13 Avqust 2025 08:25
1412
SİYASƏT
A- A+
Sülh sazişinin mətni Azərbaycanın şərtləri əsasında formalaşıb

Sülh sazişinin mətni Azərbaycanın şərtləri əsasında formalaşıb


Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən Vaşinqton görüşü Azərbaycan və Ermənistan arasında sülh prosesində yeni səhifə açdı. Dövlət rəhbərlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri tərəfindən paraflanan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi isə görüşün ən mühüm və Cənubi Qafqaz üçün tarixi məqamlardan biri idi. Azərbaycanın irəli sürdüyü sülh şərtləri əsasında hazırlanan sənəd yekun sülh mətni hesab olunaraq, tərəflərin öz milli qanunvericiliklərinə uyğun olaraq daxili prosedurların bitməsi barədə bildiriş sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək. 

17 maddədən ibarət olan sülh sazişinin mətni BMT Nizamnaməsini, BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq ilə bağlı beynəlxalq hüququn prinsipləri haqqında Bəyannaməni (1970), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Helsinki Yekun Aktını (1975) və 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini rəhbər tutaraq Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətləri təsis etmək barədə razılığı ifadə edir. 

Azərbaycanın əsas şərtlərindən biri olan Ermənistanın ölkəmizə qarşı ərazi iddialarına son qoyması məsələsi paraflanmış layihənin ikinci bəndində öz əksini tapır. Belə ki, tərəflər bu sənədə imza atmaqla bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırmayacaqlarını təsdiq edirlər. Eyni zamanda digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər. 

Sülh layihəsində yer alan bu bənd göstərir ki, Azərbaycanın əsas tələblərindən biri Ermənistan tərəfindən qəbul olunaraq bu ölkənin Konstitusiyasının preambulasında Ermənistan Müstəqillik Bəyannaməsinə olan istinad aradan qaldırılacaq. Çünki həmin bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları yer alıb ki, bunun da Ermənistan Konstitusiyasından  çıxarılması ölkəmizin əsas şərtlərindəndir. 

Yekun sülh mətnində yer alan vacib məqamlardan biri də daxili işlərə qarışmaqdan çəkinmək müddəasıdır. Vətən müharibəsindən sonra Azərbaycanın regionla əlaqəsi olmayan, xüsusən Fransa nümunəsində özündən minlərlə kilometr uzaqda yerləşən ölkənin daxili işlərimizə müdaxilə cəhdlərinə tez-tez rast gəlinib. Ermənistana havadarlıq rolunu oynayanların da ermənilərin əli ilə belə əməlləri zaman-zaman özünü göstərir. Bu baxımdan sazişdə yer alan  IV maddə xüsusi əhəmiyyətə malikdir. 


Aİ missiyası bölgəni tərk edəcək


"Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər  sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad quruculuğu tədbirləri həyata keçirəcəklər", - deyə saziş mətninin VII maddəsində göstərilir. Bu da bir daha Azərbaycanın mövqeyindən dönmədiyini, hələ lap əvvəldən qeyd etdiyi kimi, sərhəddə digər ölkələrin və qüvvələrin yer almasının sülhə zərbə vurduğu fikrinə əsaslanır. Fransanın ciddi cəhdləri ilə regiona müşahidə missiyası adı altında yerləşdirilən Avropa İttifaqının kəşfiyyat qrupu iki ölkə arasında münasibətlərin daha da gərginləşməsindən başqa heç nəyə xidmət etmirdi. Bu baxımdan Azərbaycan dövləti sərhəddə belə bir missiyanın olmasına ehtiyac olmadığını dəfələrlə vurğulamışdı. Sülh sənədində də mövqeyini ortaya qoyan Azərbaycan üçüncü tərəflərin həmsərhəd ərazilərdən çıxarılmasına nail olacaq. 

Sərhədlərin delimitasiya məsələsinə gəlincə isə Azərbaycan və Ermənistan arasında ikitərəfli görüşlər nəticəsində əldə olunmuş razılığa əsasən, artıq ötən ildən delimitasiya prosesinə başlanılıb. Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"ni təsdiq edib.


Sərhədlərin delimitasiyası və demarkasiyası haqqında saziş imzalanacaq


Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il aprelin 19-da əldə olunmuş razılaşmasına əsasən, 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilərək, Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının əraziləri (6,5 kv. kilometr) Azərbaycana qaytarılıb. Bu razılıq və Qazaxın qeyri-anklav 4 kəndinin bir güllə atılmadan geri qaytarılması mühüm tarixi hadisə idi. Çünki Sovet İttifaqının 1991-ci ildə dağılmasından bəri ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlmişdi. 

Sülh layihəsinin VI maddəsində dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında sazişin bağlanması da nəzərdə tutulur. Belə ki, müqavilə bağlamaq məqsədilə müvafiq sərhəd komissiyaları arasında razılaşdırılmış əsasnamələr əsasında vicdanla danışıqlar aparacaqları müəyyənləşir.

"Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in IX maddəsində hərbi münaqişə nəticəsində itkin düşmüş və əsir götürülmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi razılaşdırılıb. Hər kəsə bəllidir ki, uzun illərdir Azərbaycanın bütün tələblərinə baxmayaraq, Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsində itkin düşmüş və əsir götürülmüş 4 minə yaxın vətəndaşımız barədə heç bir məlumat verilməyib. Bu maddə bu istiqamətdə ayrıca müqavilənin bağlanmasını da nəzərdə tutur. Eyni zamanda bu şəxslərə qarşı ədalətin təmin olunması üçün zəruri istintaq tədbirləri də görüləcək.   

