30 İyun 2026 02:41
417
Fərmanlar
A- A+
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin strukturu" təsdiq edilsin.

2. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

4. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 dekabr tarixli 1917 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1427 (Cild I) ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci hissə üzrə:

4.1.1. 1.1-ci bənddə "ərazisində (bundan sonra - müvafiq ərazi)" sözləri "Konstitusiyası və" sözləri ilə, "Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsidir" sözləri "və Naxçıvan Muxtar Respublikasının ərazisində (bundan sonra - müvafiq ərazi) Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən 1-ci kateqoriya dövlət orqanıdır" sözləri ilə əvəz edilsin;

4.1.2. 1.2-ci bəndə "qanunlarını," sözündən sonra "bu Əsasnaməni," sözləri əlavə olunsun və həmin bənddə "fərman və sərəncamlarını, bu Əsasnaməni" sözləri "digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını" sözləri ilə əvəz edilsin;

4.1.3. 1.3-cü bənddə "dövlət orqanları (qurumları) ilə" sözləri "digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə" sözləri ilə əvəz edilsin;

4.1.4. aşağıdakı məzmunda 1.3-1-ci və1.3-2-ci bəndlər əlavə edilsin:

"1.3-1. Səlahiyyətli nümayəndəliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

1.3-2. Səlahiyyətli nümayəndəliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.";

4.2. 2-ci hissə üzrə:

4.2.1. 2.1.1-ci yarımbənddə "fəaliyyətini əlaqələndirmək və onların" sözləri ", habelə bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək və yerli icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilsin;

4.2.2. aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:

"2.1.1-1. müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiyasından, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan irəli gələn səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək;";

4.3. 3-cü hissə üzrə:

4.3.1. 3.1-ci bənd üzrə:

4.3.1.1. aşağıdakı məzmunda 3.1.1-1-3.1.1-6-cı yarımbəndlər əlavə edilsin:

"3.1.1-1. aşağıdakı məsələlər barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək:

3.1.1-1.1. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (bundan sonra - Ali Məclis) Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması;

3.1.1-1.2. Ali Məclisin növbədənkənar sessiyasının çağırılması, habelə Ali Məclis sessiyasının qapalı iclasının keçirilməsi;

3.1.1-1.3. Azərbaycan Respublikası Prezidentinin aktları ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti üçün əlavə səlahiyyətlərin müəyyən edilməsi;

3.1.1-1.4. bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təkmilləşdirilməsi;

3.1.1-2. aşağıdakı məsələlərə dair Ali Məclis sədrinin təkliflərinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi ilə bağlı tədbirlər görmək:

3.1.1-2.1. Ali Məclisə seçkilərin təyin edilməsi;

3.1.1-2.2. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsi;

3.1.1-2.3. Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltifetmə;

3.1.1-3. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının, tabelikdə olmayan publik hüquqi şəxslərinin və dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərinin rəhbərlərinin və onların müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Baş nazirinə razılıq verilməsi;

3.1.1-4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılan hallar istisna olmaqla, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının və tabelikdə olmayan publik hüquqi şəxslərinin Naxçıvan Muxtar Respublikasındakı struktur bölmələri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

3.1.1-5. aşağıdakı məsələlərin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görmək:

3.1.1-5.1. Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin olunması barədə Azərbaycan Respublikası Prezidentinin təqdimatının Ali Məclisin sədrinə təqdim edilməsi;

3.1.1-5.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının yaradılmasına və ləğv edilməsinə dair, habelə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin istefasına dair Azərbaycan Respublikası Prezidentinin razılığının alınması;

3.1.1-5.3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iş qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılması; 

3.1.1-5.4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə dair Naxçıvan Muxtar Respublikasının Baş nazirinə təkliflər verilməsi;

3.1.1-5.5. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Ali Məclis sədrinin təqdimatının Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi;

3.1.1-5.6. Ali Məclisin növbədənkənar sessiyasının çağırılmasına dair Azərbaycan Respublikası Prezidentinin tələbinin Ali Məclisə təqdim edilməsi;

3.1.1-5.7. Ali Məclis sessiyasının qapalı iclasının keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin təklifinin Ali Məclisə təqdim edilməsi;

