Ermənistan tərəfi hələlik konkret hüquqi öhdəlik götürməkdən yayınır
Azərbaycan-Ermənistan münasibətlərinin İkinci Qarabağ müharibəsindən sonra normallaşması, bir-birilərinin ərazi bütövlüyünü tanımaqla tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda sabitlik və regional inkişaf üçün əsas şərtlərdən biridir. Elə bu səbəbdən Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, yekun sülh müqaviləsinin imzalanması ilə qarşılıqlı əməkdaşlığa start verilməsi üçün Ermənistana müraciət edib və digər zəruri addımlar atıb.
Belə bir şəraitdə Nikol Paşinyan iqtidarının siyasi iradə nümayiş etdirərək sülh müqaviləsinin imzalanması istiqamətində əməli addımlar atması, Azərbaycanın bu xüsusda təkliflərinə müsbət cavab verməsi Ermənistana daha çox gərəkdir.
Baş nazir Nikol Paşinyan sərhəddə atəş açılması fonunda sülh müqaviləsinin imzalanması perspektivindən danışıb. O bildirib ki, bu istiqamətdə ümidə əsaslanmaq yox, planlı və davamlı fəaliyyət göstərmək lazımdır.
O, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bu il imzalanacağına dair sualı belə cavablandırıb: "Söhbət ümiddən və ya ümidsizlikdən getmir. Bu, bizim işimizdir və biz bu işi ardıcıl olaraq yerinə yetirməliyik".
Paşinyan qeyd edib ki, Ermənistanın təqdim etdiyi layihələr birdən-birə həyata keçmir və bunun üçün həm beynəlxalq, həm də daxili siyasi mühitdə səy və ardıcıl iş aparmaq lazımdır: "Bu o demək deyil ki, təqdim etdiyimiz proqramlar dərhal nəticə verir. Bu proqramlar əmək və ardıcıllıq tələb edir və bu, bizim işimizdir".
Paşinyan eyni zamanda qeyd edib ki, hökumət sərhədlərin açılması və regionda kommunikasiyaların bərpası istiqamətində də fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, bu proseslərdə ictimai razılaşma və sosial dəstək önəmlidir.
Xüsusilə Sünik vilayətinin və Mehri rayonunun əhalisi ilə bağlı danışan Paşinyan əlavə edib: "Bizdə inam var ki, Sünik-Mehri sakinləri deyəcək: "Bəli, biz sadələşdirməyə getməyə hazırıq".
Paşinyanın bu açıqlamaları Ermənistan cəmiyyətini razı salmaq üçün daha çox daxili auditoriyaya yönəlib və real addımlarla üst-üstə düşmür. Sülh müqaviləsinə dair rəsmi təkliflərə baxmayaraq, Ermənistan tərəfi hələlik konkret hüquqi öhdəlik götürməkdən yayınır.
Postmüharibə dövründən sonrakı keçid də çox aydın şəkildə göstərdi ki, Azərbaycanla normal münasibətlər yaratmadan Ermənistanın bir dövlət olaraq mövcudluğunu davam etdirməsi mümkün deyil. Bütün bunlara paralel olaraq uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini ölkəmizə yönəldib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin nəticəsidir ki, indi ölkəmizlə qarşılıqlı əməkdaşlığa can atanların sayı durmadan artır.
Ölkəmizdə əldə edilən bu uğurlar fonunda isə Ermənistana nəzər saldıqda tamam əks mənzərə müşahidə olunur. Bunun ümdə səbəblərindən biri isə 30 il davam edən işğal siyasəti, bu gün isə sülh müqaviləsinin uzadılmasının yubanmasıdır.
Sülh müqaviləsini imzalamayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistan daha böyük problemlərlə üzləşəcək. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Görülən bütün tədbirlərə baxmayaraq, Ermənistanda əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlər durmadan artır. Əhalinin artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir.
Elçin CƏFƏROV,
"Azərbaycan"