26 Iyul 2024 08:55
230
İQTİSADİYYAT
A- A+

Sənayenin inkişafı iqtisadiyyatın şaxələnməsinə təkan verir

 

Bunu rəsmi statistika da təsdiqləyir

 

Sənaye bu gün Azərbaycan iqtisadiyyatında məşğulluğu və əhalinin gəlirlərini təmin edən başlıca sahələrdən biridir.  Dünyanın  bütün ölkələrində iqtisadi vəziyyət sənayenin inkişaf səviyyəsi ilə ölçülür. Çünki ölkə iqtisadiyyatının şaxələndirilməsi kimi strateji bir vəzifənin uğurlu həlli məhz sənaye kompleksinin rəqabət qabiliyyətindən asılıdır.

Hazırda  ölkədə ən yüksək səviyyədə sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir. Xüsusilə də  son 20 ildə rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin "Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir" prinsipinə əsaslanmaqla başqa sahələrlə yanaşı, sənayenin inkişafı yolunda da önəmli addımlar atılır. İnnovativ metodlarla sənaye istehsalı genişləndirilir, yeni istehsal sahələri yaradılır, davamlı olaraq sistemli və uğurlu nəticə verən tədbirlər həyata keçirilir. Sənayenin strukturuna diqqət yetirdikdə  qeyri-neft sənayesinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Sadəcə bu ilin ilk altı ayının nəticələrinə nəzər yetirsək, fikrimizi təsdiq etmiş oluruq.

Dövlət Statistika Komitəsinin məlumatına görə,  yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 31,5  milyard manatlıq sənaye məhsulu istehsal edilib.  Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorundakı məhsul istehsalında 0,3 faiz, qeyri-neft-qaz sektorunda isə 7,4 faiz artım deməkdir. Sənaye məhsulunun 65 faizi mədənçıxarma, 29,2 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 81,6 faiz olub. Ümumi istehsalın 89,7 faizi sənaye məhsullarının istehsalı, 10,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Statistikaya əsasən deyə bilərik ki, bu gün Azərbaycan  qeyri-neft iqtisadiyyatının üstün inkişafına nail olmaqla bir tərəfdən müxtəlif mallara olan daxili istehlak tələbini tam şəkildə yerli istehsal hesabına təmin etmək, digər tərəfdən isə xarici bazarlarda Azərbaycan brendi olan məhsullarla təmsil olunmaq və bu yolla neft daxilolmalarının azalmasını kompensasiya etmək məqsədi güdür. Qlobal iqtisadiyyata sıx inteqrasiya edən Azərbaycan, eyni zamanda yeni sənaye quruculuğu siyasətində də dünya miqyasında öz təsdiqini tapan və yaxşı nəticələr verən qabaqcıl təcrübədən bəhrələnir. İndi dünyanın ayrı-ayrı inkişaf etmiş ölkələrində sənaye quruculuğunda müşahidə edilən əsas trendlərdən biri müxtəlif istehsal sahələrinin  hər cür infrastruktur təminatına malik eyni bir məkanda cəmləşməsi və innovasiyalara əsaslanan sənaye parklarının yaradılması ilə bağlıdır. Ölkəmiz də məhz bu yolu tutub. Ölkənin müxtəlif bölgələrində sənaye parkları və məhəllələri yaradılıb. Hazırda Azərbaycanda 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası") və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur) fəaliyyət göstərir. 

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi istiqamətində də geniş tədbirlər həyata keçirilir. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "Ağdam" və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları yaradılıb. Həmin parklarda, ümumilikdə, 18 rezident və 6 qeyri-rezident qeydiyyata alınıb. Adıçəkilən sənaye parklarında qeydiyyata alınmış 24 layihə üzrə 138 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur ki, bunun da hesabına 1300-ə yaxın iş yerinin yaradılması planlaşdırılır. Ağdam Sənaye Parkında tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılması, "Araz Vadisi İqtisadi Zonası"nda isə əsasən logistika mərkəzinin yaradılması, gömrük terminalının qurulması, avadanlıq və texnikaların təmiri mərkəzi, topdansatış və pərakəndə anbarlarının tikilməsi və satışı həyata keçiriləcək. Xatırladaq ki, sənaye parklarının, sənaye məhəllələrinin idarəedici təşkilatı  əsasən İqtisadi Zonaların İnkişafı Agentliyidir (İZİA).

Elə buradaca İZİA-nın məlumatına diqqət edək: 2015-ci ildən 2024-cü ilin birinci yarısında sənaye zonalarında 13,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,4 milyard manatlıq hissəsi ixrac edilib. Həmçinin 2024-cü ilin birinci yarısında sənaye zonalarında 1,4 milyard manatlıq satış olub. Bunun da 477 milyonluq hissəsi ixracın payına düşür. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə yola salınıb. Eyni zamanda sənaye zonalarına sahibkarların cəlb edilməsi, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində yeni-yeni müsbət addımlar atılır. 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 8,4 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manata yaxın investisiyanın yatırılması və 7100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye parklarında  bu günlər yaradılan yeni istehsal sahələri haqqında məlumatları da əlavə etsək, Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişaf tempini aydın görmək olar. "Qarabağ Aqro 44" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Bildirilib ki, müəssisədə sucuq istehsal olunacaq.  İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.  İstehsal olunan məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı da nəzərdə tutulub. Sumqayıt Kimya Sənaye Parkında (SKSP) isə bu il iki müəssisə fəaliyyətə başlayacaq. "Kartaş Kimya" MMC kimyəvi tikinti məhsullarının,  "Az-Tex-İmport" MMC "NECO" markalı az, orta və çoxtonnajlı yük avtomobillərinin istehsalı ilə məşğul olacaq. Hər iki müəssisə sənaye parkına ümumilikdə  40 milyon manata yaxın sərmayə qoymaqla 300-dən artıq əlavə iş yerinin yaradılmasına imkan verəcək.

Yenə də İZİA-nın məlumatlarına söykənərək  qeyd edək ki,  Cənubi Qafqazın ən böyük sənaye parkı olan SKSP-də ümumi investisiya həcmi 62 milyard manat olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Parkda hazırda 24 müəssisə fəaliyyət göstərir. Bundan başqa, indiyədək SKSP-yə 5,5 milyard manatdan çox sərmayə  qoyulub,  6800-dək daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə sənaye parkına əlavə olaraq 554 milyon manat investisiyanın qoyulması, 2200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək parkın rezidentləri tərəfindən ümumilikdə 11,6 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 4,1 milyard manatdan çox hissəsi (təxminən 35,3 faizi) ixracın payına düşür. Bu ilin ilk altı ayında SKSP-də istehsal olunan 1,3 milyard manatlıq məhsulun 455 milyon manatlıq hissəsi ixrac edilib.

Qeyd edək ki, sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Bu baxımdan, şübhəsiz ki, innovativ  əsaslarla tikilən yeni sənaye müəssisələri ən yüksək standartlara cavab verəcək və güclü ixracyönümlü sənaye potensialı yaradacaq. 

 

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video