27 Iyul 2024 09:09
140
CƏMİYYƏT
A- A+

Səyyahlar Qarabağ həqiqətlərini dünyaya olduğu kimi çatdırırlar

 

Prezident İlham Əliyev 2023-ci il sentyabrın 20-də xalqa tarixi müraciəti zamanı demişdir: "İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq".

 Bu gün işğaldan azad edilən Qarabağ böyük bir tikinti meydançasına, abadlıq və quruculuq işlərinin mərkəzinə çevrilib. Bölgədə elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları tikilir, kəndlər, şəhərlər salınır. Özü də bunu heç bir yardım almadan, öz gücümüzə edirik. İllərdir yurd həsrəti ilə yaşayan insanlar doğma torpaqlarına qayıdıb Qarabağın quruculuğunda fəal iştirak edirlər. Bu, bir həqiqətdir ki, indi Qarabağa gələn dövlət başçıları da, iş admları da, incəsənət xadimləri də, səyyahlar da Qarabağda aparılan abadlıq-quruculuq işlərini, yaradılan gözəllikləri görüb heyranlıqlarını gizlədə bilmirlər. Bu baxımdan ABŞ-dən olan səyyah Dayana Peçenikin (Diane Pechenick) mətbuata açıqladığı fikirlər olduqca maraqlıdır: "Bu, Azərbaycana ikinci, Qarabağa isə ilk səfərimdir. Bura çox gözəl yerdir, mən bura yenidən gələrdim. Qarabağa səfərimiz zamanı çoxlu dağıntılar gördük, eyni zamanda irimiqyaslı bərpa işlərinin də şahidi olduq".

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən bəhs edən səyyah qeyd edib ki, işlər davam etsə də, hesab edirəm ki, siz həqiqətən belə qısa müddət ərzində böyük uğur əldə etmisiniz. Amerikalı səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərində davam edən mina təhlükəsinə də toxunub: "Bu, faciəvi vəziyyətdir, minalardan təmizləmə prosesi onilliklərlə davam edə bilər". Almaniyalı səyyah Yoahim fon Löbenin Şuşa haqqında fikirləri də olduqca maraqlıdır. Mədəniyyətimizin paytaxtını müqəddəs Qüds şəhərinə bənzədən səyyah xüsusi olaraq vurğulayıb: "Bu, bənzərsiz bir şəhərdir. Bu şəhərin sizin üçün əhəmiyyəti və müqəddəsliyi mənə Qüdsi xatırladır". Səyyah həmçinin deyib ki, Qarabağda Füzuli şəhərinin timsalında şahidi olduğu bərpa işlərinin sürəti onu heyran edib: "Sakinlər artıq ora qayıtmağa başlayıblar və bütün infrastruktur cəmi bir-iki ilə tikilib".

Xatırladaq ki, dünyanın 13 ölkəsindən 35 tanınmış səyyah bir neçə gündür ki, Qarabağı və Şərqi Zəngəzuru səyahət edirlər. Səfər dünyada məşhur olan dörd nəhəng səyyah klubundan biri - MTP (Most Traveled People) tərəfindən təşkil olunub. Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vili (Charles Veley) rəhbərlik edir.

Qarabağa səfərləri Füzulidən başlayan səyyahlar iyulun 25-də Şuşa-Xankəndi-Ağdam marşrutu üzrə hərəkət edərək Xocavənddə, Şuşada, Xankəndidə və Ağdamda, Şərqi Zəngəzurda olublar. Səyahət davam edir. Qonaqlar bu gün Zəngilan və Cəbrayıla (Xudafərin körpüsü) səfər edəcəklər. Üçgünlük səfər çərçivəsində Ermənistanın işğalı altında olduğu illərdə Qarabağ regionunda baş vermiş dağıntılarla, həmçinin rayonda aparılan bərpa işləri ilə tanış olacaqlar.

Onu da qeyd edək ki, bu MTP-nin ölkəmizə təşkil etdiyi ilk səfər deyil, həmin klubun işğaldan azad edilən ərazilərə sayca dördüncü səfəridir. Vətən müharibəsindən ötən dörd il ərzində isə 50-yə yaxın ölkədən 400 nəfərə yaxın beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzura on dəfə səfər edib.

Beynəlxalq səyyahların sosial mediada dünyanın ən müxtəlif bölgələrindən xeyli sayda izləyici ordusu var. Bu səfərlər azad edilmiş ərazilərdəki böyük dağıntılar və aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan yaratmaqla, reallıqların dünyaya nümayişi üçün müstəsna əhəmiyyətə malikdir. Bir neçə gün əvvəl "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda II Şuşa Qlobal Media Forumunda da iştirak edən MTP (Most Traveled People) səyahət klubunun təsisçisi və rəhbəri, amerikalı səyyah Çarlz Vili "feyknyus"ları ifşa etməkdə beynəlxalq səyahətçilərin rolundan danışarkən bir sıra xarici media orqanlarında Qarabağ barədə təqdim olunan saxta məlumatlarla yerində gördükləri arasında kəskin fərq olduğunu qeyd edib.

44 günlük Vətən müharibəsində Ermənistanı ağır məğlubiyyətə uğradıb, işğalçı dövlətin himayədarlarını "mat" vəziyyətinə salan Azərbaycan, dünya informasiya məkanında da "feyk" xəbərlərlə beynəlxalq ictimayyəti çaşdıranlara ciddi dərs verməkdədir.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video