05 Iyul 2024 08:00
1298
SİYASƏT
A- A+

Qardaş birliyi

 

Sarsılmaz həmrəylikləri Azərbaycan, Türkiyə və Pakistanı qlobal təhdidlər qarşısında daha qüdrətli edir

 

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində əsas siyasi tədbirlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşün keçirilməsi oldu.
Qardaş ölkələrin liderlərinin üçtərəfli formatda ilk Zirvə görüşü kimi tarixi əhəmiyyət daşıyan bu görüş həm də Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyini dünyaya bir daha nümayiş etdirdi.  

 

Azərbaycan tək deyil

 

Milli və mənəvi köklərlə sıx bağlı olduğumuz Türkiyə və Pakistanla birliyimiz hazırda ən yüksək zirvəyə çatıb. Qardaş ölkələrin liderləri arasında olan səmimi dostluq, qardaşlıq münasibətləri ölkələrimizin əzəldən var olan əlaqələrini daha da möhkəmləndirib. Azərbaycan, Türkiyə və Pakistan xoş gündə də, dar gündə də həmrəylik nümayiş etdirir, problemlərə qarşı birgə mübarizə aparırlar. Bu möhtəşəm birliyin gücünə hələ 44 günlük Vətən müharibəsində hər kəs şahid oldu. 
Həmin zaman Azərbaycan Türkiyə və Pakistanın böyük siyasi və mənəvi dəstəyini hiss etdi, ərazi bütövlüyü uğrunda apardığı haqq mübarizəsində onlar tərəfindən açıq siyasi və mənəvi kömək gördü. Vətən müharibəsinin başladığı ilk günlərdən Prezident Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamalarda bəyan etdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var. Həmin dövrdə Türkiyəyə qarşı xeyli beynəlxalq təzyiqlər edildi, amma Ankara bu  qəti mövqeyindən geri çəkilmədi, Azərbaycanın yanında oldu.
2020-ci il dekabrın 10-da, Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi və bu, iki qardaş ölkənin qələbə qürurunu birlikdə yaşamasına əyani nümunə oldu. 
44 günlük müharibədə Pakistan da Azərbaycana böyük siyasi və mənəvi dəstəyini ifadə edən dövlətlərdən oldu. Savaşın ilk günündə rəsmi İslamabad bildirdi ki, Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. 
2020-ci il oktyabrın 28-də Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin ölkəmizin mülki əhalisinə qəddar hücumlarını qəti şəkildə pisləyən qətnamə qəbul etdi.
Xüsusi vurğulayaq ki, Pakistan Ermənistanın Azərbaycana qarşı otuzillik işğalı dövründə bu dövlətlə diplomatik əlaqə qurmayan üç ölkədən biridir.
Qardaş ölkələrin liderlərinin üçtərəfli formatda ilk zirvə görüşü zamanı da 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xüsusi vurğulanıb. Bunun Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub.

 

Üçtərəfli format

 

Müharibədən sonrakı dövrdə də Azərbaycanın Türkiyə və Pakistanla əlaqələri bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edir. 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağın mirvarisi Şuşada tarixi Şuşa Bəyannaməsini imzalaması ilə qardaş ölkələrin əlaqələri müttəfiqlik səviyyəsinə yüksəldi. 
Eyni ilə də Pakistanla Azərbaycan arasında əlaqələr mükəmməl səviyyədədir.  Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edirlər. 
Ümumiyyətlə, Azərbaycan, Pakistan və Türkiyə üçtərəfli formatda da əməkdaşlığa malikdir. Astanada keçirilən sözügedən görüşdə ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. İqtisadi-ticari əlaqələrin hazırda artan dinamikası müsbət hal kimi qeyd edildi, amma bunun ölkələrimizin potensialına tam şəkildə uyğunlaşdırılmasının vacibliyi vurğulandı.
Eyni zamanda Orta dəhlizdə Pakistanın da iştirakı qeyd edildi və bunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin təşviqinə töhfə verəcəyi bildirildi.

 

Hərbi və müdafiə sənayesi sahələrində əməkdaşlıq

 

Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi sahədə əməkdaşlıq da xüsusi diqqət çəkir ki, dünyanın yenidən bölüşdürülməsi uğrunda getdikcə artan müharibələrin fonunda bunun necə əhəmiyyəli olduğu özünü qabarıq göstərir. Bu gün Cənubi Qafqaz regionu da qlobal güclərin göz dikdiyi və savaş meydanına çevirmək istədiyi məkanlar sırasındadır. Buna görə də Azərbaycan, Türkiyə və Pakistanın hərbi əməkdaşlığı regional sabitliyin və təhlükəsizliyin də qarantına çevrilir. 
ŞƏT çərçivəsindəki üçtərəfli görüşdə bu mühüm məqamdan da söz açılaraq hərbi və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə "Üç qardaş" şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb.  Qardaş ölkələrin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib və məmnunluqla qəbul olunub. Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulanıb.
Göründüyü kimi, təməli səmimi qardaşlıq və dostluq münasibətləri üzərində qurulan Azərbaycan, Türkiyə və Pakistan birliyi gün keçdikcə daha da möhkəmlənir. Bu güclü həmrəylik sayəsində qardaş ölkələr qarşılaşdıqları bütün problemləri asanlıqla aşmaq və istənilən gücləri yerində oturtmaq əzmində olurlar. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video