Prezident İlham ƏLİYEV: "Bu işə öz töhfəmizi verməyə hazırıq"
İqlim dəyişmələrinin yaratdığı fəsadları aradan qaldırmaq, sağlam ətraf mühit formalaşdırmaq, bir sözlə, ekoloji problemlərlə mübarizə külli miqdarda vəsait tələb edir. Odur ki, bir neçə aydan sonra Azərbaycanda keçiriləcək COP29-da müzakirə ediləcək əsas məsələlərdən biri də məhz budur.
2030-cu ilə qədər iqlim və ətraf mühit üçün ən azı 1 trilyon dollar investisiya lazımdır. Bunu COP20-nin prezidenti olmuş WWF-nin iqlim və enerji məsələləri üzrə rəhbəri Manuel Pulqar-Vidal deyib. Qeyd edək ki, WWF, yəni World Wide Fund for Nature təbiətə qarşı ziyanı dayandırmağı və vurulan ziyanı bərpa etməyi hədəfləyən beynəlxalq qeyri-hökumət təşkilatı, Ümumdünya Təbiəti Mühafizə Fondudur. Dünyada beş milyondan çox tərəfdarı olan bu ən böyük mühafizə təşkilatı 100-dən çox ölkədə fəaliyyət göstərir. İndiyədək minlərlə ətraf mühit layihəsini dəstəkləyib.
WWF-in rəsmisi M.Vidal COP29-la bağlı gözləntilərini bildirərək deyib ki, Azərbaycan bu tədbirlə bağlı iddialı nəticəyə nail olmaq üçün fəaliyyətini gücləndirməli və iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının bütün tərəflərini səfərbər etməlidir: "Azərbaycanın COP29-a evsahibliyi etməsi ona təkcə danışıqları təşviq etmək deyil, həm də gələcək nəsillər üçün miras yaratmaq imkanı verir. Dəqiq müddətlərin müəyyən edilməsi, ekspert məsləhətləşmələrindən istifadə, maliyyə danışıqlarının intensivləşdirilməsi və öhdəliklərin yerinə yetirilməsi üçün ölkələrə təzyiq COP-un uğurlu olmasına səbəb ola bilər".
O, həmçinin qeyd edib ki, COP28 sazişi qalıq yanacaq dövrünün "sonunun başlanğıcı" olmalı idi: "Ancaq Dubaydakı sammitdən sonra irəliləyiş məyusedici dərəcədə yavaş idi. 1,50 C-lik hədəf üçün fürsət pəncərəsi tez bağlanır. Biz Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik".
M.Vidalın sözlərinə görə, maliyyə danışıqlarının səmərəli idarə olunması proaktiv addımlar atmaq və lazımi maliyyələşmənin miqyasının qəbul edilməsi tələbini irəli sürəcək. 190-dan çox ölkənin ehtiyacları və tələbləri arasında balans yaratmaq çətin məsələ olsa da, biznes, hökumət və vətəndaş cəmiyyəti liderləri ilə qarşılıqlı fəaliyyət sayəsində mümkündür.
Bu mövzu Meksikanın nüfuzlu ali təhsil ocaqlarından olan Meksika Milli Muxtar Universitetinin professoru Talya İşcanın müəllifliyi ilə tanınmış "Milenio" qəzetində dərc edilmiş COP29-a dair məqalədə də işıqlandırılıb.
Müəllif məqalədə inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi təsirlərinin azaldılması və uyğunlaşma strategiyalarını həyata keçirə bilmələri üçün inkişaf etməkdə olan ölkələrə adekvat maliyyələşdirmə yardımının etməsinin vacibliyindən də söz açıb. Meksikanın iqlim dəyişikliyinin nəticələrindən əhəmiyyətli dərəcədə əziyyət çəkdiyini xatırladaraq Meksika və digər inkişaf etməkdə olan ölkələrin COP29-da müzakirə olunacaq iqlim maliyyələşdirməsindən faydalana bilmə imkanından danışıb. Bu maliyyələşmənin "yaşıl infrastruktur" layihələri, bərpaolunan enerji və iqlimə davamlılıq proqramları üçün çox vacib olduğunu, COP29-un gündəliyinə iqlim maliyyələşdirilməsi mexanizmləri, Paris sazişinin icrası və istixana qazları emissiyalarının azaldılması naminə beynəlxalq əməkdaşlıq üzrə müzakirələrin daxil olacağını, habelə iqlim ədaləti, həssas icmaların dayanıqlılığı və iqlim dəyişikliyi ilə mübarizə üçün texnoloji yeniliklər kimi mövzulara toxunulacağının gözlənildiyini deyib.
Sonda Meksika-Azərbaycan münasibətlərinə toxunan müəllif iki ölkə arasında münasibətlərin möhkəmləndiyini, təhsil, mədəniyyət və xüsusilə ətraf mühitin mühafizəsi kimi sahələrdə ortaq maraqları bölüşdüyünü bildirib. Davamlılıq layihələri üzrə əməkdaşlığın bilik və "yaşıl texnologiya"ların mübadiləsi baxımından hər iki ölkəyə fayda verə biləcəyini qeyd edib.
Azərbaycanın "yaşıl gündəliyi" artıq dünyaya bəllidir. Bu istiqamətdə işlərimiz hələ COP29-un ölkəmizdə keçirilməsinə qərar verilməzdən çox əvvəl başlanıb. Cari ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə ölkəmizin COP29-a evsahibliyi etməsi də, əslində, bir-birini tamamlayır. O ki qaldı sözügedən mövzuya, buna Prezident
İlham Əliyev dəfələrlə toxunub. Elə iyulun 20-də Şuşada keçirilən II Qlobal Media Forumunu xatırlayaq. Həmin tədbirdə dövlətimizin başçısı demişdir: "Elə bir platforma yaradılmalıdır ki, daha geniş maliyyə imkanlarına malik olan ölkələr digərlərinə kömək etsin... "OPEC+" formatının üzvü olaraq biz neft istehsalçısı olan ölkələrlə bu sahədə öz işimizi gördük. Əlbəttə, daha çox gəlir əldə edən ölkələr daha çox maliyyə töhfəsi verməlidir. O ölkələr ki, atmosferə daha çox tullantı buraxır və pulları var, onlar da maliyyə baxımından töhfə verməlidir. Ancaq beynəlxalq səviyyədə qiymətləndirmə odur ki, buna trilyonlarla dollar vəsait lazımdır və bu vəsait haradan gələcək? Bu, çox açıq bir sualdır. Yəni inkişaf edən ölkələrə dəstək göstərilməlidir və dediyim kimi, biz inkişafda olan kiçik ada ölkələri üçün fond yaratdıq. Ancaq biz inkişaf etməkdə olan hər bir ölkə ilə bağlı fond yarada bilmərik. Bizim o qədər pulumuz yoxdur. Əlbəttə, bu işdə həmrəylik olmalıdır və digərlərini təşviq etməliyik ki, bizim nümunəmizə uyğun olaraq hərəkət etsinlər. Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun. Biz ona görə də bu ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etmişik. Demirəm ki, biz bütün hədəflərimizə tam şəkildə nail olacağıq, ancaq bu işə öz töhfəmizi verməyə hazırıq".
Flora SADIQLI,
"Azərbaycan"