12 Iyul 2024 09:10
800
Səhiyyə
A- A+

Rotavirus sürətlə yayılır

 

Kəskin qarın ağrıları, sancılar, yüksək hərarət və ümumi halsızlıq bu virusun əlamətləridir

 

Yoluxucu xəstəliklər dünyanın ən qlobal problemlərindən biridir. Mövsümdən asılı olaraq, bu xəstəliklərdə zaman-zaman artım müşahidə olunur. İnfeksion xəstəlikləri törədən virus və bakteriyalar orqanizmə hava-damcı, su və qida vasitəsilə, habelə xəstə insanların əşyalarından istifadə etməklə keçir.
Son günlər ölkəmizin paytaxt və regionlarında rotavirus və konyuktivit kimi yoluxucu xəstəliklərin yayılması müşahidə olunur. Bununla bağlı sağlamlıq müəssisələrinə müraciətlərin də sayı artıb.

 

Uzunmüddətli simptomlar təhlükəlidir

 

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist Aişə Kərimova deyib ki, yay mövsümündə rotavirus və göz xəstəliklərinin artması tez-tez rast gəlinən haldır: "Bunun bir neçə səbəbi var: mövsümi dəyişikliklər, gigiyena qaydalarına riayət edilməməsi, su və qida mənbələrinin çirklənməsi, sosial təmasların artması və immunitetin zəifləməsi. İsti hava şəraiti virusun daha asan yayılmasına səbəb olur. Bu zaman gigiyena qaydalarına riayət etmədikdə, xüsusilə əllər düzgün yuyulmadıqda rotavirus və göz infeksiyaları yayılır. Çirkli su və qida mənbələrindən istifadə də rotavirusun yayılmasının səbəbidir. Yay mövsümündə insanların daha çox bir araya gəlməsi, səyahət etməsi və ictimai yerlərdə daha çox vaxt keçirməsi virusların yayılmasını artırır".
A.Kərimovanın sözlərinə görə, rotavirus və göz xəstəlikləri ilə bağlı müraciət edənlərin demoqrafik xüsusiyyətləri və şikayətləri müxtəlif olsa da, spesifik simptomlar eynidir: "Ən çox rast gəlinən əlamətlər arasında qusma və ishal müşahidə edilir. Bu vəziyyət uşaqlarda ciddi dehidratasiya  yarada bilər. Belə ki, xüsusilə 5 yaşa qədər olan uşaqlar rotavirus infeksiyasına daha çox məruz qalırlar. Kəskin qarın ağrıları, spazmşəkilli sancılar, yüksək hərarət və ümumi halsızlıq da virusun əlamətləridir. Uşaqlarla birlikdə immunitetləri zəif olduğu üçün yaşlı insanlar və xroniki xəstəliyi olanlar da risk altındadırlar".
Həkim-infeksionist qeyd edib ki, rotavirus əlamətləri müşahidə edildikdə müvafiq addımlar atılmalıdır: "Dehidratasiya riski səbəbilə bol su və elektrolit məhlulları qəbul edilməlidir. Xəstə pəhriz saxlamalı, qida rasionuna yüngül qidalar, düyü və banan əlavə olunmalıdır. Mümkün qədər dincəlmək və bədənin özünü toplaması üçün müəyyən müddət vermək lazımdır. Əgər xəstədə uzunmüddətli simptomlar, üç gündən çox davam edən ishal və qusma, habelə şiddətli dehidratasiya müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət edilməlidir". 

 

Zamanında göstərilən tibbi müdaxilə ciddi fəsadların qarşısını alır

 

İnsanlar yay mövsümündə hovuzlardan və digər su mənbələrindən infeksiyalara, birbaşa Günəş şüalarına uzun müddət məruz qaldıqda və gigiyena qaydalarına riayət etmədikdə konyuktivitlə üzləşirlər. Həkim-infeksionist bildirib ki, konyuktivitin əsas əlamətləri gözlərin qızarması, qaşıntı, yanma hissi, davamlı göz yaşarması, sulanma, bulanıq görmə, işığa həssaslıq, gözlərin künclərində və kirpiklərdə çirk yaranmasıdır. Göz infeksiyalarının qarşısını almaq üçün gözləri və əlləri tez-tez yumaq, təmiz dəsmaldan istifadə etmək, ovuşdurmaqdan çəkinmək lazımdır. Kontakt linza istifadəçiləri hovuz və ya dənizə gedərkən, gözlərində narahatlıq hiss etdikdə linzaları çıxartmalı və müvəqqəti olaraq istifadə etməməlidirlər. İnsanlar bir həftədən çox davam edən görmədə ciddi bulanıqlıq və kəskin göz ağrısı yaşayarlarsa, mütəxəssisə müraciət etməlidirlər.
"Rotavirusdan qorunmaq üçün uşaqlara rotavirus peyvəndi vurulması tövsiyələr arasındadır. Gigiyena qaydalarına, təmiz sudan istifadəyə və qida təhlükəsizliyinə riayət etmək, gözləri təmiz saxlamaq, Günəş və üzgüçülük eynəklərindən istifadə etmək, kontakt linzaların təmizliyinə diqqət yetirmək və düzgün istifadə etmək lazımdır. Bu addım və tədbirlər həm rotavirus, həm də göz xəstəliklərinin qarşısını almaq üçün lazımdır. Zamanında göstərilən tibbi müdaxilə və düzgün diaqnozla ciddi fəsadların qarşısını almaq mümkündür", - deyə A.Kərimova vurğulayıb.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video