10 Dekabr 2023 10:05
642
İQTİSADİYYAT
A- A+

Prezident İlham Əliyev Bakını və Sumqayıtı ekoloji fəlakətdən xilas etdi

 

İndi də Qarabağ və Şərqi Zəngəzurun təbiətinə vurulan düşmən yaraları sağaldılır

 

Gələcək nəsillər bəlkə də heç təsəvvür edə bilməyəcək ki, Bakıda "Qara şəhər" adlı bir yer olub. Çünki tüstülü, mazutlu "Qara şəhər" indi "Ağ şəhər"ə çevrilib. Prezident İlham Əliyevin sayəsində... Bu, dövlət başçısının rəhbərliyi ilə təbiətin xilası üçün ölkədə həyata keçirilən yüzlərlə layihədən yalnız biridir. Həmin istiqamətdə görülən işlərin miqyası getdikcə artır. Bu da ondan qaynaqlanır ki, İlham Əliyev təbiətin gözəlliyini görən, səfasını duyan, qədrini bilən insan və elə ona görə də ekologiya məsələlərini daim diqqətdə saxlayan liderdir.
Dövlət başçısı indiyədək ekologiya ilə bağlı çoxsaylı sənədlər imzalayıb, yeni yaşıllıqların - meşələrin, bağların, parkların salınmasına, neftlə çirklənmiş torpaqların təmizlənməsinə, təbiətimizin nadir incilərinin qorunmasına aid qərarlar, sərəncamlar, tapşırıqlar verib. İndi biz bütün bunların bəhrəsini görürük.
Bir zamanlar Balaxanı zibilxanası daim yanır, tüstü buraxırdı və şəhəri elə bil böyük, tutqun bulud bürüyürdü. Ora da təmizləndi, yerində böyük zavod tikildi, poliqon inşa edildi. Daha sonra olimpiya stadionu istifadəyə verildi, böyük bir park salındı. Yaxınlıqdakı Böyükşor gölü təmizləndi. Bununla Prezidentimiz Bakı şəhərini faktiki olaraq təbii fəlakətdən qorudu! Hələ Sumqayıtı demirik! Bu, sovet dönəmində ekoloji cəhətdən ən çirklənmiş şəhər hesab olunurdu. İndi Sumqayıt həm öz sənaye potensialını qoruyub saxlayan, həm də ekoloji cəhətdən təmiz şəhərdir. 
"Mən bu işin təşkilatçısı kimi hər bir layihəni yaxşı xatırlayıram, - deyir Prezident. - Bakının ekoloji vəziyyəti çox ağır idi, havanın çirklənməsi çox yüksək idi. 20 il bundan əvvəl və bu gün böyük fərq var. Görün Bakıda biz hansı böyük işlərə, onların icrasına nail olduq. Birinci, bu Bibiheybət buxtası. Bu, bir ekoloji fəlakət zonası idi. Şəhərin mərkəzində bütün neft gölməçələri artıq buxarlanırdı. Bu zəhərli hava ekoloji vəziyyətimizə böyük ziyan vururdu və o mənzərə də çox acınacaqlı idi… Mən bu məsələni qaldıranda bəziləri deyirdilər ki, bu, mümkün deyil, bu, əbədi belə qalmalıdır, bunu saflaşdırmaq mümkün deyil. Amma göründü ki, mümkündür. Bu gün baxın, bu, şəhərin ən gözəl yerlərindən biridir, istirahət zonasıdır, böyük parkdır. Bulvar salmışıq, Su İdman Sarayı, muzeylər, ictimai obyektlər şəhər sakinləri üçün çox gözəl rekreasiya zonasına çevrilib". 
İşğal altında olan torpaqlarımız düşmən tapdağından azad ediləndən sonra Prezidentimizin təbiətə bu vurğunluğunu və qayğısını bir daha gördük. Şuşaya yaxınlaşanda, dağların duman "örpəyinə" baxanda, al-yaşıl yamacları seyr edəndə İlham Əliyev məşhur mahnının sözlərini xatırladı: "Şuşanın dağları başı dumanlı..." Möhtəşəm zəfərdən sonra ilk dəfə buraya gələndə dediklərini xatırlayaq: "Bu gün yanvarın 15-də səhər tezdən yenə Cıdır düzünə gəldik. Artıq Şuşadan Bakıya yola düşürük. Getməmişdən əvvəl də istədik gələk bu müqəddəs, tarixi yerə, bir daha bu gözəlliyi seyr edək, Şuşaya "Çox sağ ol", "Gələn görüşlərədək" deyək... Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı idik. Ancaq mən hesab etdim ki, mütləq gecə Şuşada qalmalıyıq. Çünki Azərbaycan Prezidenti ilk dəfədir ki, Şuşaya gəlib. Bizim müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir. Şəhərin nadir memarlığı, relyefi, təbiəti, havası, aurası təkrarolunmazdır. Mən dünən qeyd etdiyim kimi, Şuşada iki dəfə 1982-ci ildə olmuşam... Bu şəhərin nadir aurası, təbiəti, memarlığı bizim böyük sərvətimizdir. Bu gecə cəmi beş saat yatmışam. Saat 5-də oyanmışam, bilmirəm nəyə görə. Bəlkə dünənki gün çox həyəcanlı idi. Çünki Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir. Ola bilər, Şuşanın səfalı təbiəti, havası kifayət edir ki, insan heç çox yatmaq da istəmir".
