18 Yanvar 2024 09:00
2346
SEÇKİ 2024
A- A+

QALİB XALQIN QALİB LİDERİ!

 

2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında Prezident seçkiləri keçiriləcək. 
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Son 20 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır. 

 

Sosial dövlət, vətəndaş rifahı

 

2003-2023-cü illərdə dövlətin sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artmış, orta aylıq nominal əməkhaqqı isə 12 dəfə yüksələrək 923,1 manata çatmışdır. Son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmuş, minimum pensiya məbləği 2,5 dəfə, orta pensiya məbləği 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artmışdır.
Ötən dövrdə 2,7 milyondan çox yeni iş yerinin yaradılması sosial siyasətin ən böyük uğurlarındandır. Yüksələn gəlirlər sayəsində banklara qoyulan əmanətlərin həcmi 50 dəfədən çox artaraq 12,9 milyard manatı ötmüşdür.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qarşıdakı 7 ilin hədəfləri:

* Hər kəsə çəkdiyi zəhmətin daha layiqli dəyərini alması üçün imkanlar yaradılması; 
* Dövlətin təqdim etdiyi imkanlardan bərabər faydalanmaq üçün yeni mexanizmlər və innovativ həllərin tətbiq olunması;
* Dayanıqlı və yüksək gəlirli iş yerlərinin ümumi məşğulluğa töhfəsinin davamlı artırılması;
* Məşğulluqda yüksək bilik və bacarığı olan peşəkarların payının əhəmiyyətli dərəcədə artırılması;
* Hər bir vətəndaşın özəl sektorda biliyinə, bacarığına və marağına uyğun iş seçimi imkanlarının artırılması;
* Cəmiyyətin ehtiyacı olan hər bir üzvünün davamlı və əlçatan qayğı ilə tam əhatə edilməsi, hər bir vətəndaşın sosial xidmətlərə əlçatanlığının davamlı yaxşılaşdırılması;
* Dövlət qayğısı və sosial müdafiə sahəsində ünvanlılığa diqqətin artırılması, əhalinin sosial təminatının gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması.

 

İqtisadi inkişaf

 

2003-2023-cü illərdə Azərbaycan iqtisadiyyatı 3,6 dəfə artaraq 123 milyard manatı ötmüşdür. Milli iqtisadiyyatın strukturu əhəmiyyətli dərəcədə yaxşılaşmış, qeyri-neft-qaz sektoru 3,5 dəfə, qeyri-neft-qaz sənayesi 4,3 dəfə, kənd təsərrüfatı isə 2,1 dəfə böyümüşdür. İnformasiya və rabitə sektorunda yaradılmış əlavə dəyər 20,9 dəfə, turizm və ictimai iaşə sektorunda 17,5 dəfə, nəqliyyat sektorunda 4,1 dəfə artaraq qeyri-neft-qaz iqtisadiyyatının inkişafına mühüm töhfə vermişdir. 
Azərbaycan özünün iqtisadi müstəqilliyini tam təmin edən ölkəyə çevrilmiş, dövlətin maliyyə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. 2003-cü ildə 1,6 milyard ABŞ dolları təşkil edən strateji valyuta ehtiyatları 43 dəfə artaraq 68,5 milyard dollara çatmışdır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qarşıdakı 7 ilin hədəfləri:

* Sosial-iqtisadi modelin məzmununu və strukturunu keyfiyyətcə yeni prinsiplər əsasında qurmaqla, iqtisadiyyatın sürətli və dayanıqlı artımının təmin edilməsi;
* İqtisadi idarəetmənin müasirləşdirilməsi, inkişafın hərəkətverici qüvvəsi olan yaradıcı, rəqabətqabiliyyətli və məhsuldar sahibkar sinfinin gücləndirilməsi, yeni bilik və texnologiya gətirən özəl təşəbbüslərin, o cümlədən birbaşa xarici investisiyaların təşviq olunması;
* Daha sağlam rəqabətə əsaslanan, maneəsiz, tam şəffaf və sağlam biznesin inkişafına hərtərəfli dəstək göstərilməsi, dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi;
* İqtisadiyyatın müxtəlif sektorları, o cümlədən  kənd təsərrüfatının, emal sənayesinin, bərpaolunan energetikanın, tibbin və turizmin müqayisəli üstünlüyə malik sahələrində dəyər zəncirinin formalaşdırılması;
* İnnovasiya yönümlü ideyaların təşviqi üçün dövlət dəstəyinin gücləndirilməsi.

