Rəsmi İrəvanın vaxtı uzatmaq taktikası və konkret addımlar atmaması ilk növbədə Ermənistanın özü üçün təhlükəlidir
Son günlərdə Ermənistan Baş naziri Nikol Paşinyanın çıxışlarında sülh, regional əməkdaşlıq və yekun müqavilənin imzalanması mövzuları daha çox ön plana çıxır. İrəvan rəhbərliyi demək olar ki, hər gün həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə yönəlik bəyanatlarla çıxış edərək regionda yeni səhifə açmaq niyyətində olduğunu nümayiş etdirməyə çalışır. Hətta baş nazir 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsini imzalayıb ratifikasiya etməyi hökumətin əsas vəzifəsi kimi qələmə verir. BMT Baş katibi Antonio Quterreş və Qırğızıstan Prezidenti Sadır Japarovla İrəvandakı görüşlərində də sülh və əməkdaşlıqdan bəhs edən Paşinyan bunun erməni xalqının tarixində yeni dövrün başlanğıcı olacağını bildirir.
Lakin İrəvan rəhbərliyinin indiki sülh ritorikasını yaxın keçmişdə atdığı təxribatçı addımlarla müqayisə etdikdə, bu bəyanatların nə dərəcədə səmimi olması ciddi şübhələr doğurur. Məsələ burasındadır ki, Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildə hakimiyyətə gəldikdən sonra özündən əvvəlki hərbi-siyasi rejimin cinayətkar yolunu davam etdirərək münaqişəni daha da dərinləşdirən siyasət yürüdürdü. Əgər əvvəlki Ermənistan rəhbərliyi mövcud status-kvonu uzatmağa çalışırdısa, Paşinyanın hakimiyyətə gəlişindən sonra danışıqların mahiyyətini ümumiyyətlə puça çıxaran bəyanatlar və Azərbaycana qarşı hədələyici ritorika önə keçdi. Baş nazirin işğal altındakı Şuşada yallı getməsi, Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” şüarını səsləndirməsi, eləcə də Ermənistan Müdafiə Nazirliyinin “yeni ərazilər uğrunda yeni müharibə” hədələri vəziyyəti son həddə çatdırdı. Beynəlxalq birliyin bu təcavüzkar siyasətə göz yumması isə İrəvanın daha da arxayınlaşmasına şərait yaratdı.
Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı zamanı Ermənistanın destruktiv siyasətini ifşa edərək bu məqamlara xüsusi diqqət çəkib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hazırkı rəhbərliyi də sələflərinin cinayətkar siyasətini davam etdirib: “Ermənistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı”.
Məhz həmin dövrdə İrəvanın bu cür təxribatçı addımları münaqişənin siyasi-diplomatik yollarla həlli imkanlarını tamamilə sıfıra endirdiyindən, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək qərarına gəldi. 44 günlük Vətən müharibəsi nəticəsində işğala son qoyuldu. Lakin Ermənistan hökumətinin hərbi-siyasi dəstəyi ilə Qarabağda separatçı strukturların mövcudluğunu davam etdirməsi regionda təhlükəsizliyə ciddi təhdid yaradırdı. Belə bir şəraitdə rəsmi Bakının baş verənlərə seyrçi qalması mümkün deyildi. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat ərzində başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bütün ölkə ərazisində tam təmin etdi.
Birmənalı şəkildə vurğulanmalıdır ki, bu gün Nikol Paşinyan sülhdən danışırsa, bunun yeganə səbəbi Azərbaycanın “Dəmir yumruğu”, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və prinsipial mövqeyidir. Ermənistan rəhbərliyini sülh gündəliyini qəbul etməyə məcbur edən məhz Azərbaycanın yaratdığı yeni hərbi-siyasi reallıqlar olub.
Paşinyanın sülh prosesi ilə bağlı son bəyanatları təhlil edildikdə, ziddiyyətlər və vaxt uzatmaq cəhdləri də aydın görünür. Ermənistan Baş naziri əvvəllər dəfələrlə bəyan edib ki, 2026-cı ildə ölkəsində referendum keçiriləcək və yalnız bundan sonra Azərbaycanla sülh sazişi imzalanacaq. 2026-cı il başa çatmaq üzrədir, lakin vəd edilən referendumla bağlı hər hansı konkret tarix göstərilmir. Əvəzində isə sülh müqaviləsinin imzalanması və ratifikasiyası üçün 2031-ci il kimi uzaq bir müddətin göstərilməsi ciddi suallar doğurur.
Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması region xalqlarının gələcəyi, təhlükəsizlik və iqtisadi tərəqqi üçün son dərəcə mühümdür, lakin sülhün vacibliyini dilə gətirib onun reallaşmasını illərlə təxirə salmaq ziddiyyətli yanaşmadır. Ləngitmə taktikası ötən bir ildə əldə olunan diplomatik uğurların fonunda daha qabarıq nəzərə çarpır. Bu vəziyyətdə 2025-ci ilin avqustun 8-də Vaşinqtondakı tarixi razılaşmanı xatırlatmaq yerinə düşür. Həmin gün Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh prosesində mühüm addım atıldı və iki ölkənin xarici işlər nazirləri sülh sazişinin razılaşdırılmış mətnini parafladılar. Bu sənəd tərəflər arasında münasibətlərin gələcək hüquqi çərçivəsini müəyyənləşdirir. Eyni zamanda qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınmasını, ərazi iddialarından imtinanı, gücdən istifadə etməmək öhdəliyini və dövlətlərarası münasibətlərin qurulmasını əks etdirir.
Şübhəsiz ki, paraflanmış sənədlə yekun sülh müqaviləsinin ratifikasiyası hüquqi baxımdan eyni deyil. Lakin bu, sənədi tam hazır olan sülh layihəsini daha beş il gözlətməyə əsas vermir. Əgər rəsmi İrəvan sülhü doğrudan da özünün əsas missiyası hesab edirsə, prosesi 2031-ci ilə qədər uzatmaq əvəzinə, sazişin tezliklə imzalanması üçün konkret və əməli addımlar atmalıdır. Paşinyanın 2031-ci ilə işarə etməsinin arxasında Ermənistanda məhz həmin ildə keçiriləcək növbəti parlament seçkilərinin dayanması ehtimalı da gözdən qaçmamalıdır. Görünür, Paşinyan sülhü siyasi manevr və seçki öncəsi alətə çevirməyə çalışır.
Yekun sülh sazişinin imzalanmasını süni şəkildə yubadılması ilk növbədə İrəvanın özü üçün ziyanlı və təhlükəlidir. Çünki vaxt qazanmaq taktikası Ermənistanı regional layihələrdən təcrid olunmuş vəziyyətdə saxlamaqla yanaşı, ölkənin gələcək təhlükəsizliyini və inkişafını da ciddi risk altına atır. O səbəbdən, regionda davamlı sülhün bərqərar olması üçün Ermənistanın siyasi rəhbərliyi keçmişin səhvlərindən düzgün nəticə çıxarmalı, əsas qanunda ərazi iddialarından birdəfəlik imtina etməli və beynəlxalq hüquq prinsiplərinə sadiqliyini dildə deyil, real əməllərdə sübut etməlidir. Bunun alternativi yoxdur.
İsmayıl QOCAYEV,
“Azərbaycan”