Sazişin XII maddəsi isə ümumilikdə iki ölkə arasında münasibətlərdə beynəlxalq hüququn vacibliyini önə çəkərək Azərbaycan və Ermənistan arasında bu sazişin rəhbər rol oynayacağı vurğulanır. Sülh sazişi qüvvəyə minənədək tərəflər ona xələl gətirən bütün fəaliyyətlərdən çəkinməlidirlər. 

XIII maddə ilə tərəflər bu sazişin tam icrasına zəmanət verir və hazırkı müqavilənin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcəkləri barədə razılığa gəlirlər. Beləliklə, indiyə kimi baş tutan ikitərəfli və üçtərəfli görüşlərdən sonra destruktiv addımlar atan Ermənistan artıq imzaladığı bu sənədə tam riayət etməli, Nikol Paşinyan isə imzasına hörmət etməklə regiona, ən nəhayət, sülhün gəlməsinə əngəl törətməməlidir. Bu saziş hər şeydən öncə xalqların firavan yaşaması, regionun  təhlükəsizliyi və sabitliyi, eyni zamanda inkişafı baxımından önəmlidir. 

Sazişin XV maddəsi isə gələcək iddiaların, şikayətlərin qarşısını almaq məqsədi daşıyır. Belə ki, tərəflər bu sazişin imzalanmasından əvvəl mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri müqavilə qüvvəyə mindiyi gündən bir ay ərzində ya geri çəkəcək, ya xitam verəcək və ya hər hansı bir formada həll edəcəklər.  O cümlədən iki qonşu dövlət üçüncü tərəfin başlatdığı bu kimi iddia, şikayət, etiraz, irad və icraatlara hər hansı bir formada cəlb olunmayacaqlar. Bu isə o deməkdir ki, indiyədək Cənubi Qafqazdakı müxtəlif məqsədləri üçün Ermənistandan oyuncaq kimi istifadə edənlər hədəflərinə çata bilməyəcəklər. Çünki saziş qüvvəyə mindikdən sonra Cənubi Qafqazın iki ölkəsi arasında münasibətlər tənzimlənəcək və burada üçüncü tərəfə artıq yer olmayacaq. 

Yekun sülh müqaviləsi üçün isə layihədə də qeyd olunduğu kimi, milli qanunvericiliklərə uyğun olaraq daxili prosedurlar bitməlidir. Bu baxımdan Ermənistan "ev tapşırıqları"nı nə qədər çevik yerinə yetirsə, o qədər yaxşıdır. Vaşinqtonda ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən ATƏT sədrinə ünvanlanan birgə müraciət məktubu imzalanıb. Yerdə qalır Azərbaycana olan ərazi iddiaları. Ermənistan Konstitusiyasına dəyişiklik edərək ərazi iddialarına son qoyduğu halda sülh sazişi imzalana bilər. 

Ümumilikdə Vaşinqton sülh sammiti nəticəsində imzalanan Birgə Bəyannamə, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması, Minsk qrupunun ləğvi ilə bağlı məktub tarixi əhəmiyyət daşımaqla regiona dayanıqlı sülhün gəlməsinə şərait yaradıb. Bütün bunlar isə əsaslı mövqeyindən bir addım belə geri atmayan, regionda sülhün memarı kimi adını tarixə yazdıran Prezident İlham Əliyevin xalqımızın milli maraqlarını qətiyyətlə təmin etməsinin növbəti təzahürüdür. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çinin hərbi attaşesi: Azərbaycan ilə hərbi əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm hissəsidir

20:33
28 İyul

Çin səfiri: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazırdır

20:26
28 İyul

Fransanın Jirond departamentində yanğınlar davam edir, ərazidəki bəzi müəssisələr bağlanır

20:16
28 İyul

Qədim Qəbələnin yerləşdiyi ərazidə saray tipli ictimai binanın qalıqları aşkarlanıb

20:09
28 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb

20:02
28 İyul

Azərbaycan-Serbiya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

19:54
28 İyul

Ağ evdə Trampla Zelenski arasında görüş keçirilir

19:47
28 İyul

Sənətşünas: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası ölkənin beynəlxalq imicini daha da gücləndirəcək

19:40
28 İyul

Naxçıvanda iyul ayı üzrə bütün növ sosial müavinətlərin ödənilməsi başa çatıb

19:33
28 İyul

Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb

19:26
28 İyul

İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi istiqamətində elmi tədqiqatlar aparılır

19:19
28 İyul

Azərbaycan-Almaniya münasibətlərində strateji gündəliyin əhəmiyyəti vurğulanıb

19:12
28 İyul

Milli Məclisin sədri Efiopiyada rəsmi səfərdədir

19:05
28 İyul

I və IV ixtisas qrupları üzrə imtahanlarda ən yüksək nəticə göstərən abituriyentlər məlum olub

18:58
28 İyul

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:51
28 İyul

İyulun 12-də keçirilən qəbul imtahanının nəticələri elan edilib

18:44
28 İyul

Orta Dəhliz Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq modelini formalaşdıran strateji platformadır

18:37
28 İyul

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb

18:30
28 İyul

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

18:23
28 İyul

Rəqəmsallaşma Orta Dəhlizlə yükdaşımaların həcmini daha da artıracaq

18:16
28 İyul

“Sabah” fransalı futbolçunu tanınmış kluba satıb

18:09
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!