 

Böyük qayıdış

 

2021-2023-cü illərdə Qarabağ və Şərqi Zəngəzurda layihələrin həyata keçirilməsinə 7 milyard dollar ayrılıb, 2024-cü ildə dövlət büdcəsindən bu məqsədlər üçün minimum daha 2,4 milyard dollar vəsait yönəldiləcək. 2022-ci il iyulun 19-dan bu günədək iki şəhərə (Laçın və Füzuli şəhərləri) və üç kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri) 4516 keçmiş məcburi köçkün qayıdıb, bu, 1134 ailə deməkdir. Dövlət Proqramına əsasən, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi planlaşdırılır. İşğaldan azad edilmiş 8 şəhərin Baş planı hazırlanıb.
Heydər Əliyev Fondu 10-dan çox məscidi yenidən tikir və ya əsaslı şəkildə bərpa edir.
5 otel və konqres mərkəzi yenidən qurulub, bərpa edilib və istismara verilib;
Füzulidə və Zəngilanda beynəlxalq aeroportlar istifadəyə verilib, Laçın rayonunda aeroportun tikintisi sürətlə davam edir;
Ümumi uzunluğu 2138 kilometr olan 22 yol layihəsindən 7-nin tikintisi artıq icra olunub;
Uzunluğu 47,1 kilometr olan Bərdə-Ağdam və 110,4 kilometrlik Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir;
12 hidroelektrik stansiyanın tikintisi və ya bərpası davam etdirilir;
Təmir və bərpa işlərindən sonra Suqovuşan və Xaçınçay su anbarları istismara verilib.

 

Qarşıdakı 7 ilin hədəfləri:

* Ərazilərin minalardan təmizlənməsinin davam etdirilməsi;
* Təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili;
* Ərazilərdə müasir yaşayış məntəqələrinin - şəhər, qəsəbə və kəndlərin tikintisi; 
* Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması;
* Əhalinin geri qayıdışının və dayanıqlı məskunlaşmanın təmin edilməsi, bu məqsədlə ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası;
* Ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin bərpası; 
* Ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi.

 

Kənd təsərrüfatı

 

Azərbaycanda aparılan aqrar islahatlar kənd təsərrüfatının rəqəmsal transformasiyasına, qabaqcıl aqrotexnologiyaların, o cümlədən "yaşıl" metodikaların və becərilən torpağın hər hektarından məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmağa imkan verən qənaətli suvarma sistemlərinin tətbiqinə yönəldilib. Azərbaycanın aqrar sektorunun modernləşdirilməsi nəticəsində ərzaq idxalının əvəzlənməsi (taxıl məhsullarından başqa) sahəsində 80 faiz irəliləyiş əldə olunub, FAO bu göstəriciyə görə Azərbaycanı yüksək rifaha malik ölkələr siyahısına daxil edib.
Azərbaycanda bütün un növləri ilə özünütəminat səviyyəsi 93,3 faiz, buğda ilə təminat isə 56,7 faiz olub. Bu gün Azərbaycan özünü meyvə, tərəvəz, bostan məhsulları və yumurta ilə yerli istehsal hesabına 100 faiz təmin edir. Ət və süd məhsulları üzrə özünütəminat 83-86 faiz səviyyəsindədir. Hazırda Azərbaycanda 51 aqropark fəaliyyət göstərir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müstəqil xarici siyasət