Qarabağda və Şərqi Zəngəzurda illərdir qərib-qərib axan dağ çaylarının şaqraq səsini dinləyəndə, oradan ovcunda su götürüb üzünü yuyanda sanki doğma torpaqlar üçün çoxdandır çəkilən həsrətin nisgilini qovdu Prezidentimiz. Bulaqlardan su içəndə təkcə özünün deyil, yurda qovuşmaq üçün illərdir təşnə olan ürəkləri sərinlətdi. Bu əsrarəngiz təbiətin, eləcə də gözəlliklər qoynundakı şəhər və kəndlərimizin yağı tərəfindən necə çapılıb talandığını, tarmar edildiyini gördükcə böyük quruculuğun konturlarını çəkdi, planını müəyyənləşdirdi. Beləcə, Qarabağın və Şərqi Zəngəzurun təbiətinə vurulmuş yaraları sağaldan davamlı tədbirlər həyata keçirilməyə başlandı. Onlardan yalnız bir neçəsini xatırladaq. Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində çinar ağacları əkdilər. O yerdə ki, vaxtilə 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu, bura nadir çinar meşəsi idi. Lakin mənfur düşmən ağacları kəsmiş, doğramış, talamış və yandırmışdı... 
 İşğaldan azad edilmış ərazilərdə ilk turizm obyektinin - Suqovuşan turizm kompleksının yaradılmasına başlandı. Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin təməli qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan burada ağac əkdilər, əraziyə ceyranlar buraxdılar.
Bu ərazilərdə fauna növlərinin - ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, balıq və yırtıcı quş növlərinin öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub. Balıq növlərinin populyasiyasının bərpası üçün davamlı işlər görülür. Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə balıq körpələrinin buraxılışı təşkil olunub və bu işlər növbəti illərdə də həyata keçiriləcək. Bu qəbildən olan tədbirlərin siyahısını xeyli uzatmaq da mümkündür. Məsələn, elə bu il mayın 28-də dövlətimizin başçısı ölkədə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisində Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak etdi.
Prezident İlham Əliyevin təbiətə sonsuz sevgisi həm də təbii sərvətlərimizə olduqca dərin bilgilərlə müşayiət olunur. Mübaliğəsiz demək olar ki, Prezident Azərbaycan torpağının hər qarışına bələddir, hər dağı, hər meşəsi, hər çayı haqqında geniş məlumata malikdir: "Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırır. Ancaq mənfur düşmən bizi bu imkanlardan məhrum etdi. Çünki Tərtər çayı 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Sərsəng su anbarına axıdılır. Sərsəng su anbarı o vaxt o məqsədlə tikilmişdi ki, Qarabağın Aran zonasında yerləşən 6-7 rayonda suvarma işləri təmin edilsin. O vaxt Sərsəng su anbarı inşa ediləndən sonra heç vaxt suvarılmayan 100 min hektar ərazi artıq suvarılmağa başlamışdır. Ağdam, Goranboy, Yevlax, Bərdə, Tərtər və digər rayonlar oradan qaynaqlanırdı. Mənfur düşmən suyumuzu kəsdi. Yayda suyu kəsirdi, qışda buraxırdı və su basırdı bütün torpaqları. Bax, bizə qarşı ekoloji terror təşkil edilirdi".
Yaxud: "Laçın rayonunda bizim böyük meşə sahələrimiz var - ərazinin 22 min hektarı meşə sahəsidir. Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və eyni zamanda işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağciyəridir. Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır".
