Azərbaycan Fransanın Cənubi Qafqazda məkrli planlar həyata keçirməsinə imkan verməyəcək
"Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi müəyyən beynəlxalq dairələri, o cümlədən Fransanı ciddi narahat edir. Çünki dövlətimizin erməni işğalçılarını torpaqlarımızdan qovması ilə Fransa kimi ölkələrin Cənubi Qafqazdakı planları pozulub".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. O bildirib ki, bu səbəbdən də rəsmi Paris davamlı olaraq ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir. Fransa ermənilərdən çox ermənilik edərək hər fürsətdə ölkəmizlə bağlı qərəz və böhtan dolu mövqe ortaya qoyur. Bu ölkənin Avropa və xarici işlər naziri Jan-Noel Baronun Avropa İttifaqının XİN başçılarının iclasında Azərbaycan haqqında birtərəfli və ermənilərin mövqeyinə uyğun fikirlər səsləndirməsi də bunun göstəricisidir. Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə münasibətini artıq bildirib və fransız nazirin iddialarını rədd edərək pisləyib. Bəyanatda qeyd olunduğu kimi, Fransanın siyasətindəki ikili yanaşma, yəni sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət isə regionda davamlı sülh perspektivlərinə mane olur.
Deputatın sözlərinə görə, Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi Cənubi Qafqazda sülh üçün ən böyük təhdidlərdən biridir: "Sülh sazişinin mətni razılaşdırılsa da, Ermənistanın yerinə yetirməli olduğu bəzi şərtlər var. Rəsmi Paris bunu anlamalıdır. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalı, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Otuz il ərzində Ermənistanın işğalçı siyasətinin nəticələrinə biganə qalan Fransa indi öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan haqqında əsassız olaraq dezinformasiya yayır. Rəsmi İrəvanın da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Paris mütəmadi olaraq reallıqları təhrif etmək üçün canfəşanlıq göstərir. Fransa Avropa İttifaqının müşahidə missiyası adı altında öz casuslarını Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirib. Fransanın Ermənistandakı səfiri Olivye Dekotini dəfələrlə Azərbaycanla sərhədə gəlib, hansısa "təftiş" aparmağa çalışıb. Eləcə də Ermənistana səfər edən Fransa rəsmiləri və deputatları da Avropa İttifaqının Ermənistandakı müşahidəçilər missiyasının üzvləri ilə birlikdə sərhəddə olublar. Bir müddət əvvəl isə missiyanın avtomobil karvanında Aİ-nin bayrağı ilə yanaşı, Fransa bayrağının da olması rəsmi Parisin gerçək niyyətini aşkara çıxardı. Bütün bunlar göstərir ki, Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır".
Rəsmi Parisin qərəzli mövqeyinin Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət etdiyini vurğulayan S.Fətəliyeva bildirib ki, bu, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan regionda yeni reallıqlar yaradır. Dövlətimiz Fransanın bu regionda məkrli planlar həyata keçirməsinə imkan verməyəcək.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"