11 Fevral 2024 09:00
13671
SİYASƏT
A- A+

Qalib xalq, güclü Lider

 

Bu birlik Azərbaycanı daha işıqlı gələcəyə aparır

 

Əsl liderlərin hər zaman güclü strateji hədəfləri olur. Böyük məqsədlər əldə edildikdən sonra dərhal qarşıya yeni vəzifələr qoyulur, bütün səylər həmin amallara doğru səfərbər edilir. Çünki dəyişiklik, inkişaf daim davam edən prosesdir və liderlər bunu hər kəsdən yaxşı duyaraq inkişaf proseslərinin ardıcıllığını, davamlılığını, dayanıqlılığını təmin etmiş olurlar.
Güclü lider həm də insanların dövlətçilik arzularını milli amala çevirir. Xalqı bu amal, ümumi ideya ətrafında birləşdirir və düzgün hədəflərə çatdırır. 7 fevral prezident seçkilərində də ölkə vətəndaşları Azərbaycanı tarixinin ən güclü dövrünə yetişdirən, son 20 ildə ğörülən işlərin, əməli addımların bu günün və gələcəyin reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirən, hazırkı milli inkişafın əsaslarını təşkil edən qüdrətli Liderinə - cənab İlham Əliyevə səs verdi. Bu, xalqın ümummillı etimadı, ölkə vətəndaşlarının birmənalı ictimai rəyi idi.  Prezident seçkisi xalq-hakimiyyət birliyinin, cəmiyyətimizdə getdikcə inkişaf edən siyasi mədəniyyətin, qədirbilən xalqımızın malik olduğu ali keyfiyyətlərin təntənəsi oldu. 
İndiyə qədər də ölkəmizdə seçkilər, ümumxalq referendumları kifayət qədər fəallıq şəraitində keçib. Amma etiraf edək ki, seçki məntəqələrindəki budəfəki qələbəlik heç zaman müşahidə olunmamışdı. Bunu hətta hakimiyyətin qatı opponentləri də etiraf etməkdədirlər. Prezident seçkisi tam şəffaf, demokratik mühitdə, rəqabətli şəraitdə, beynəlxalq müşahidəçilərin iştirakı ilə həyata keçdi. İddiasını ortaya qoyan hər kəsə seçki marafonunda iştirak edib öz alternativ mövqeyini seçicilərə çatdırmaq, şansını sınamaq imkanı yaradıldı. Seçicilər fəal şəkildə məntəqələrə gələrək öz səslərini ən layiqli namizədə etibar etdilər. Azərbaycanda bütün parametrlər üzrə nümunəvi bir seçkinin keçirildiyi bir çox beynəlxalq müşahidəçilərin rəylərində də əksini tapdı. Belə məqamlardan ayrı-ayrı ölkələrə qarşı çirkin niyyətlərlə təzyiq məqsədilə istifadəyə öyrəşmiş bəzi beynəlxalq qurumlardan fərqli olaraq əsl niyyəti həqiqətən seçki prosesinə nəzarətdən ibarət olan əksər beynəlxalq təşkilatların müşahidəçiləri səsvermə prosesi ilə bağlı obyektiv mövqelərini, fikirlərini ortaya qoydular. Əslində real həqiqət, demokratik səsvermə üçün yaradılmış şərait, yüksək seçici fəallığı ortada idi və bunun əksini iddia etmək üçün yalnız obyektivlik hissini itirib qərəzli olmaq lazım gəlirdi.     