 Oxçuçayın fəlakətindən Prezidentin necə ürək yanğısı ilə danışdığını isə heç vaxt unutmaq mümkün deyil. İşğal etdikləri torpaqlarımızın təbii sərvətlərini gəlir mənbəyinə çevirən düşmən öz korrupsioner tərəfdaşları ilə birlikdə bizim bu gözəl, şəffaf sulu çayımıza qarşı əsl ekosid törədib. Azərbaycan Prezidenti bu məsələni haqlı olaraq çox ciddi şəkildə qaldırıb. Dövlət başçısı bu barədə belə deyib: "Məsələni qaldıranda bizə söz verildi ki, bu fəlakəti törədən şirkət gəlib bunu təmizləyəcək. Amma artıq bundan bir il vaxt keçib, bizə heç bir təklif verilmir. Oxçuçayı zibilləyən, zəhərləyən "Cronimet" şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər. Ondan sonra Ermənistan hökuməti korrupsiyalaşmış həmin o erməni nümayəndələrindən bu kombinatın payını alıbdır. Ancaq bu fəlakəti törədən "Cronimet" şirkəti buna cavab verməlidir, yoxsa yox? Mən demişəm ki, beynəlxalq məhkəmələrdə məsələ qaldırılmalıdır. İndi mən çox şey demək istəmirəm, biz artıq hüquqi iddia ilə də çıxış edəcəyik, hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb olunub. Biz erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik. O cümlədən xarici şirkətləri, hansılar ki bizim təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirlər ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə boyayan "Cronimet" şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq".
Prezident İlham Əliyev Kəlbəcərin "İstisu"yunun öz şöhrətini qaytaracağını, azad olunmuş torpaqlarda içməli su mənbələrinin layihələndirilməsini də bəyan edib. Şuşa şəhərinin içməli su layihəsinin prioritet olduğunu deyib. Bildirib ki, azad edilmiş torpaqların, xüsusilə Kəlbəcər, Laçın, Qubadlının relyefi oradan həm suvarma suyunun, həm içməli suyun öz axarı ilə gəlib Ağdama, Bərdəyə və digər yerlərə çatmasına imkan verə bilər. Bu, ümumi suvarma sistemimizə inteqrasiya edilməlidir. Eyni zamanda biz çaylarımızdan içməli su mənbəyi kimi istifadə etməliyik.
 Prezident yeri gəldikcə bu gözəllikləri gənc nəslin də diqqətinə çatdırır. Ağalı kəndinin sakinləri ilə görüşündə onu dövrəyə alan uşaqlara ətrafı göstərərək dediyi kimi: "Bax, sizi biz qaytarmışıq, havası da təmizdir, təbiəti də gözəldir, hər tərəf dağlar, meşələr. Burada həyat qaynayacaq. Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək".
Prezidentimiz üçün Abşeronun günəşi də, Xəzərin şıltaq, bəzən dəli-dolu küləyi də əziz və dəyərlidir: "Bu sahədə çox böyük potensiala malikik. Bakını yaxşı tanıyan insanlar bilirlər ki, Bakı çox küləkli şəhərdir və əlbəttə, bəzən külək güclü olanda bu, problem yaradır. Ancaq eyni zamanda biz görürük ki, külək Xəzər dənizində də böyük gəlir gətirəcək. Artıq Beynəlxalq Maliyyə Korporasiyası hesablama aparıb. Hesablamaya görə, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var". İndi ölkədə neçə bərpaolunan enerji stansiyasının tikintisinə start verilib, onlardan biri - "Qaradağ" stansiyası artıq uğurla istismara daxil olub. Qarabağ və Şərqi Zəngəzur isə bütövlükdə "yaşıl enerji" zonası elan edilib. 
İlham Əliyevin nümunəsi bizləri təbiəti sevməyə, onu daim qorumağa səsləyir. Prezidentimizin bir tövsiyəsi isə odur ki, Azərbaycan vətəndaşları düşmənin təbiətimizin köksinə necə dağ çəkdiyini unutmamalıdırlar. Dünya isə bilməlidir ki, ermənilər bizi nələrdən məhrum etmişdilər.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video