24 İyun 2025 08:05
660
İQTİSADİYYAT
A- A+
Regional inkişaf trayektoriyası: nailiyyətlər və gələcəyə baxış

Regional inkişaf trayektoriyası: nailiyyətlər və gələcəyə baxış


Müasir dövlət idarəçiliyində regionların sosial-iqtisadi inkişafı mühüm prioritetlərdən biri kimi çıxış edir. Azərbaycanda regionların inkişafı siyasəti kompleks və mərhələli yanaşmaya əsaslanmaqla dövlət proqramları çərçivəsində həyata keçirilir. İlk dəfə 2004-cü ildə qəbul olunan və sonrakı illərdə davam etdirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları bölgələrin iqtisadi, sosial və infrastruktur potensialının gücləndirilməsində mühüm rol oynayıb.


İnfrastruktur quruculuğu və sənaye təşəbbüsləri


Son 20 ildə regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş 4 dövlət proqramı çərçivəsində regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil etmişdir. Bu vəsaitlər əsasən infrastruktur sahələrin inkişafına yönəldilib. Bu çərçivədə həyata keçirilən tədbirlər nəticəsində yeni yollar, elektrik, qaz və su xətləri çəkilib, minlərlə ailənin sosial şəraiti yaxşılaşdırılıb. Kəndlərdə və rayon mərkəzlərində məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri, digər sosial obyektlər inşa olunub və ya bərpa edilib. 

Eyni zamanda kənd təsərrüfatının inkişafı üçün aqroparklar, emal müəssisələri və logistika mərkəzləri yaradılıb, kənd əhalisinin istehsal etdiyi məhsulların bazara çıxışı asanlaşdırılıb. Sənaye zonalarının və iqtisadi klasterlərin yaradılması regional iqtisadiyyatın dayanıqlılığını artıran mühüm amillərdən birinə çevrilib. 

Rəqəmsallaşma prosesləri regionların sosial-iqtisadi inkişafının mühüm komponentlərindən biridir. Elektron hökumət, internet üzərindən xidmətlər, rəqəmsal bacarıqların inkişaf etdirilməsi, regionlarda "ASAN xidmət" mərkəzlərinin yaradılması əhalinin dövlət xidmətlərinə əlçatanlığını artırıb, vətəndaş məmnuniyyətinin yüksəlməsinə səbəb olub. 

Regionlarda yeni təhsil müəssisələri, universitetlər yaradılıb, gənclərin təhsil alması, asudə vaxtlarının səmərəli təşkili və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Son 20 ildə regionlarda iki universitet, bir institut, səkkiz universitet filialı olmaqla on ali təhsil müəssisəsi yaradılıb və fəaliyyətə başlayıb. 


Naxçıvan: yeni iqtisadi reallıqlar və prioritetlər


Azərbaycanın çoxəsrlik tarixində özünəməxsus yeri olan, zəngin ictimai-siyasi və elmi-mədəni irsə, geosiyasi əhəmiyyətə malik regionlarından biri də Naxçıvan Muxtar Respublikasıdır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası muxtar respublikada da iqtisadiyyatın inkişafı, yeni müəssisə və obyektlərin yaradılması, infrastrukturun yenilənməsi ilə nəticələnib. 

Bundan əlavə, hər il Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı ayrıca qərarlar qəbul edilib. Təkcə son 5 il ərzində Prezident İlham Əliyev tərəfindən muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını tənzimləyən 10 fərman və sərəncam imzalanıb. Şərur Sənaye Məhəlləsinin yaradılması barədə Azərbaycan Prezidentinin 13 sentyabr 2019-cu il tarixli Fərmanı ilə Naxçıvanda ilk sənaye məhəlləsinin yaradılmasına başlanılıb.

Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin 19 may 2021-cin il tarixli Sərəncamı mühüm sosial və iqtisadi əhəmiyyətli infrastruktur sahəsinin inkişafına hədəflənib. Ordubad Su-Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli Sərəncamı muxtar respublikanın "yaşıl enerji" potensialının iqtisadi dövriyyəyə daxil edilməsi istiqamətində mühüm addımdır.

"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" Naxçıvan üçün olduqca böyük əhəmiyyətə malik kommunikasiya infrastrukturunun reallaşdırılmasına xidmət edir. 

Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanı ilə müvafiq sahələrdə yeni idarəetmə modellərinin tətbiqinə başlanılıb.

Naxçıvan Sənaye Parkının yaradılması haqqında Azərbaycan Prezidentinin 5 dekabr 2024-ü il tarixli Fərmanı ilə Naxçıvan şəhərindən 12 kilometr cənub-qərbdə, Naxçıvan-Sədərək avtomagistralı üzərində 310 hektar torpaq sahəsi ayrılıb, ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə vəsait ayrılıb.

Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının icrası yaxın gələcəkdə Naxçıvanda elektrik enerjisi istehsalının artırılmasını və elektrik enerjisi ixracının həyata keçirilməsini təmin edəcək.

Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Prezidentinin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə muxtar respublikada qaz istismar xidmətinin funksiyalarının Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ötürülməsi qaz təsərrüfatının sağlamlaşdırılması və dayanıqlı qaz təminatının həyata keçirilməsi üçün mühüm addımdır.

Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 mart 2025-ci il tarixli Sərəncamı  Naxçıvan şəhərinin ictimai nəqliyyat sisteminin inkişafı üçün mühüm töhfə verəcək.  


Regionun sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramı


"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı isə regionun inkişafında yeni bir mərhələnin əsasını qoyub. Dövlət proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsini, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını, muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. 

Bu məqsədə nail olmaq üçün 2023-2027-ci illər üzrə 11 prioritet istiqamət müəyyən olunub, dövlət proqramının həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılıb. Muxtar respublikanın iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından və tranzit imkanlarından səmərəli istifadə etməklə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı tədbirlər sözügedən prioritet istiqamətlər nəzərə alınmaqla gerçəkləşdiriləcək.


İğdır-Naxçıvan qaz kəməri


Artıq Azərbaycanın təbii qazı Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilmişdir. Ötən il ölkəmizin qaz ixracatı 25 milyard kubmetrə çatmışdır.  Bununla bərabər, ölkənin regionlarının, xüsusilə də eksklav şəraitə malik Naxçıvanın Muxtar Respublikasının etibarlı enerji təminatı prioritet məsələ kimi diqqətdə saxlanılıb. Bunun bariz nümunəsi olan və bir müddət əvvəl açılış mərasiminə şahidlik etdiyimiz İğdır-Naxçıvan qaz kəməri dayanıqlı enerji təminatını, həm də türk dünyasının bütövlüyünə və güclənməsinə xidmət missiyasını yerinə yetirir. 

Ötən illər ərzində reallaşdırılmış Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi nəhəng enerji layihələri iki qardaş ölkə arasında iqtisadi bağlılığı daha da möhkəmləndirmişdir. İğdır-Naxçıvan qaz kəməri isə bu uğurlu enerji əməkdaşlığının yeni mərhələsidir. 97,5 kilometr uzunluğu olan və gündəlik 2 milyon kubmetr qaz nəql etmək gücünə malik kəmər muxtar respublikanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, onun iqtisadi inkişafına da ciddi təkan verəcəkdir. 


Zəngəzur dəhlizi və Qars-İğdır-Naxçıvan dəmir yolu


Gələcəyə baxarkən regional inkişaf trayektoriyasının ən mühüm istiqamətlərindən birininin Zəngəzur dəhlizi olacağı şübhəsizdir. Bu layihənin reallaşması həm ölkəmiz, həm region dövlətləri, həm də daha geniş geosiyasi məkan üçün mühüm nəticələr doğuracaq. 

Əvvəla, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru bağlantını təmin etməklə, uzun illər davam edən kommunikasiya blokadasına son qoyacaqdır. Bu həm Naxçıvanın sosial-iqtisadi inkişafına, həm də əhalinin rahatlığına birbaşa təsir göstərəcək. 

İkincisi, bu dəhliz Orta dəhliz adlanan beynəlxalq nəqliyyat marşrutunun bir hissəsinə çevriləcəkdir. Çin, Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya qədər uzanan ticarət yollarının mühüm bir qovşağı Zəngəzurdan keçəcək. Bu isə ölkəmizin tranzit potensialını gücləndirəcək və beynəlxalq nüfuzunu daha da artıracaq. 

Üçüncüsü, dəhlizin açılması regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək, Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı əlaqələri gücləndirəcək, sabitlik və inkişafa yol açacaq. Eyni zamanda dəhliz yeni iş yerlərinin açılması, infrastrukturun inkişafı və turizm imkanlarının genişlənməsi baxımından da mühüm rola malik olacaq. Bu, təkcə iqtisadi deyil, həm də sosial rifahın yüksəlməsi deməkdir.

Regional inkişaf trayektoriyasının yaxın gələcəkdə reallaşacaq daha bir hissəsi isə Qars-İğdır-Naxçıvan dəmir yoludur. Bu layihə Zəngəzur dəhlizinin bir hissəsidir. Qars-Naxçıvan dəmir yolu Azərbaycan və Türkiyə arasında yeni nəqliyyat bağlantısı yaratmaqla eyni zamanda qlobal nəqliyyat və ticarət marşrutlarının əsas arteriyalarından birinə çevriləcək. 

Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin uzunluğu 224 kilometr olmaqla 5 il ərzində tamamlanması planlaşdırılır. Bu layihə Naxçıvanın iqtisadi inkişafı üçün mühüm bir mərhələdir. Yeni dəmir yolu xətti ilə muxtar respublikaya yük və sərnişin axını artacaq, bu da yerli biznesin canlanmasına, yeni iş yerlərinin açılmasına və xidmət sektorunun genişlənməsinə səbəb olacaq.

