. 
Artıq dördüncü ildir ki, azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda nəhəng təmir-bərpa-quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Bu prosesin bir qolu da əzəmətli keçmişimizin izlərini, nişanələrini yaşadan maddi-mədəni irs nümunələrinin, tarixi abidələrimizin bərpasıdır. Çünki ermənilər 30 illik işğal dövründə təkcə dinc əhaliyə qarşı soyqırımı törətməmişlər, həm də əsrarəngiz təbiətə - flora və faunaya divan tutmuş, məscidləri, mədəniyyət abidələrini, müqəddəs ziyarətgahları, tanınmış şəxsiyyətlərin ev-muzeylərini barbarcasına çapıb-talamışlar. Bir yandan söküb-dağıdıblar, digər tərəfdən, "humanist" cildinə girərək "bərpa"sı üçün beynəlxalq fondlara müraciət ediblər. Məhz "Şuşanın bərpası"ndan ötrü Ermənistan hakimiyyəti 2000-ci ildə İrəvan şəhərində "Shousi" mədəniyyət fondu və "Şuşi" nəşriyyat evi yaratmışdı. Həmin fond Şuşanın "dünya ermənilərinin dini və mədəniyyət mərkəzi" kimi inkişaf etdirilməsi layihəsini irəli sürmüşdü. Şuşada tarixi abidələrlə bağlı aparılan monitorinqin mədəni dəyərlər üzrə tədqiqatçı-eksperti, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Faiq İsmayılov deyir ki, ermənilər bu "layihə" çərçivəsində 350 hektarlıq qoruq zonasındakı 300 tarixi və mədəniyyət abidəsini, 550 qədim yaşayış binasını sökərək şəhərin landşaftına ciddi zərər vurmuşlar. Çünki məqsədləri "Shousi" mədəniyyət fondunun xətti ilə şəhərdəki tarixi binaları və abidələri erməniləşdirmək idi. Ermənistanın Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkmiş və divarlarının ölçülərini götürüb "bərpa" üçün hazırlamışlar. Hayastanın nazirlər kabinetində isə konsepsiya bəyənilərək icrasına hər il 30 milyon dram vəsait ayrılırdı.
Nə yaxşı ki, tarixi Zəfər azğınların bu niyyətini gözlərində qoydu. Ötən ayın sonunda "Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri" mövzusunda Şuşada keçirilən plenumda şəhərdəki 200-ə yaxın tarixi-memarlıq abidəsindən 18-nin bərpa olunması bildirildi. Qeyd olundu ki, bərpa prosesində yerli mütəxəssislərin böyük rolu var. Həmçinin xatırlandı ki, Şuşanın beynəlxalq müstəvidə tanıdılması və təcrübə mübadiləsi çərçivəsində ötən il türk dünyası memarlarının "Şuşa simpoziumu" keçirilmişdir. Bu il isə islam dünyası memarlarının görüşü nəzərdə tutulur.
Xəbər verildiyi kimi, bir neçə gün öncə dövlət başçısı və Birinci vitse-prezident Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar. Tarixi abidənin restavrasiyası Heydər Əliyev Fondunun layihəsi, "PAŞA Holdinq"in dəstəyi ilə həyata keçirilir. XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən bu dini ocaq 17 məsciddən biridir və Çöl Qala məhəlləsinin Qasım bəy Zakir küçəsində yerləşir. Tarixi abidə  XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa olunub, minarəsiz formadadır. Şuşa şəhərinin əksər məscidləri kimi, düzbucaqlı, ümumi girişi isə asimmetrik şəkildə düzülmüş əsas fasaddan ibarətdir. İnteryeri tamamilə islam memarlığına uyğundur. 
Çöl Qala məscidinin yaxınlığında isə XIX əsrə aid Çöl Qala bulağı var. Bulağın divarları dördbucaq formada, ətrafdakı məscidlərin üslubunda tikilib. İşğal dövründə bulaq da dağıdılmış, daş kitabələri məhv edilmişdir. Ümumiyyətlə, qala-şəhərimizdə tarixi binalarda yerləşən Dövlət Musiqili Dram Teatrı, Qarabağ və Şuşa şəhərinin tarix muzeyləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, 4 texnikum və 2 institut filialı, orta və orta ixtisas musiqi məktəbləri, kitabxanalar, 2 sanatoriya, görkəmli sənət adamlarının ev-muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat məktəbi və s. dağıdılmışdır. 
Lakin bütün bu fəlakətlər qara, qorxulu yuxu kimi artıq geridə qalıb. Hazırda 12 əsas məhəllədə birmərtəbəli, ikimərtəbəli və beşmərtəbəli binalar tikilir, inzibati və sosial obyektlər inşa edilir. Cənub yaşayış massivində 23 binadan ibarət yaşayış kompleksi artıq hazırdır. Böyük qayıdış başlanıb, bir qrup sakinə evlərinin açarları təqdim olunub. Bir sözlə, Şuşa başdan-başa yenidən qurulur.

Qurban MƏMMƏDOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video