27 Aprel 2024 08:50
306
İQTİSADİYYAT
A- A+

Ölkəmiz sürətlə Çin bazarına daxil olur

 

ÇXR-də Azərbaycanın 5 Ticarət Evi artıq fəaliyyət göstərir

 

Xəbər verildiyi kimi, Çinin Sıçuan vilayətinin paytaxtı Çendu şəhərində "Azərbaycan Ticarət  Evi" fəaliyyətə başlayıb.  Ticarət evinin açılış mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov, Siçuan şəhəri Çinbaycian rayonunun xalq hökuməti sədrinin müavini Ley Tin, "Azərbaycan Ticarət Evi"nin rəhbəri Huan Çao iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından danışıblar. 
Bildirilib ki, Ticarət Evi dadı və keyfiyyəti ilə seçilən Azərbaycan məhsullarının Çində təşviqi ilə yanaşı, iki xalq arasında mədəni əlaqələrin dərinləşməsində də rol oynayacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların  "Made in Azerbaijan" brendi ilə xaricdə tanıdılması üçün müxtəlif ölkələrdə ticarət evlərinin açılması prosesi 2017-ci ildən start götürüb. İlk ticarət  evi  həmin il Rusiyanın Arxangelsk vilayətində açılıb. Sonrakı illərdə Belarus, Ukrayna, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Latviya, Çin, Qazaxıstan, Qətərdə belə evlər fəaliyyətə başlayıb. Həmin ölkələrdəki ticarət evləri Azərbaycanın ticarət imkanlarının artırılması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və ölkəmizə xarici investisiyanın cəlb edilməsi baxımından əhəmiyyətli olub. Azərbaycanın xarici ticarət tərəfdaşlarının da ölkəmizin bu sahədə böyük ixrac potensialının olduğunu etiraf  etmələrinin bir səbəbi də budur. 
İlk zamandan xaricdə ticarət evlərinin açılmasında qarşıya məqsəd qoyulmuşdu ki, qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlar üçün xarici ölkələrə çıxmaq imkanı yaradılsın. Bu məqsəd  yerinə yetirilərsə, sahibkarlar həmin ölkələrin  fərqli sektorlarında vəziyyəti öyrənəcək və bazarlarda marketinq araşdırmalarının aparılmasını təmin edəcəklər. Nəticədə Azərbaycan məhsulları tanıdılacaq, birgə layihələr həyata keçiriləcək və sərmayə qoyuluşları reallaşacaq. Belə də oldu. Bu gün Azərbaycandan kənarda fəaliyyət göstərən 15 Ticarət Evi "Made in Azerbaijan" brendini  tanıtmaqla yanaşı, ölkələr arasında iqtisadi əlaqələrin qurulmasına da töhfə verir. Ticarət evlərinin fəaliyyət göstərdiyi Avropa və Asiyadakı ölkələr genişhəcmli bazarlara malikdirlər, iqtisadiyyatları inkişaf edib, əhalinin alıcılıq qabiliyyəti yüksəkdir. Ona görə də məhz bu ölkələrin bazarlarında mövqe qazanmaq və məhsulları reallaşdırmaq Azərbaycana fayda verir. 
Onu da deyək ki, ticarət evləri fəaliyyət göstərdiyi ölkələrin elə bir ərazisində yaradılır ki, həm obyekt geniş sahəni əhatə etsin, həm də əhalinin gediş-gəlişi, alış-verişi  üçün rahat məkan olsun.  Bu məsələdə İqtisadiyyat Nazirliyinin rolu böyükdür. Nazirliyin dəstəyi ilə Ticarət evlərində  təkcə alış-veriş yox, həm də Azərbaycanın zəngin mədəni irsinə, turizm potensialına, iqtisadi imkanlarına, eləcə də sərmayə mühitinə aid materiallar nümayiş etdirilir. 
Çində açılan Ticarət Evi də bu baxımdan istisna deyil. Çendu şəhərindən Orta dəhliz vasitəsilə Avropaya göndərilən yük qatarları məhz bu azad zonadakı beynəlxalq dəmir yolu limanından yola salınır. Liman ərazisindəki ölkə pavilyonları şəhərciyində yerləşən Azərbaycan Ticarət Evinin sahəsi təxminən 600 kvadratmetrdir. Hazırda bu şəhərcikdə Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Niderland, Belçika və Yeni Zelandiya da daxil olmaqla 34 ölkənin pavilyonu fəaliyyət göstərir.  Azərbaycn Ticarət Evi ən böyüklərdən biridir. Ticarət evinin operatoru olan "Sichuan Rongda Juxin International Trade" şirkəti Azərbaycan məhsullarının idxalçısı və bir neçə Ticarət Evinin operatoru olan "Sino-foreign Economic Cooperation (Peking) Science and Trade" şirkəti vasitəsilə Azərbaycan məhsullarının alışını həyata keçirir. Şirkət geniş işgüzar əlaqələri vasitəsilə gələcəkdə Azərbaycan məhsullarının Çendu şəhərində satışını genişləndirməyi hədəfə alıb.
Qeyd edək ki, bu, Azərbaycanın Çində sayca 5-ci Ticarət Evidir. Digər 4 Ticarət Evi Çindao, Canciaciye, Sian və paytaxt Pekində fəaliyyət göstərir. Əhalisinin sayına görə dünyanın nəhəng dövlətlərindən olan Çində 5 Ticarət Evinin açılması müsbət haldır. Sonuncu  Ticarət Evinin  yerləşdiyi Çendunun 21 milyon əhalisi var, ölkənin ən iri 4-cü şəhəridir. Çinin əsas iqtisadi, maliyyə, ticarət, nəqliyyat, kommunikasiya və tədqiqat mərkəzlərindən biridir. Şəhərin ümumi daxili məhsulunun dəyəri 310 milyard dolları ötür. Çində Pekin və Şanxaydan sonra ərazisində 2 beynəlxalq hava limanı olan 3 şəhərdən biridir. Ölkənin əsas dəmir yolu qovşaqlarından biri olan Çendudan Avropa da daxil, dünyanın 61 şəhərinə qatarlarla yüklər daşınır. Çendu dünyada elmi-texnoloji tədqiqatların həcminə görə 25 əsas şəhər siyahısındadır.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video