Yaxınlarının, doğmalarının dediklərinə görə küçədə, yolda qarşılaşanlar ona salam verəndə: "Salam, Cəbiş müəllim, necəsiz?"- deyə soruşarmışlar. O da cavab verərmiş ki, axı mənim öz adım var.
Söhbət Azərbaycanın Xalq artisti, görkəmli aktyor Süleyman Ağababa oğlu Ələsgərovdan gedir. Doğrudan da, insanlar bu böyük sənətkarı yüksək məharət və bacarıqla canlandırdığı Cəbiş müəllim obrazı ilə tanıyıb sevərdilər. Təbiidir ki, bu, aktyorun xoşbəxtliyidir, sənət uğurudur, həm də xalqın ona olan sevgisinin sonsuz təcəssümüdür. Bu həm də hər aktyora nəsib olmayan səadətdir.
Həyat və yaradıcılıq yollarını vərəqlədikcə öyrənirik ki, Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915-ci ildə Bakı şəhərində anadan olub. Yeddiillik təhsilini başa vurduqdan sonra Maliyyə Texnikumuna qəbul olub. Üç il bu təhsil ocağında oxuyub biliklərini artırıb. İmtahanlarını uğurla verərək iqtisadçı diplomu alıb. Hələ kiçik yaşlarından həkim olmaq arzusu ilə yaşayan Süleyman istəyinə çatmaq üçün Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib. Sınaqlardan uğurla keçərək tələbə adı qazanıb. Böyük həvəslə tibb təhsilini uğurla davam etdirib. Gələcəyin böyük aktyoru oxumaq həvəsi ilə teatr dərnəklərinə gedib, bu sahəyə də böyük maraq göstərib. Günlər keçdikcə aktyorluq peşəsinə olan sevgi və məhəbbəti artıb. Süleyman Ələsgərov ilk dəfə səhnəyə 1933-cü ildə Bakıdakı Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Onun sənət yollarında atdığı ilk addım çox uğurlu olub. Dərnəklərə böyük sevgisi onu bu sənətə, səhnəyə daha da möhkəm tellərlə bağlayıb. Aktyorluq sənətinə olan marağı onu həmişəlik olaraq səhnəyə gətirib. Buna görə də tibbi təhsilini yarımçıq qoyub.
Həyatda səbəbsiz baş verməyən hadisə yoxdur. Özünün də xatirələrindən məlum olur ki, həkimliklə vidalaşmasına səbəb gələcəkdə tamaşaçıların sevimli aktyoruna çevriləcək Xalq artistinin görkəmli sənətkar Əliağa Ağayevlə təsadüfən rastlaşması olub. Süleyman Ələsgərov xatirələrində bu haqda belə deyir: "Bəlkə də səbəbkar rəhmətlik Əliağadır. 1928-ci iliydi. Dağıstanda pioner düşərgəsindəydik. Bizi cərgəyə düzmüşdülər, mən onuncuydum. Qayda beləydi: hər kəs sırada neçənci olduğunu yüksəkdən deməliydi. Növbə mənə çatanda "desyat" dedim. Məndən sonra dayanan oğlansa "odinnadsat" əvəzinə "desyat odin" dedi. Hamı güldü. Nəzarətçi ona neçə dəfə "odinadsat" sözünü təkrar elətdirsə də, oğlan tutduğundan əl çəkmədi. Onun qəribəliyi ürəyimə yatdı. Həmin gündən dostlaşdım onunla. O oğlan Əliağa Ağayeviydi. Sonra uzun müddət görüşə bilmədik. Tibb Universitetində oxuyurdum. Bir gün təsadüfən rastlaşdıq, hal-əhval tutduq. Dedi, nə əcəb həkim olmaq sevdasına düşmüsən, sən ki kinoyla, teatrla maraqlanan adamıydın? Dedim qismətdi də... Özü də çilingər işləyirmiş. Birdən qayıtdı ki, bəlkə, gündüzlər oxuyub, gecələr dərnəyə gələsən? Dənizçilərin klubundakı dərnəyə işarə edirdi. Söz verdim ki, gələcəm. Elə o vaxtdan başladım dərnəyə gəlməyə. Əliağa özü də orada olurdu. Bizimlə rejissor İbrahim Rəhimli işləyirdi. Bir müddət sonra bizə rollar verdi. Düz üç il təbliğat-təşviqat briqadası ilə işlədik, dənizçilərin qarşısında çıxış etdik. Beləcə dərsdən soyudum, həkim olmaq fikrindən daşındım. Briqadada işləmək mənə sərf edirdi. Fərli-başlı pul almasam da, yeyib-içməyim oranın hesabınaydı. Bu mənə bəs edirdi. Sonra bu sənətin aşiqi oldum".
Süleyman Ələsgərov 1936-cı ilin sentyabrında müsabiqə yolu ilə Gənc Tamaşaçılar Teatrına aktyor kimi işə götürülür. Onun çıxışları, oynadığı rollar, canlandırdığı obrazlar münsiflər heyətini heyran qoyurdu. Aktyor kimi işə düzələndən sonra gənc Süleyman Ələsgərov sənət yollarında böyük həvəslə ilk addımlarını atmağa başlayır. Gələcəyin böyük sənətkarı teatrda çox məhsuldar aktyorlardan biri olur. Ən kiçik, epizodik rol olsa belə, Süleyman Ələsgərov onu böyük peşəkarlıqla canlandırmağa çalışır və buna nail olur.
