06 Iyul 2024 09:35
1135
Səhiyyə
A- A+

Sağlıq arayarkən xəstəlik tapmayaq

 

Yüksək risk təşkil edən yoluxucu xəstəliklər hazırda dünyanın aktual problemlərindən biridir. Hava, qan, təmas, tüpürcək və digər üsullarla yoluxan bu xəstəliklər sırasında Hepatit B, C, QİÇS və vərəmin adını daha çox eşidirik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, təkcə hepatit virusları hər gün 3500 insanın ölümünə səbəb olur. Bu statistikada hepatit B virusunun payı 83, hepatit C-nin isə 17 faiz təşkil edir. ÜST hepatiti dünyada ikinci ən böyük yoluxucu "qatil" hesab edir.
Qəribəsi odur ki, hepatit xəstəliyinə yoluxma yolları müxtəlif olsa da, bu dəhşətli mərəzə, adətən, sağlamlığımız üçün müraciət etdiyimiz səhiyyə ocaqlarında, xüsusilə stomatoloji müayinələrdə tutulurlar. Bəs bu kimi təhlükəli halların qarşısı necə alınmalıdır? 

 

Hər pasiyent potensial yoluxucu kimi qəbul edilməlidir

 

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-stomatoloq Samirə Osmanova deyib ki, yoluxucu xəstəliyi olan insanlar bunu çox vaxt həkimlərdən gizlədirlər: "Bəzən isə xəstəliyin daşıyıcısı olduqlarından özlərinin belə xəbəri olmur. Buna görə də stomatoloq hər bir pasiyenti potensial yoluxucu kimi qəbul etməlidir. Ağız boşluğunun hər bir millilitrində 2-3 milyarda qədər mikrob var. Bu bakteriya və viruslar hər bir insanın özü üçün zərərsizdir. Lakin sterilizasiya qaydalarına riayət etmədikdə insanın özünə patogen olmayan bakteriyalar başqaları üçün xəstəlik törədə bilər".
S.Osmanovanın sözlərinə görə, son dövrlər infeksiya xəstəlikləri artdığı üçün sterilizasiya xüsusi əhəmiyyət kəsb edir: "Tibbin bir çox sahəsi kimi stomatologiya da çox inkişaf edib. Öncələr sterilizə üçün efir yağlarından, spirt məhlulundan, qaynama üsullarından istifadə edilirdi. Daha sonra termostat tərkibli sterilizə aparatları vasitəsilə quru sterilizasiya aparıldı. Artıq uzun illərdir ki, quru sterilizasiya avtoklavla əvəz olunub. Avtoklav stomatoloji alətləri müəyyən temperaturda və buxarlı təzyiqlə sterilizə edən aparatdır".

 

Düzgün sterilizasiyanın qoruyuculuğu 100 faizdir

 

Həkim-stomatoloq bildirib ki, səhiyyə təşkilatları tərəfindən təsdiqlənən sterilizasiya prosesi bütün dünyada eynidir: "Stomatoloji proses zamanı istifadə olunan bütün alətlər mütləq sterilizə edilməlidir. Tibbi alətlər bir neçə mərhələdə sterilizasiyadan keçirilir. Onlar ilk olaraq axar su ilə yuyulur, daha sonra 15-30 dəqiqə durulaşdırılan sterilizasiya məhlullarına qoyulur. Səthi nahamar olan, diş yonulması üçün istifadə edilən almaz borular kimi stomatoloji alətlər isə dezinfeksiyaedici məhlulla birgə 10 dəqiqə ultrasəs cihazına qoyulur. Ultrasəs təmizləmə  alətin səthindəki gözlə görünməyən, mikroskopik aralıqlardakı kirləri yox edir. Daha sonra tibbi alətlər yenidən yuyulub paketlənərək avtoklavda 121-130 dərəcədə sterilizə edilir. Hər bir stomatoloji alətin özünə uyğun sterilizə dərəcəsi var. Pambıq və bintlərin sterizasiya qaydası isə alətlərdən fərqlidir. Onlar daha az temperaturda sterilizə olunurlar".
Sterilizasiyanın yalnız tibbi alətlərlə bitmədiyini vurğulayan S.Osmanova deyib ki, pasiyentin əyləşdiyi stomatoloji kreslo, toxunduğu səthlər də sterilizə edilir: "Bunun üçün xüsusi məhlullar, spreylər və salfetlər var. Həkimlər müayinə əsnasında  xəstə önlüyündən, əlcəkdən, qoruyucu eynəkdən, tək istifadəlik maska və  baxildən istifadə etməlidirlər. Bununla onlar yalnız pasiyentləri deyil, həm də özlərini və digər tibbi personalı da qoruyurlar. Qeyd etmək lazımdır ki, sterilizasiya prosesi düzgün qaydada və ardıcıllıqla aparılarsa, qoruyuculuğu 100 faiz olar". 

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video