13 Noyabr 2026 09:05
563
İQTİSADİYYAT
A- A+
Sənaye zonaları iqtisadi inkişafın lokomotivinə çevrilir

Sənaye zonaları iqtisadi inkişafın lokomotivinə çevrilir


Dövlətin dəstəyini əsirgəmədiyi sənaye parkları və məhəllələrindən gözləntisi çoxdur


İqtisadi inkişaf istehsalın təşkili, investisiyaların cəlb edilməsi, innovasiyaların tətbiqi və davamlı iqtisadi dəyərin formalaşdırılmasıdır. Sənaye parkları məhz həmin məqsədlərə xidmət edən iqtisadi platformalardır. Bu platformaların əsas iştirakçıları olan rezidentlər isə ölkənin sənaye potensialının güclənməsində, idxaldan asılılığın azaldılmasında və ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayırlar.

Belə bir qurumun yaradılması iqtisadiyyatda yeni istehsal ənənələrinin formalaşdırılması, sahibkarlığın təşviqi və sənaye sahələrinin inkişafı baxımından strateji əhəmiyyət kəsb edir. Parklar sahibkarlara istehsal fəaliyyətini qurmaq və genişləndirmək üçün zəruri infrastruktur təqdim etməklə yanaşı, investisiya risklərinin azaldılmasına və biznes xərclərinin optimallaşdırılmasına da şərait yaradır. Əsas üstünlük vahid sənaye ekosisteminin formalaşmasıdır. Belə ki, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən müəssisələrin eyni ərazidə cəmləşməsi istehsal əlaqələrinin genişlənməsinə, təchizat zəncirinin inkişafına, texnologiya və təcrübə mübadiləsinə imkan verir.

Burada iqtisadi səmərəliliyi müəyyən edən əsas amillərdən biri rezidentlərin fəaliyyəti və həyata keçirdikləri investisiya layihələridir. Çünki parkın yaradılması hələ son nəticə demək deyil. Əsas göstərici burada fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların həcmi, çeşidi, satışı və ixrac imkanlarıdır. Rezident statusu əldə edən sahibkarlar dövlətin yaratdığı əlverişli şəraitdən istifadə etməklə yeni müəssisələr qurur, istehsal proseslərini müasir texnologiyalar əsasında təşkil edir, yerli xammal və resurslardan istifadəyə üstünlük verir, eyni zamanda xarici bazarlara çıxış imkanlarını genişləndirirlər.

Azərbaycanın sənaye parklarında rezidentlər üçün yaradılmış stimullaşdırıcı mexanizmlər sahibkarlıq fəaliyyətinin genişlənməsinə əlverişli zəmin yaradır. Belə ki, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnika və texnoloji avadanlıqlara görə isə ƏDV və gömrük rüsumlarından azad edilirlər. Bundan başqa, dövlət hesabına yaradılan müasir infrastruktur sahibkarlara maliyyə resurslarını birbaşa istehsal layihələrinə yönəltmək imkanı verir. 

Sənaye parklarında əldə olunan uğurların, istehsal potensialının genişlənməsinin və ixrac göstəricilərinin yüksəlməsinin əsasında ilk növbədə rezidentlərin həyata keçirdikləri investisiya layihələri və istehsal fəaliyyəti dayanır. Onların təşəbbüsləri, yatırdıqları sərmayələr və yaratdıqları yeni müəssisələr sənaye parklarının inkişafını sürətləndirir, ölkə iqtisadiyyatındakı mövqeyini bir qədər də gücləndirir. Həmin  inkişafı konkret rəqəmlər də təsdiqləyir. İqtisadi Zonaların İnkişafı Agentliyinin 2025-ci ilin yekunlarına dair açıqladığı məlumatlara əsasən, bu qurumun idarəçiliyində olan sənaye zonalarında 138 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən bu zonalara 7 milyard manat investisiya yatırılıb, 82 müəssisə fəaliyyətə başlayıb və 9700-dən artıq daimi iş yeri yaradılıb.