 

Ötən illər ərzində Azərbaycanın xarici siyasətində mühüm nailiyyətlər əldə edilmiş, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlmişdir. Vətən müharibəsində qazanılmış tarixi Zəfər təkcə döyüş meydanında deyil, həm də diplomatik cəbhədə Azərbaycanın gücünü və potensialını aydın göstərmişdir. 
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və 27 il kağız üzərində qalmış qətnamələrin icrasını Azərbaycan özü təmin etmişdir.
Vətən müharibəsində şanlı Zəfər qazanmış Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq hüquqa əsaslanan 5 əsas prinsipi təqdim etmişdir. 
Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınmış, bir çox uğurlu beynəlxalq layihələrə imza atmış, təşəbbüslərlə çıxış etmiş, regional liderliyini daha da möhkəmləndirmişdir. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, 2019-2023-cü illərdə isə BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edərək bir sıra institusional yeniliklərin müəllifi olmuş və Hərəkatın beynəlxalq çəkisinin artmasında əhəmiyyətli rol oynamışdır.
Azərbaycan COVID-19 pandemiyası ilə qlobal mübarizədə ön sıralarda olmuş, BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı xüsusi sessiyasının çağırılmasına və "vaksin millətçiliyi"nə qarşı qətnamələrin qəbul edilməsinə nail olmuşdur. 

 

Qarşıdakı 7 ilin hədəfləri:

* Milli maraqlara və beynəlxalq hüquqa söykənən müstəqil və prinsipial xarici siyasətin davam etdirilməsi;
* Azərbaycan tərəfindən irəli sürülmüş 5 əsas prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması;
* Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və onun dayanıqlı inkişaf bölgəsinə çevrilməsi ilə bağlı səylərin davam etdirilməsi;
* Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və qlobal problemlərin həllində rolunun artırılması;
* Azərbaycanın geosiyasi təhlükələrdən və hibrid təhdidlərdən qorunması; 
* Azərbaycanın qeyri-münaqişə gündəliyinin formalaşdırılması;
* Qonşu ölkələrlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi;
* Türk dövlətləri ilə əlaqələrin və Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi;
* Strateji tərəfdaşların və müttəfiqlərin sayının artırılması;
* Beynəlxalq təşkilatlarda fəal iştirakın təmin edilməsi;
* Multikulturalizm və tolerantlıq kimi dəyərlərə sadiq qalaraq, dünyada hökm sürən islamofobiya və neokolonializm meyillərinə qarşı mübarizə aparılması.

 

Gənclər siyasəti

 

Son 20 ildə Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. 

 

Qarşıdakı 7 ilin hədəfləri:

* Gənclər və idman sahəsində infrastrukturun daha da təkmilləşdirilməsi;
* Gənclərin elmə və təhsilə həvəsləndirilməsi;
* Gənclərin idmana və sağlam həyat tərzinə bağlılığının artırılması;
* Gənclərin sahibkarlıq bacarıqlarının daha da inkişaf etdirilməsi;
* Gənclərin ölkənin ictimai-siyasi həyatında rolunun artırılması;
* Könüllülük hərəkatının bütün ölkəni, o cümlədən işğaldan azad olunmuş əraziləri və orada yaşayan gəncləri əhatə etməsi.

 

