Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun Azərbaycanın RF-dəki səfiri Rəhman Mustafayevlə görüşü olub.
AZƏRTAC Sankt-Peterburq Administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, şəhərin qubernatoru diplomatı səfir vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib. O vurğulayıb ki, Azərbaycanla dialoqun daha da genişləndirilməsi əzmindədir.
Aleksandr Beqlov deyib: “Sankt-Peterburq Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir. Əminəm ki, sizin dəstəyinizlə tərəfdaşlığımız bundan sonra da inkişaf edəcək və bir çox yeni birgə layihələr həyata keçirəcəyik. Rusiya və Azərbaycan liderləri arasında sıx təmaslar qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə töhfə verir. Prezident Vladimir Putin qeyd etdiyi kimi, ölkələrimizin birgə fəaliyyəti üçün çoxlu sahələr var”.
Qubernator bu ilin əlamətdar hadisələri arasında aprel ayında Sankt-Peterburqun Azərbaycandakı Mədəni və İşgüzar Missiyasını, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşü xüsusi qeyd edib. Sənaye, ticarət, səhiyyə, elm, mədəniyyət və gənclər siyasəti sahələrində də əməkdaşlığın intensivləşdirilməsinə dair razılıqlar əldə olunub. Missiya çərçivəsində Sankt-Peterburq və Azərbaycan arasında 2024–2028-ci illər üçün əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb.
Rəhman Mustafayev, öz növbəsində, Sankt-Peterburqun Azərbaycan üçün prioritet regionlardan biri olduğunu vurğulayıb. “Əczaçılıq, tibb, təhsil, gəmiqayırma, iqtisadiyyatın innovativ sahələri - bütün bunlar bizim üçün böyük maraq doğurur. Humanitar komponentə gəlincə, burada Rusiyanın və deyə bilərik ki, Şimali Avropanın bütün regionunun mədəniyyət paytaxtı kimi Sankt-Peterburq mühüm rol oynayır. Bunun çox əhəmiyyətli və yüksək səviyyədə olduğunu deməyə belə ehtiyac yoxdur. Bütün mədəni sahələrdə hərtərəfli, dərin əlaqələrə malik olmaq bizim üçün çox vacib və şərəfli olardı”, - deyə səfir bildirib.
Qubernator qeyd edib ki, qarşılıqlı fəaliyyətin səmərəli mexanizmlərindən biri Azərbaycan hökuməti ilə Sankt-Peterburq hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Komissiyadır.
“Görüşlərimizdə biz Sankt-Peterburq və Azərbaycan sahibkarlarının birgə layihələrini dəstəkləmək barədə razılığa gəldik. Əczaçılıq sənayesi qarşılıqlı maraq doğurur. Artıq Azərbaycanda bir sıra müəssisələrimiz fəaliyyət göstərir. Biz dərman istehsalı sahəsində təcrübə mübadiləsinin gələcəkdə də aparılmasında maraqlıyıq. Azərbaycanlı mütəxəssisləri məhsullarımızla tanış olmağa və danışıqlar aparmağa dəvət edirik. Dərman və tibbi avadanlıqların tədarükünü genişləndirməyə hazırıq”, - deyə Aleksandr Beqlov bildirib.
Şəhər rəhbəri Azərbaycandan olan mütəxəssislərin Sankt-Peterburqda onkoloji klinika və mərkəzlərdə təcrübə keçməsini təklif edib.
Qeyd olunub ki, Azərbaycan və Sankt-Peterburq ənənəvi olaraq ali təhsil sahəsində qarşılıqlı fəaliyyət göstərir. İki ölkə prezidentinin təşəbbüsü ilə Sankt-Peterburq Dövlət Universitetinin nümayəndəliyi və Azərbaycanın aparıcı universitetlərindən birinin bazasında Rusiya-Azərbaycan birgə universitetinin yaradılması nəzərdə tutulur.
Digər mühüm sahə gənclər siyasətidir. Bu il Sankt-Peterburqda yay beynəlxalq təhsil düşərgəsinin ilk sessiyası baş tutub. Bu layihə davam etdiriləcək. Şəhər rəhbəri Sankt-Peterburqun tətil günlərində Bakıdan gələn məktəbliləri qəbul etməyə hazır olduğunu vurğulayıb, ən yaxşı məzunları “Alıe parusa” bayramına dəvət edib.
Sankt-Peterburqda görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsinin qoyulması üzrə işlər davam etdirilir. Musiqiçinin anadan olmasının 140 illiyinin qeyd olunacağı 2025-ci ilin sentyabrında heykəlin açılışı planlaşdırılır. Bakıda isə Dmitri Şostakoviçin abidəsinin ucaldılması nəzərdə tutulur. Hazırda onun üçün yer müəyyənləşdirilir.
Ötən il Bakıda “Sankt-Peterburq Teatr Fəsilləri” festivalı uğurla keçirilib, onun proqramı Azərbaycanda “Heydər Əliyev İli”nə təsadüf edib. Dekabrda Beynəlxalq Muğam Mərkəzinin Sankt-Peterburq Dövlət Akademik Kapellasında çıxışı gözlənilir.