 

Ümumxalq minnətdarlığının ifadəsi

 

Belə bir yüksək fəallıq bizi son əsrlərin ən böyük problemindən birdəfəlik xilas edən, dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə nail olan, gələcək nəsillər üçün qansız-qadasız, inkişaf mənzərəli gözəl bir gələcəyin təməlini qoyan Liderə - cənab İlham Əliyevə xalqın minnətdarlığının ifadəsi idi.  Bu, tarixinin ən qüdrətli çağlarına gəlib çıxmış Azərbaycan dövlətinə, uzun illərdən bəri apardığımız haqq savaşındakı möhtəşəm Zəfərimizə, keçmişin dəyərlərinə, bu günün nailiyyətlərinə, gələcəyin ümidlərinə verilən səs idi. 7 fevral prezident seçkisi ilə Azərbaycan xalqı milli vəhdətinin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. 
Bu seçki bir daha sübuta yetirdi ki, Azərbaycan xalqı dünyanın ən müdrik, uzaqgörən, mövcud reallıqları aydın qiymətləndirən, tarixin qazandırdığı təcrübələrdən dərs çıxarmağı bacaran, malik olduğu nailiyyətləri qoruyub daha da genişləndirən xalqlarındandır və belə bir toplumu addım-addım irəlilədiyi inkişaf yolundan kənarlaşdırmaq əsla mümkün deyil. 7 fevral seçkisinin nəticələri onu da bir daha sübuta yetirdi ki, hər addımında, hər qərarında xalqa arxalanan, vətəndaşların dəstəyindən güc alan Lider nə qədər böyük qüdrət sahibidir. Müxtəlif maraqlarla Azərbaycana təzyiq göstərmək istəyən, öz niyyətlərini gerçəkləşdirməyə çalışan xarici qüvvələr bu qüdrət qarşısında nə qədər aciz və miskindirlər. 
Məhz xalqdan aldığı bu mütləq dəstəyə görə cənab İlham Əliyev zəmanəmizin ən parlaq liderlərindəndir. Məhz xalqın maraqlarını ifadə etdiyinə görə Azərbaycanın dövlət rəhbərinin bütün məsələlərlə bağlı konkret mövqeyi var və onu mövqeyindən döndərmək mümkün deyil. Bu mövqe ilk növbədə Azərbaycan xalqının milli maraqlarıdır. Ölkəmizdə, regionda, ümumən dünyada sülh və inkişafın təmin olunması üçün formalaşan, şərait yarandıqca yubanmadan həyata keçirilən strateji baxış sistemidir. Qarşıya qoyulmuş böyük hədəflərdir. 
Hər addımında xalqın dəstəyini, inam və güvənini hiss edən Lider insanları önümüzdəki bütün ali hədəflərə çatdıracaq. Necə ki, bir zamanlar xəyalımızdan belə keçirə bilmədiklərimizi gerçəkləşdirdi. Şuşada, Xankəndidə dövlət bayrağımızı ucaltdı. Onillərdən bəri qəlbimizdə köz bağlamış işğal yaramızı sağaltdı. Bizi yurdlarımıza qovuşdurdu. Milli qürurumuzu bərpa etdi. İşğal dövründə ermənilərin vandalcasına dağıtdıqları el-obamızı qurucu əlləri ilə yenidən gülüstana çevirməyə başladı.

 

İnamın gücü

 

Müstəqilliyimizin ilk illərindəki təlatümlü zamanlarda Ümummilli Lider Heydər Əliyevi təkidlə hakimiyyət rəhbərliyinə çağıraraq dəstəyi, inamı, ümidləri ilə hər zaman bu böyük dövlət adamının yanında olan Azərbaycan xalqı bununla dövlətimizin çətin sınaqlardan çıxmasına, hüquqi dövlət quruculuğu yollarında tədricən irəliləməsinə, beynəlxalq aləmdə özünə layiqli yer tutmasına, müstəqil dövlət kimi mövcudluğunun ilkin zəruri əsaslarını formalaşdırmasına, sosial-iqtisadi çətinlikləri yavaş-yavaş geridə qoymasına şərait yaratmışdı. Ümummilli Liderin bütün bunlara nə qədər böyük fədakarlıq, əzm, siyasi iradə ilə nail olduğunu görən, Azərbaycanın əldə etdiyi nailiyyətlərin təsirini özünün gündəlik həyatında hiss edən xalqımız fərqində idi ki, ölkəmizin, dövlətimizin gələcəyi bu siyasətin ardıcıllığından asılıdır. Onda ən böyük dərdimiz Qarabağ problemi, Azərbaycan torpaqlarının işğalı acısı idi. Bu müşkülün həlli o qədər də asan görünmürdü. Amma Azərbaycan vətəndaşları ümidli idilər ki, Ulu Öndərin təməlini qoyduğu inkişaf prosesləri bu minvalla davam etsə, bəlkə nə vaxtsa torpaqlarımızın azad edildiyi günləri də görə bilərik.   
Bu siyasətin növbəti onillərdə də davam etməsi üçün Azərbaycan xalqı 2003-cü ilin prezident seçkisində Ümummilli Liderin inandığı şəxsə - cənab İlham Əliyevə səs verdi. Müstəqil dövlətimizin strateji inkişaf kursunun davam etdirilməsi, Azərbaycana qarşı yönələn təhdidlərin aradan qaldırılması üçün verdiyi hər qərarda xalq öz Liderinin yanında oldu. Ona dəstəyini əsirgəmədi. İnamı ilə güc verdi. Bu inam, bu dəstək Azərbaycan üçün o qədər böyük tarixi nəticələr yaratdı ki, bütün bu nailiyyətlərin təxminən 20 il ərzində baş verdiyinə, bəzən inana belə bilmirsən.   

