Türkiyə ictimaiyyətində “Turan Dəhlizi” və ya “Zəngəzur Dəhlizi” kimi tanınan TRIPP Cənubi Qafqazın nəqliyyat arxitekturasını yenidən formalaşdıra biləcək mühüm qlobal ticarət marşrutu kimi qiymətləndirilir. Layihənin əhəmiyyəti yalnız yeni ticarət yolunun yaradılması ilə məhdudlaşmır. TRIPP uzun illərdir üzərində iş aparılan, Çindən başlayaraq Türküstan coğrafiyasındakı türk dövlətlərini, Azərbaycanı və Türkiyəni Avropa ilə birləşdirən Orta Dəhlizin mühüm tərkib hissəsi kimi nəzərdən keçirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin siyasi şərhçisi, “Akademik Araşdırmalar” beyin mərkəzinin prezidenti Osman Kepenek bildirib.
Siyasi şərhçi qeyd edib ki, TRIPP-in fəaliyyətə başlaması ilə Azərbaycan ərazisindən Naxçıvana, oradan isə birbaşa Türkiyəyə uzanan yeni nəqliyyat bağlantısı formalaşacaq. Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan bu xətt daşımaların Gürcüstan istiqamətindən asılılığını azaldaraq alternativ marşrut yaradacaq.
“Regiondakı ticarət yolları və qlobal ticarətin mövcud vəziyyəti kompleks şəkildə qiymətləndirildikdə, TRIPP-in Orta Dəhlizə inteqrasiyasının Azərbaycan və Türkiyənin Avrasiyanın nəqliyyat xəritəsində rolunu əhəmiyyətli dərəcədə dəyişə biləcəyi görünür. Hər iki ölkə sadəcə tranzit məntəqəsi olmaqdan çıxaraq müxtəlif istiqamətləri birləşdirən mühüm bağlantı mərkəzlərinə çevrilə bilər. Cənubi Qafqazda gedən transformasiya prosesində isə Azərbaycanın əsas ağırlıq mərkəzlərindən biri olduğu aydın görünür. Layihə tamamlandıqdan sonra əldə ediləcək nəticə yalnız yeni yolun açılması ilə məhdudlaşmayacaq. Orta Dəhlizlə bağlı qiymətləndirmələrdə əsas diqqət çox vaxt Çin mərkəzli ticarət şəbəkəsinə yönəlsə də, regiondakı türk respublikalarının ildən-ilə artan istehsal potensialı da nəzərə alınmalıdır. Türkiyədə əhalinin artması, ixtisaslı işçi qüvvəsinin genişlənməsi və bu potensialın çoxtərəfli beynəlxalq əməkdaşlıqla dəstəklənməsi yeni ticarət marşrutlarının gələcəkdə real mənada “Turan Dəhlizi” kimi formalaşmasına zəmin yarada bilər”, - deyə O.Kepenek bildirib.
O bildirib ki, Azərbaycan artıq yalnız tranzit keçid marşrutu olmaqdan çıxaraq regional siyasətin və geosiyasətin əsas aktorlarından birinə çevrilib. Bunun əsas səbəblərindən biri, şübhəsiz ki, Qarabağ Zəfəridir. Lakin Qarabağ Zəfərindən əvvəl də Azərbaycanın Orta Dəhlizdəki mövcud rolu kifayət qədər güclü idi. TRIPP-in tamamlanması isə bu rola daha yeni və daha müəyyənedici ölçü əlavə edəcək.
“Azərbaycan artıq yalnız Şərqdən gələn yüklərin Qərbə daşındığı tranzit ölkə olmayacaq. Ölkə öz ərazisindən Avropaya iki fərqli çıxış istiqamətini təmin edən və regionun əsas nəqliyyat qovşaqlarından birinə çevrilən dövlət kimi mövqeyini daha da gücləndirəcək. Gürcüstan marşrutu ilə yanaşı, Naxçıvan-Türkiyə istiqamətinin də Azərbaycan üzərindən fəaliyyət göstərməsi Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat marşrutlarında Bakının və Azərbaycanın infrastruktur imkanlarının rolunu artıracaq.
