Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi reklam qanunvericiliyinin tələblərini pozduqları müəyyən edilən “ABC-Telecom” MMC (“Kontakt Home” mağazalar şəəbəkəsinin sahibi) və “Tam Store” MMC barəsində inzibati xəta haqqında protokollar tərtib edib.
Agentlikdən bildirilib ki, protokollar reklam yayımı zamanı qanunvericiliklə müəyyən edilmiş qayda və tələblərə əməl edilməməsi, eləcə də reklamı qadağan olunan məhsul, texnika və xidmətlərin reklam edilməsi ilə bağlı faktlar üzrə hazırlanıb. Məlumata görə, “ABC-Telecom”un “Reklam haqqında” Qanunun 4.2-ci və 7.1.4-cü maddələrinin, “Tam Store” MMC-nin isə həmin qanunun 4.2-ci, 7.1.2-ci və 7.1.4-cü maddələrinin tələblərini pozduğu müəyyən edilib.
Qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi reklamı qadağan edilmiş məhsul, texnika və xidmətlərin reklamına, həmçinin reklam yayımı ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qayda və tələblərə əməl edilməməsinə görə məsuliyyət nəzərdə tutur.
Bundan əlavə, “Tam Store” MMC ilə bağlı istehlakçı hüquqlarının müdafiəsi sahəsində də pozuntu müəyyən edilib. Belə ki, şirkətin qeyri-qida məhsulunu üzərində göstərilən qiymətdən daha baha satdığı bildirilir.
Agentliyin məlumatına əsasən, bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilib. Məhsulun hesablanması zamanı istehlakçının az miqdarda aldadılması faktı ilə bağlı şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin əlamətləri üzrə də protokol tərtib olunub.
Hazırda qeyd olunan faktlarla bağlı qanunvericilikdə nəzərdə tutulan prosedurlar davam etdirilir.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”