 

Əsrlərə bərabər 20 il

 

Dövlətimizin başçısı ötən 20 il ərzində əsrlərin hüduduna sığmayacaq qədər böyük uğurlara nail oldu. "Tarixin ən güclü Azərbaycanı" ifadəsi hazırda təkcə qürur doğuran kəlmələr deyil, əhatə olunduğumuz reallığın aynasıdır. Prezident İlham Əliyev Azərbaycanı regionda söz sahibinə, beynəlxalq proseslərin nüfuzlu iştirakçısına, qlobal məsələlərə güclü təsir imkanlarına malik olan ölkəyə çevirdi. Ölkəmizin təşəbbüskarı və fəal icraçısı olduğu irimiqyalı layihələrlə böyük bir coğrafiyanın enerji-kommunikasiya mənzərəsini yenidən müəyyənləşdirdi. Dövlətimizin mövqelərini gücləndirdi. Sosial-iqtisadi inkişaf proqramları ilə Azərbaycanın gerçək müstəqilliyinə nail oldu. Vətənimizin kiminsə asılılğında qalmasına imkan vermədi. 
Cənab İlham Əliyev Azərbaycanı başdan-başa abadlıq məkanına çevirdi. Əsrlərlə rahat yol, işıqlı məktəb, tibb müəssisəsi, rabitə, kommunal təminat üzü görməyən ən ucqar yaşayış məntəqələrimizdə də ən müasir standartlara uyğun yaşayış şərtləri təmin olundu. Azərbaycan insanının rifahı yüksəldi. Vətəndaşlarımızın gündəlik dolanışıq qayğısı aradan qalxdı, inkişaf standartları yeni səviyyələrə yüksəldi, yaşayış tərzi dəyişdi.        
Xalqın gücünə arxalanan Lider mərhələ-mərhələ köklü islahatlar həyata keçirdi. Bəziləri hətta sovet dövrünün mirası olan ziyanlı halları, cəmiyyətin inkişafını əngəlləyən problemləri aradan qaldırdı, inkişaf üçün bərabər imkanlar mühiti yaratdı. Çalışmaq, ölkəmiz və fərd olaraq özü üçün yeni dəyərlər yaratmaq istəyən hər kəsə meydan verdi. Cəmiyyətdə qanunun aliliyini təmin etdi. İctimai-siyasi sabitliyin daim qorunması üçün möhkəm təməllər formalaşdırdı. 

