Sülh müqaviləsi üçün Ermənistanın konstitusiyası dəyişməli, Minsk qrupu ləğv edilməlidir
İkinci Qarabağ müharibəsindən ötən 5 ilə yaxın müddətdə qalib Azərbaycanın Ermənistana təklif etdiyi sülh sazişi hələ də yalnız müzakirə mövzusu olaraq qalır. Hər ay demək olar ki, sülh müqaviləsinin imzalanma prosesinə bir qədər də yaxınlaşma haqqında xəbərlər yayılır. Xüsusən də Ermənistan tərəfindən qeyd edilir ki, məsələlər razılaşdırılıb və müqavilənin imzalanması çox yaxındadır. Lakin bu "vəd"lərə artıq inanmağımız gəlmir. Çünki erməni xisləti bütün dünyaya bəllidir. Ona görə də Hayastanın sülh prosesində müsbət addım atması inandırıcı görünmür.
Bu, artıq dəfələrlə sübuta yetirilmiş reallıqdır. Hər dəfə sülh müqaviləsinin imzalanması ilə bağlı gündəm yarananda Ermənistan maskalanaraq buna hazır olduğunu bəyan edir. Ancaq iş əmələ çatanda bəlli olur ki, bütün bunlar vaxt qazanmaq üçün edilən imitasiyadır.
Hələ mart ayında Bakıda keçirilən XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov bəyan etmişdi ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşıb. Son iki açıq maddə qalıb. Bu yaxınlarda Ermənistan tərəfi həmin açıq maddələr üzrə Azərbaycanın təkliflərini qəbul edib, əlaqə kanalları vasitəsilə bizə çatdırıb. Ona görə mətn üzrə işlərin yekunlaşdırıldığını qeyd edə bilərik.
Nazir həmçinin söyləmişdi ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi Ermənistanın konstitusiyasından və digər normativ-hüquqi aktlarından ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə olan iddiaların çıxarılmasıdır. Təbii ki, bu, sazişin imzalanması üçün labüd şərtdir. Bundan əlavə, keçmiş münaqişənin qalıqları olan Minsk qrupu və onun digər təsisatlarının ləğv edilməsi də vacib amildir.
Bunun ardınca Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yaymışdı. Bəyanatda deyilirdi: "Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik. Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq".
Həmin gün Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda isə sülh müqaviləsinin mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı xəbər təsdiqlənmişdi. Bundan əlavə, İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanma vaxtı və yerini müzakirə etməyə hazır olduğunu bildirmişdi.
Ermənistanın baş naziri Nikol Paşinyan da həmin gün məlumatı təsdiqləmiş, parlament binası yaxınlığında jurnalistlərə açıqlama verərək demişdir ki, Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətni üzrə danışıqlar razılaşma ilə başa çatıb və bu, mühüm hadisədir: "Biz artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır, imzalanma tarixləri və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycan Xarici İşlər Nazirliyi ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqları barədə bəyanat yayıb. Onların öz ideyaları var, bizim öz ideyamız var və güman edirəm ki, bu müzakirələr zamanı biz bu ideyaları bir-birinə yaxınlaşdırmağa çalışacağıq".
Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh sazişi layihəsi preambula və 17 maddədən ibarətdir. Preambula və 15 maddə razılaşdırılmışdı. Razılaşdırılmayan iki maddə beynəlxalq məhkəmələrdə iddialardan qarşılıqlı imtina və üçüncü dövlətlərin qoşunlarının sərhəddən çıxarılması ilə bağlı idi.
Azərbaycan dəfələrlə erməni tərəfinin daha iki şərti də həyata keçirməli olduğunu xatırladıb. Birincisi, Ermənistan konstitusiyasını dəyişməlidir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın bir hissəsi elan olunub.
Aprelin 11-13-də Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşdə də bu məsələlər bir daha müzakirə edilib. Tərəflər "Azərbaycan ilə Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər. Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
Nazir Ceyhun Bayramov "Anadolu" agentliyinə müsahibəsində deyib ki, Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla iki ölkə arasında münasibətlərin normallaşması və Cənubi Qafqaza sülhün gəlməsi üçün fürsət yaranıb.
O, rəsmi Bakının 2021-ci ildə İrəvana düşmənçilik səhifəsini bağlamağı təklif etdiyini və bu çağırışın təxminən bir il cavabsız qaldığını xatırladıb: "2022-ci ilin ilk aylarında sülh razılığının beş əsas bəndini Ermənistana təqdim etdikdən sonra həmin ilin oktyabr ayında ölkələr arasında müzakirələr başlayıb. Sülh sazişinin ilk layihəsi də Azərbaycan tərəfindən yazılıb və Ermənistana təqdim edilib. Danışıqlar təxminən iki il yarım çəkib. Təxminən bir ay əvvəl müzakirələr başa çatıb və mətnlə bağlı razılıq əldə olunub. Danışıqlar davam edərkən biz Ermənistanı və prosesdə maraqlı olan digər ölkələri bu məsələlərlə bağlı məlumatlandırmışıq. Həll edilməli olan mühüm amillər mövcuddur. Bunlardan ən önəmlisi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların yer almasıdır. Bu davam etdikcə, sülh sazişinin imzalanması mümkün deyil. Ermənistan konstitusiyasının dəyişdirilməsi vacibdir".
Nazir həmçinin qeyd edib ki, Azərbaycanın daha bir şərti 1990-cı illərdə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlıdır: "ATƏT-in Minsk qrupu 30 ildir heç bir nəticə əldə etməyib. Artıq Qarabağ məsələsi həll olunub və bu ərazilər Azərbaycanın bir hissəsidir. Ermənistan da bunu qəbul edib. Belə olan halda Ermənistanın Minsk qrupunun fəaliyyətini davam etdirmək üçün davamlı səyləri bizdə suallar doğurur. Biz israrla Minsk qrupunun buraxılmasını tələb edirik və gözləyirik".
Baş verən proseslər və Ermənistan tərəfindən verilən açıqlamalara etibar etsək, iki ölkənin sülh sazişini imzalamağa bir qədər də yaxınlaşdığını söyləyə bilərik.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"