Daha diqqətçəkən məqam isə istehsal və ixrac göstəriciləridir. 2015-2025-ci illərdə sənaye zonalarında ümumilikdə 19 milyard manatdan artıq məhsul satılıb, bunun 6 milyard manatdan çoxu ixracın payına düşüb. Təkcə 2025-ci ildə satış həcmi 4 milyard manata yaxın, ixrac isə 1,2 milyard manat təşkil edib. Ötən illə müqayisədə istehsal 21,1 faiz, ixrac isə 13,4 faiz artıb. Bu göstəricilər sənaye parklarının artıq iqtisadi siyasətin perspektiv istiqaməti olmaqla kifayətlənmədiyini, real istehsal və ixrac nəticələri yaradan iqtisadi mexanizmə çevrildiyini göstərir.

Qeyd edək ki, sənaye parkları regionların iqtisadi inkişafında da mühüm rol oynayır. Müxtəlif  bölgələrdə belə parkların yaradılması yeni müəssisələrin fəaliyyətə başlamasına, iş yerlərinin artmasına və sahibkarlığın genişlənməsinə şərait yaradır. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Ağdam Sənaye Parkı və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı da bu istiqamətdə həyata keçirilən mühüm layihələrdəndir. Həmin sənaye zonaları azad edilmiş ərazilərin iqtisadi dirçəlişini sürətləndirir, yerli əhalinin məşğulluğunun təmin olunmasına, sahibkarlıq fəaliyyətinin canlanmasına və yeni iqtisadi əlaqələrin qurulmasına imkan yaradır.  Məsələn, Ağdam Sənaye Parkında indiyədək sahibkarlar tərəfindən 145,8 milyon manat investisiya yatırılıb, 1000-ə yaxın daimi iş yeri yaradılıb. Parkda fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsullar həm daxili bazara, həm də xarici ölkələrə yönəldilir. Burada yeni investisiya layihələrinin həyata keçirilməsi davam edir. Belə ki, parkın  ən son rezidenti olan "Ağdam Agro Yem" MMC tərəfindən 11 milyon manat investisiya dəyərinə malik heyvan yemləri istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Müəssisədə heyvandarlıq təsərrüfatlarının tələbatına uyğun yem məhsulları istehsal ediləcək. Layihənin reallaşdırılması yerli heyvandarlıq təsərrüfatlarının yemlə təminatının yaxşılaşdırılmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də yerli istehsalın və ixrac imkanlarının genişləndirilməsinə şərait yaradacaq.

Sənaye parklarının gələcək inkişafında əsas məsələlərdən biri yalnız istehsal həcmini artırmaq deyil, həm də istehsalın keyfiyyətini, texnoloji səviyyəsini və rəqabətqabiliyyətli olmasını yüksəltməkdir. Müasir sənaye artıq ənənəvi istehsal üsulları ilə kifayətlənmir. Rəqəmsallaşma, avtomatlaşdırma, enerji səmərəliliyi, ekoloji standartlar və innovativ texnologiyalar sənayenin inkişafında əsas meyarlara çevrilir.

Bu baxımdan sənaye parklarının rezidentləri qarşısında yeni imkanlarla yanaşı, yeni vəzifələr də dayanır. İstehsalda müasir texnologiyaların tətbiqi, məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması, yeni ixrac bazarlarının mənimsənilməsi və yerli istehsalın əlavə dəyərinin artırılması gələcək inkişafın əsas istiqamətləri olmalıdır.

Bütün bunlar göstərir ki, sənaye parkları və onların rezidentləri Azərbaycanın iqtisadi inkişaf strategiyasında bir-birini tamamlayan iki mühüm qüvvədir. Dövlətin yaratdığı infrastruktur və stimullaşdırıcı mexanizmlər sahibkarlar üçün əlverişli imkanlar formalaşdırır, rezidentlərin investisiya və istehsal fəaliyyəti isə bu imkanları konkret iqtisadi nəticələrə çevirir.

Əslində, sənaye parklarının uğuru ölkə iqtisadiyyatına nə qədər əlavə dəyər qazandırması, nə qədər yeni iş yeri yaratması, ixrac potensialını hansı səviyyədə artırması və sənayenin texnoloji inkişafına nə dərəcədə töhfə verməsi ilə ölçülür.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!