Görkəmli aktyor Gənc Tamaşaçılar Teatrının səhnəsində yaratdığı Polad ("Qızıl quş"), Fərzəli bəy ("Nəsrəddin"), Aqşin ("Babək"), Vəzir, Oruc ("Fitnə", "Qaraca qız"), Lorenso ("Romeo və Cülyetta") və bir-birindən maraqlı və xarakterik obrazları ilə tamaşaçıların yaddaşında həmişəlik iz qoyur. Müxtəlif tamaşalarda yaratdığı müxtəlif obrazlar onun gələcək həyatının parlaq olacağından xəbər verir. Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq 63 il səhnə ömrü yaşayır. Bu illər onun həyatına qızıl hərflərlə yazılır.
Süleyman Ələsgərov "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir çox filmlərdə baş rollarla bərabər, epizodik rollarda da çəkilib. "Yenilməz batalyon", "Babamın babasının babası", "Bakıda küləklər əsir", "Bəxtiyar" "Bir ailəlik bağ evi", "Bir cənub şəhərində", "Xatirələr sahili", "İnsan məskən salır", "İstintaq davam edir", "Torpaq. Dəniz. Od. Səma" və digər filmlərdə o, epizodik rolları çox məharət və peşəkarlıqla oynayıb. Onun üçün rolun böyüyü, kiçiyi yox idi, əsas sənət idi. Ömrünün son anına qədər Süleyman Ələsgərov sənətinə, peşəsinə sadiq qaldı. Səhnədə bir-birindən maraqlı obrazlar yaratdı.
Süleyman Ələsgərova ən böyük şöhrət gətirən, ən çox sevilən irihəcmli ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllimdir. Aktyor bu rolda sanki özünü ifa edir. Deyilənlərə görə, o, filmdə olduğu kimi, həyatda da Cəbiş müəllim kimi sakit, sadə və təvazökar bir insan olub. Aktyorun zamanında dediklərindən məlum olur ki, filmin rejissoru Həsən Seyidbəyli film tam hazır olana qədər onun ifasına münasibət bildirməyib. Nə "yaxşı", nə də "pis" deyib. Süleyman Ələsgərov müsahibələrinin birində bu barədə deyib: "Bir dəfə də olsun, demirdi ki, xoşum gələn kimi oynayırsan. Film hazır olandan sonra sakitcə oturub baxdı, sonra dedi, əhsən, qiyamətsən! Bu sözdən sonra mənim canım da rahatlandı. Sonra tamaşaçılar da tərifləməyə başladı. 1970-ci ildə bu obrazım Minskdə keçirilən festivalın qalibi oldu". Ürək və sevgi ilə canlandırdığı Cəbiş müəllim obrazı Süleyman Ələsgərova çox böyük məşhurluq qazandırdı, uğurlar gətirdi. Amma bu uğurlar heç vaxt onu arxayınlaşdırmadı. Daim sənəti üzərində çalışdı, peşəkarlığını artırdı.
Görkəmli aktyor xatirələrində deyib ki, mən müharibənın ağrılarını yaşamışam. Ermənilərin 1918-ci ilin martında Bakıda törətdikləri qırğınların şahidi olmuşam. Həmin vaxtlarda ailəmiz böyük çətinliklərlə üz-üzə qalmışdı. Şükürlər olsun ki, ermənilərin törətdikləri soyqırımdan sağ-salamat çıxa bildik. Elə Böyük Vətən müharibəsi illərində də dəhşətli cəbhə yolu keçdim. Bəlkə də elə ona görə rejissor Cəbiş müəllimin rolunu mənə həvalə etdi.
Gənc Tamaşaçılar Teatrı bir növ onun ömür və yaradıcılıq yolunun bələdçisi olub və xalqa sevdirib. Görkəmli aktyor burada fəxri adlara, mükafatlara layiq görülüb. Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 1954-cü ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 1982-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 1961-ci ildə respublika Lenin komsomolu mükafatı laureatı olub.
Süleyman Ələsgərov 1998-ci ilin dekabr ayında xəstələnib yatağa düşür. Ölümünə bir gün qalmış dekabrın 9-u saat 9-un yarısında qızını yanına çağıraraq deyib ki, ananı niyə qapıda saxlamısan, burax, gəlsin içəri. Mənim vaxtıma hələ var. Səhər saat 6-ya 20 dəqiqə işləmiş gedəcəm. Gecəni narahat yatan Süleyman Ələsgərov doğrudan da, dediyi vaxtda, dekabrın 10-da səhər saat 6-ya 20 dəqiqə işləmiş dünyasını dəyişir.
Görkəmli aktyorun ölümü sənət dostlarını, doğmalarını və onu sevənləri ürəkdən kədərləndirdi. Onlar yalnız ondan təskinlik tapdılar ki, Xalq artisti Süleyman Ələsgərov müxtəlif illərdə, müxtəlif tamaşa və filmlərdə oynadığı bir-birinə bənzəməyən rollarla, ən başlıcası isə "Bizim Cəbiş müəllim" filmində canlandırdığı obraz ilə həmişə xatırlanacaq və xalqın yaddaşında əbədi olaraq yaşayacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"