TRIPP-in ən konkret nəticələrindən biri Naxçıvan Muxtar Respublikasının quru bağlantısının daimi və fasiləsiz xarakter alması ola bilər. Ötən ilin mayında layihənin Azərbaycan ərazisindəki inkişafını, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan infrastruktur işlərini yerində müşahidə etmək imkanımız olub. Müşahidələrimiz göstərir ki, həm Azərbaycan, həm də Türkiyə tərəfində mühüm irəliləyiş əldə edilib. Bu isə layihənin artıq yalnız diplomatik müzakirə predmeti olmadığını, praktiki icra mərhələsinə keçdiyini göstərir. Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə də razılaşdırılmış nəqliyyat marşrutunun həyata keçirilməsi istiqamətində prosesin davam etdiriləcəyinə əsas verir.
Azərbaycan üçün digər mühüm məqam Qarabağ Zəfərindən sonra başlayan normallaşma prosesinin tədricən praktiki iqtisadi nəticələr verməsidir. Son bir il ərzində Azərbaycan üzərindən Ermənistana və Ermənistandan digər ölkələrə on minlərlə ton yük daşınıb, həmçinin Azərbaycandan Ermənistana neft məhsulları tədarük edilib. Mövcud göstəricilər hələlik böyük həcmdə olmasa da, TRIPP tam fəaliyyətə başladıqdan sonra yükdaşımaların və qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə genişlənməsi üçün potensialın olduğunu göstərir”, - deyə siyasi şərhçi vurğulayıb.
Türkiyə baxımından TRIPP-in əhəmiyyətinin daha geniş strateji çərçivədə qiymətləndirilməli olduğunu bildirən O.Kepenek qeyd edib ki, ölkənin mövcud enerji tranziti imkanları onun Avrasiya enerji geosiyasətində mühüm aktorlardan birinə çevrilməsində əsas amillərdən biridir. TRIPP marşrutunun fəaliyyətə başlaması və Orta Dəhlizin genişlənməsi Türkiyənin regional enerji axınlarının istiqamətləndirilməsi və şaxələndirilməsində rolunu daha da gücləndirə bilər. TRIPP-in fəaliyyətə başlaması ilə Orta Dəhliz üzrə daşınan yüklərin ümumi həcminin hazırkı 5 milyon tondan 20 milyon tona qədər yüksələ biləcəyi proqnozlaşdırılır. Bu gözləntilər reallaşarsa, Azərbaycan və Türkiyənin tranzit gəlirlərinin artması, liman və logistika infrastrukturuna investisiyaların genişlənməsi, eləcə də əlaqəli sahələrdə yeni məşğulluq imkanlarının yaranması üçün əlavə şərait formalaşa bilər.
“Naxçıvan-Türkiyə bağlantısının fasiləsiz xarakter alması Mərkəzi Asiyanın türk dövlətlərindən başlayaraq Xəzər dənizi, Azərbaycan və Naxçıvan üzərindən Türkiyəyə uzanan davamlı nəqliyyat xəttinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu marşrut Qazaxıstan, Özbəkistan və Türkmənistanın Azərbaycan və Türkiyə üzərindən daha geniş bazarlara çıxış imkanlarının genişlənməsinə də töhfə verə bilər. TRIPP-in neft və təbii qaz nəqli, elektrik enerjisinin ötürülməsi, eləcə də fiber-optik xətləri əhatə edən çoxşaxəli təşəbbüs kimi nəzərdə tutulması onun əhəmiyyətini yalnız avtomobil və dəmir yolu bağlantısı ilə məhdudlaşdırmır. Bu baxımdan, layihə nəqliyyat, enerji və rəqəmsal infrastrukturu birləşdirən kompleks bağlantı platforması kimi çıxış edə bilər. TRIPP-in Orta Dəhlizə inteqrasiyası Azərbaycan və Türkiyənin Avrasiyanın nəqliyyat sistemində rolunu daha da gücləndirmək potensialına malikdir. Azərbaycan üçün bu, Naxçıvanla quru bağlantısının təmin edilməsi ilə yanaşı, tranzit marşrutlarının şaxələndirilməsi deməkdir. Türkiyə üçün isə Mərkəzi Asiyaya birbaşa çıxış imkanlarının genişlənməsi, enerji tranzitində rolunun artması və Avropa ilə əlaqələrdə strateji əhəmiyyətinin yüksəlməsi baxımından yeni imkanlar yarada bilər”, - deyə O.Kepenek bildirib.