İranla imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən qısa və səmərəli nəqliyyat bağlantısı imkanı əldə ediləcək. Bu yol Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq. İnşası davam etdirilən Horadiz-Ağbənd dəmir yolu xətti regionun əsas nəqliyyat xətlərindən biri olmaqla yanaşı, həm müxtəlif nəqliyyat kommunikasiyalarının şaxələndirilməsi, həm də beynəlxalq yükdaşımaların səmərəli təşkili üçün yeni imkanlar yaradacaq. Layihələrin reallaşması ilə ikitərəfli və regional nəqliyyat-tranzit əlaqələrinin, yükdaşımaların artırılması, logistik imkanların genişlənməsi və ümumilikdə geniş kommunikasiya bağlantılarının yaradılması mümkün olacaq.


Naxçıvan: "yaşıl enerji" layihələri


Ölkənin regional inkişaf trayektoriyasında Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirən və onu enerji mərkəzinə çevirən yeni bir inkişaf mərhələsi başlanır. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanın "yaşıl enerji" zonası elan edilməsi də dövlət başçısının mütərəqqi inkişaf siyasətinin təzahürüdür. Muxtar respublikada günəş və külək elektrik stansiyalarının quraşdırılması üçün 8 min hektara yaxın kənd təsərrüfatına yararsız torpaqlar bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

2023-cü ilin iyun ayında "Bakı Enerji Həftəsi-2023" çərçivəsində Naxçıvanda keçirilən "Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı" mövzusunda xüsusi sessiyada "Total Energies" və "Nobel Energy Management" şirkətləri ilə ümumi gücü 900 meqavat olan günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalanmışdır. Bu güclərin 650 meqavatı məhz Naxçıvanda yaradılacaq. Nəzərdə tutulan "yaşıl enerji" layihələri həm Naxçıvanı, həm də Şərqi Zəngəzuru "yaşıl enerji"nin istehsal və istehlakı ilə bərabər ixracının da mənbə və marşrutuna çevirəcək.

Regional iqtisadi inkişafda bu gün əldə olunmuş nəticələr və gələcək gözləntilər, iqtisadiyyatımızın gücləndirilməsi ilə yanaşı, eyni zamanda milli suverenliyin qorunması və möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır. Suverenlik yalnız siyasi müstəqillik deyil, həm də iqtisadi müstəqilliyi təmin edən vacib bir prinsipdir. Regional inkişaf xəttinin  davam etdirilməsi daxili resurslar hesabına ölkəmizin xarici təsirlərdən asılılığını azaldacaq, iqtisadi müstəqilliyin möhkəmləndirilməsinə xidmət edəcək, beynəlxalq münasibətlərdə və ticarətdə mövqeyini daha da gücləndirəcək. 


Müslüm CABBARZADƏ,

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər  

22:39
07 İyul

“Həmrəyliyin təşviqi: humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım” mövzusunda müzakirələr aparılıb  

22:38
07 İyul

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusu müzakirə edilib  

22:37
07 İyul

“Xarici siyasətin kommunikasiyası və parlament diplomatiyası” mövzusunda panel müzakirəsi olub  

22:36
07 İyul

Ukrayna Rusiyanın hərbi təmayüllü zavoduna hava zərbələri endirib  

22:35
07 İyul

Ermənistan parlamenti Seyran Ohanyanın deputat toxunulmazlığını ləğv edib  

22:34
07 İyul

Dövlət Komitəsinin sədri Bahar Muradova Balakən rayonunda vətəndaşlarla görüşəcək  

22:33
07 İyul

Azərbaycanı kişi voleybolçular arasında avrokuboklarda təmsil edəcək komandalar bəlli olub  

22:32
07 İyul

Azərbaycanın qaz ixracında 16 illik rekord nailiyyəti 

20:00
07 İyul

Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırıb

19:59
07 İyul

Azərbaycan və Türkiyə Ali məhkəmələri arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb  

19:56
07 İyul

Heydər Əliyev Beynəlxalq Aeroportuna enerji idarəetməsi üzrə beynəlxalq sertifikat verilib  

19:54
07 İyul

Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib  

19:51
07 İyul

Azərbaycan və Çin arasında Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkili prioritetdir  

19:48
07 İyul

Konstitusiya Məhkəməsində yeni hakimlərin kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirilib  

19:46
07 İyul

Bakıda “Biznes hüququ” mövzusunda 9-cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılışı olub  

19:44
07 İyul

Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar  

19:42
07 İyul

Azərbaycan ilə Pakistan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə edilib  

19:38
07 İyul

Leysan olacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ  

19:37
07 İyul

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub  

19:36
07 İyul

Fransanın “Rafale” qırıcılarının növbəti uğursuzluğu: Belçika və Peru ondan imtina etdi  

16:37
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!