 

Güclü Azərbaycan

 

Prezident İlham Əliyev Azərbaycanın getdikcə genişlənən sosial-iqtisadi imkanları ilə güclü bir ordu qurdu. Təchizatına, döyüş qüdrətinə görə onu dünyanın ən öncül orduları sırasında qərarlaşdırdı. Yeni nəsillər üçün qüdrətli bir Azərbaycan yaratdı və gözünü açandan öz dövlətini, dövlətinin liderini belə vüqarlı, mətin görən gənclərimizin timsalında ölkəmizin bu günü və gələcəyi üçün güclü bir nəsil yetişdirdi. Bu nəslin təmsilçiləri Ali Baş Komandanın rəhbərliyi ilə misilsiz igidliklər, fədakarlıqlar göstərərək torpaqlarımızı işğaldan azad etdilər. Ölkəmizin ərazi bütövlüyünə nail oldular. 
Azərbaycanın inkişafı, qüdrətlənməsi mühitində yetişən vətənpərvər gənclik bu gün Vətənimizin gələcəyi üçün böyük bir potensial qüvvədir. Bütün bunlar həyata keçirilən inkişaf proseslərinin, milli amallara doğru ardıcıl yolumuzun, ölkəmizin qüdrətlənməsinin gələcəkdə də davam edəcəyinə təminat yaradır. Azərbaycan malik olduğu təbii resursları biliklər iqtisadiyyatına, insan kapitalına çevirir. Gənc nəslin təmsilçiləri müasir dünyamızın bilik və bacarıqlarına, informasiya-kommunikasiya texnologiyaları ilə iş vərdişlərinə yiyələnir. Dünyanın mütərəqqi yenilikləri sürətlə Azəbaycana daxil olur. Bütün bunlar ölkəmizdə, cəmiyyətimizdə yeni inkişaf reallıqları formalaşdırır.  
Azərbaycan xalqı 7 fevral prezident seçkisində yekdil şəkildə cənab İlham Əliyevə səs verməklə həm qüdrətli Liderin son iki onillikdə dövlətimizə, fərd olaraq hər bir vətəndaşımıza qazandırdığı uğurlara görə təşəkkür duyğularını ifadə etdi, eyni zamanda məqsədyönlü inkişaf siyasətinin növbəti illərdə də davam etdirilməsi arzusunu diqqətə çatdırdı. Yeni strateji dövrdə qarşıya qoyulmuş prioritetlərin davamlı şəkildə yerinə yetirilməsi üçün xalq  güclü Liderinə etimad göstərdi və imkanlar yaratdı. Bu yolun hər addımında, hər qərarında dövlət rəhbərimizin yanında olduğunu, Azərbaycanın bugünkü və gələcək inkişafı üçün alternativsiz siyasətinin icrasına dəstək verdiyini bildirdi. 

 

Yeni dövr, yeni hədəflər

 

Yeni dövrün strateji məqsdləri aydındır. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın təmin olunmasını, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğunu, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı olmağı, işğaldan azad edilmiş ərazilərə böyük qayıdışı, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi olmağı dövlətimiz yaxın illər üzrə əsas milli prioritetləri kimi müəyyənləşdirib. Bu prioritetlərin hər birinin reallaşdırılması istiqamətində mühüm tədbirlər görülməkdədir. 
Hazırda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilən Qarabağın, Şərqi Zəngəzurun ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin genişlənməsi  Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.
Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər bu yeni strateji dövrdə də Azərbaycanı gücləndirməkdə davam edəcək. Ölkəmizin iqtisadi suverenliyi daha da möhkəmlənəcək, Azərbaycan müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə çevriləcək. Məcburi köçkünlərimizin doğma yurdlara qayıdışı təmin olunacaq. Dövlətin iqtisadiyyatdakı rolu bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunacaq. Özəl mülkiyyət institutları gücləndiriləcək, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışı artırılacaq. Ölkədə özəl təşəbbüslər yaradıcı və innovativ əsaslarla inkişaf etdiriləcək. Rəqəmsal iqtisadiyyat genişləndiriləcək. Azərbaycan müasir dünyamızın əsas çağırışlarından olan "yaşıl enerji" zonasına çevriləcək. 
Xalqımız tam demokatik, şəffaf şəraitdə keçən 7 fevral prezident seçkisində artıq görünməkdə olan bu gələcəyə səs verdi. Prezident-Xalq birliyinin gücü ilə bu gələcək haqqında çox tezliklə reallıq kimi söhbət açacağıq.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video