Güclü ordu, möhkəm təhlükəsizlik

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həyata keçirilən quruculuq fəaliyyəti nəticəsində Azərbaycan Ordusu dünyanın güclü orduları sırasına daxil olmuşdur. Ölkənin xarici hərbi-texniki asılılığının azaldılması məqsədilə qurulmuş milli müdafiə sənayesi ildən-ilə inkişaf etdirilir. Milli təhlükəsizlik sahəsində ölkəmizin qarşısında duran kompleks vəzifələrin son 20 il ərzində tam və effektiv həllinin nəticəsi olaraq Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyaraq torpaqlarımızı işğaldan azad etdi. Bununla da xalqımıza, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı ən böyük təhdid aradan qaldırıldı.  
Bu gün milli təhlükəsizlik siyasətinin bütün istiqamətləri üzrə - xarici siyasət, hərbi, ictimai, iqtisadi, sosial, ekoloji, informasiya, milli, dini və digər sferalarda vəzifələrin tam yerinə yetirilməsi dövlətimizin və cəmiyyətimizin mümkün təhdidlərdən etibarlı müdafiəsini təmin edir. Buna görə də Azərbaycanda daxili təhlükə mənbələri mövcud deyildir, əsas təhdid və təhlükələr ölkə sərhədləri xaricində formalaşır. 

 

Qarşıdakı 7 ilin hədəfləri:

* Azərbaycanın bütün sahələrdə təhlükəsizliyinin, suverenliyinin, ərazi bütövlüyünün və konstitusiya quruluşunun hər cür təsirlərdən qorunması;
* Müasir müdafiə sənayesi və infrastrukturun davamlı inkişaf etdirilməsi, milli təhlükəsizlik potensialının artırılması, dövlətin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi;
* Hərbi quruculuq işlərinin və müasir ordu quruculuğu prosesinin davam etdirilməsi;
* Ölkədə ictimai-siyasi sabitliyin, qanunun aliliyinin, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin hər cür təsirlərdən qorunması;
* Təhlükəsiz informasiya məkanının inkişaf etdirilməsi, ölkənin  kibertəhlükəsizlik potensialının gücləndirilməsi;
* Regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı tədbirlərin davam etdirilməsi və bu istiqamətdə səylərin dəstəklənməsi.

 

Uğurlu enerji strategiyası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əsası Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulmuş neft strategiyası təkcə neft hasilatının və ixracının rekord artımı ilə deyil, həm də tarixi əhəmiyyətə malik əlamətdar hadisələrlə yadda qalmaqla, son 20 il ərzində inkişafının zirvəsinə yüksəlib. Hazırda Azərbaycanın neft hasilatının böyük hissəsi "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunun payına düşür. AÇG blokunun işlənilməsinə başlanıldığı bütün dövr ərzində ümumi neft hasilatı 4,3 milyard bareli ötüb. Blokun işə salınması layihəsinin həyata keçirilməsindən Azərbaycanın xalis mənfəəti 2001-ci ildən bəri 171 milyard dollar təşkil edib. 
Dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un cari ildə ölkəmizdə keçirilməsinə dair yekdil qərarın qəbul edilməsi də beynəlxalq ictimaiyyətin Azərbaycana olan böyük hörmət və etimadının bariz göstəricisidir.

 

Qarşıdakı 7 ilin hədəfləri:

* Azərbaycanın enerji diplomatiyasının inkişaf etdirilməsi;
* Alternativ və bərpaolunan enerji növlərinin artırılması hesabına "Yaşıl enerji" gündəliyinin irəli aparılması və iqlim dəyişikliyinə qarşı qlobal mübarizəyə töhfənin davam etdirilməsi;
* Ekoloji tarazlığın qorunması, bu məqsədə xidmət edən təşəbbüslərin dəstəklənməsi, ekoloji təmiz iqtisadi fəaliyyətin təşviq edilməsi;
* Azərbaycanın nəqliyyat və logistika mərkəzi rolunun daha da gücləndirilməsi;

 

Hörmətli seçici!
Yeni Azərbaycan Partiyası növbəti yeddi ilə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyini irəli sürmüş, bu təşəbbüs ölkəmizdə fəaliyyət göstərən çoxsaylı ictimai təşkilatlar tərəfindən dəstəklənmişdir. 
İnanırıq ki, yaranmış yeni reallıqlar fonunda bu mürəkkəb missiyanın həyata keçirilməsi üçün siz cənab İlham Əliyevi dəstəkləyəcək, bununla da gələcək tərəqqi və rifahımıza dəyərli töhfənizi verəcəksiniz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video