Bu yayın arxada qalan vaxtında havalar necə deyərlər, qeyri-sabit keçdi. Belə ki, çox isti günlər arada növbəsini yağışa-yağmura, küləyə verdi. Ancaq ulularımızın öyüdüdür ki, heç bir havaya "pisdir" deməzlər. Bunu hər gün Qubaya təşrif buyuran çoxsaylı yerli və xarici turistlərin əhvali-ruhiyyəsində də görmək olar.
Şahdağın ətəklərində və Qudyalçayın sahilində qərar tutan bu əsrarəngiz bölgəmizə ilin bütün fəsillərində səyahətə gələn minlərlə təbiət həvəskarına rast gəlmək mümkündür. Bu yay başlayandan bəri də paytaxtdan şimal istiqamətində istirahətə yollanan insanlar dağlarda və dərələrdə, tarixi qədim dövrlərə gedib çıxan yaşayış məskənlərində gəzib dolaşırlar. Çoxları da buraya təkrar yolu düşənlərdir. Çünki Qubaya bir dəfə gələn sanki ovsunlanır və bu füsunkar diyara yenə qayıdır. Bunun başlıca səbəblərindən biri ölkəmizdə turizmin inkişafı üçün geniş imkanların açılmasıdır. Sahənin inkişafına dövlət qayğısı onun daha da iri miqyasda genişlənməsini təmin edir.
Zəngin flora və faunaya, özünəməxsus təbiətə malik Quba bütün dövrlərdə qonaqlarını heyran edən məkan olsa da, insanların maraqla axışdığı turizm bölgəsinə son illərdə çevrilib. Paytaxtdan gəlib rayonun ərazisinə çatdıqda yolun sağındakı və solundakı mənzərələr insanı valeh edir. Dağ kəndləri turistləri xüsusilə özünə çəkir. Odur ki, Qubada əsasən dağ, kənd, çadır turizminin geniş yer alması təsadüfi deyil.
Turistlərin əsas marşrutlarından biri Xınalıq istiqamətindədir. Bu məkana turist axınını Xınalığın tarixi, qədim yaşayış məskənlərinin indiyədək qalması şərtləndirir. Əvvəllər kəndin yolu təmirsiz idi. Prezident İlham Əliyevin tapşırığı ilə Xınalığa gedən yol demək olar ki, yenidən tikildi. Eyni zamanda ətraf kəndlərə də yol çəkildi. Bu gün həmin kəndlərdə yeni turizm ənənələri yaradılır.
Haput, Qrız, Cek, Afurca, Gültəpə, Nügədi və digər kəndlərdə əsasən kənd turizmi genişlənir. May ayının axırlarından başlayaraq həmin kəndlərin ərazilərində yerləşən evlərin çoxu turistlər tərəfindən kirayə edilir. Təkcə Gültəpə kəndinə çəkilən yolda indi aramsız olaraq maşınlar şütüyür. Yerli sakinlər bildirirlər ki, 170 evi olan kəndin yarısında turistlər qonaqlanırlar. Bu da kənd sakinlərinin ailə büdcəsinə dəstəkdir. Hər gün bu kəndlərin mənzərələrini seyr edən, tarixi, etnoqrafiyası ilə maraqlanan neçə-neçə turistə rast gəlmək mümkündür. Çoxları isti yay günlərində iri qayaların, daş parçalarının yaxınlığında gəzib dolaşmaqdan yorulmur. Çadırlarda qalmağı özlərinə adrenalin sayanlar da az deyil.
Bu bölgədəki kəndlər qədim qalaları, tarix-mədəniyyət abidələri ilə də məşhurdur. Xalçaçılıq, misgərlik sənətləri davam etdirilir. Rayona gələn səyahət həvəskarları arasında bütün bunlara maraq göstərənlər də var. Səfər zamanı onlar hətta xalçaçılara yaxınlaşır və bəziləri xana arxasına keçərək öz ilmələrini də vurmaqdan zövq alırlar.
Beləliklə, istirahət və gəzinti üçün seçim boldur. Turistlərə bir sıra marşrutlar təklif olunur. Əsas olaraq Xınalıq götürülsə də, Qrız, Qəçrəş marşrutları da cəlbedicidir. Son illərdə Qonaqkənd istiqamətində yolların təmiri bu ərazilərdə də turist artımına səbəb olub. Eyni zamanda səfalı Möhüc, Tülər, Yenikənd kimi dağ kəndləri də yeni turist marşrutuna çevrilib. Təxmini hesablamalara görə, son aylarda Qubaya gələn turistlərin sayı 35 mindən çoxdur.
Qubada hotel turizmi də inkişaf etməkdədir. Bunu istifadəyə verilən hotel və SPA mərkəzlərində istirahət edənlərin sayının xeyli artması da göstərir.
Saysız-hesabsız təamlarla zəngin olan, turistlərə səliqəli şəkldə təqdim edilən Quba mətbəxinin isə yeri bambaşqadır. Bir çox istirahət mərkəzlərinin özlərinin hazırladıqları təamlar da var ki, bu da turistlər tərəfindən xoş qarşılanır və şifariş olunur. Hazırda menyuya hətta dünya ölkələrinin mətbəxindən bəzi nümunələr də daxil edilib.
Multikultural dəyərlərin hörmətlə qorunduğu Qubada azsaylı xalqların nümayəndələri də yaşayırlar. Tat, yəhudi, ləzgi, Ahıska türklərinin mədəniyyəti turizm sektoru üçün yeni məqamlar açıb. Onların tarixi kökləri ilə maraqlanan turistlər ilk növbədə Qubaya üz tuturlar.
Turistlərin böyük hissəsi Quba Memorial Soyqrımı Kompleksini ziyarət edir. Burada onlara beş dildə hazırlanmış kitablar paylanır. Bununla da səyahətçilər Azərbaycanda zaman-zaman törədilən soyqırımları, vəhşiliklər haqqında dəqiq məlumat əldə edirlər. Soyqırımı kompleksi azərbaycanlılara qarşı törədilən qətlamın canlı tarixidir.
İnformasiya texnologiyalarının inkişaf etdiyi indiki dövrdə hər bir turist istirahət etdiyi yerdən özünün yaşadığı şəhərə, rayona, yaxud ölkəyə xeyli maraqlı məlumat apara bilir. Şəkil, video və s. səfərdən yadigar qalır və turistlər onları təbii ki, öz çevrələrindəki insanlara göstərirlər. Beləlikə, həmin qohum və tanışlar da növbəti istirahətlərini planlaşdırarkən elə Qubanı seçirlər.
Akif ƏLİYEV,
"Azərbaycan"