3.1.1-6. müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər səlahiyyətlərin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görmək;";

4.3.1.2. 3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

"3.1.3. müvafiq ərazinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları və konsepsiyaların layihələrinin, həmçinin dövlət investisiya proqramına daxil edilən investisiya layihələrinin hazırlanmasında iştirak etmək və onların icrasına nəzarəti həyata keçirmək;";

4.3.1.3. 3.1.8-ci və 3.1.10-cu yarımbəndlərə "orqanlarının" sözündən sonra ", habelə bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının)" sözləri əlavə edilsin;

4.3.1.4. aşağıdakı məzmunda 3.1.11-1-3.1.11-5-ci yarımbəndlər əlavə edilsin:

"3.1.11-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin internet informasiya ehtiyatında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.11-2. səlahiyyətli nümayəndəliyə ayrılan büdcə vəsaitindən və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.11-3. səlahiyyətli nümayəndəliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.11-4. müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.11-5. səlahiyyətli nümayəndəliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görmək;";

4.3.1.5. 3.1.12-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"3.1.12. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.";

4.3.2. 3.2-ci bənd üzrə:

4.3.2.1. aşağıdakı məzmunda 3.2.1-1-ci yarımbənd əlavə edilsin:

"3.2.1-1. yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin etmək;";

4.3.2.2. 3.2.3-cü yarımbənddə "müvəqqəti olmadıqda" sözləri "məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə" sözləri ilə əvəz edilsin və həmin yarımbənddən "müəyyən etdiyi" sözləri çıxarılsın;

4.3.2.3. 3.2.6-cı yarımbənddə "aktların layihələrinə dair təkliflər vermək" sözləri "akt layihələrinin hazırlanmasında iştirak etmək" sözləri ilə əvəz edilsin;

4.3.2.4. 3.2.7-ci yarımbənddə "təhlillər" sözü "fəaliyyət istiqamətlərinə uyğun təhlillər və ümumiləşdirmələr" sözləri ilə əvəz edilsin;

4.3.2.5. aşağıdakı məzmunda 3.2.7-1-ci və 3.2.7-2-ci yarımbəndlər əlavə edilsin:

"3.2.7-1. müvafiq ərazidə dövlət-özəl tərəfdaşlığının inkişafı üçün tədbirlər görmək;

3.2.7-2. müvafiq ərazinin davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə dövlət orqanlarına (qurumlarına) təklif və tövsiyələr vermək;";

4.3.2.6. 3.2.8-ci yarımbənddə "səlahiyyətlərinə aid olan məsələlərlə bağlı" sözləri "fəaliyyət istiqamətlərinə aid məsələlərə dair" sözləri ilə əvəz edilsin;

4.3.2.7. 3.2.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

"3.2.9. forum, konfrans, müşavirə, sərgi və digər tədbirlərdə, habelə beynəlxalq tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;";

4.3.2.8. aşağıdakı məzmunda 3.2.9-1-ci və 3.2.9-2-ci yarımbəndlər əlavə edilsin:

"3.2.9-1. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi təşkilatları öz fəaliyyətinə cəlb etmək, işçi qruplar yaratmaq;

3.2.9-2. istifadəsində olan dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;";

4.3.2.9. 3.2.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

"3.2.10. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.";

4.4. 4-cü hissə üzrə:

4.4.1. 4.4-cü və 4.5-ci bəndlər ləğv edilsin;

4.4.2. aşağıdakı məzmunda 4.6-cı bənd əlavə edilsin:

"4.6. Səlahiyyətli nümayəndə:

4.6.1. səlahiyyətli nümayəndəliyin fəaliyyətini təşkil edir və rəhbərlik edir;

4.6.2. səlahiyyətli nümayəndəliyin fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat verir;

4.6.3. müavinləri arasında vəzifə bölgüsü aparır;

4.6.4. səlahiyyətli nümayəndəliyin strukturu və işçilərinin say həddi barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

4.6.5. müəyyən edilmiş struktur,əməyin ödənişi fondu və işçilərinin say həddi daxilində səlahiyyətli nümayəndəliyin ştat cədvəlini təsdiq edir;

4.6.6. səlahiyyətli nümayəndəliyin struktur bölmələrinin əsasnamələrini və işçilərinin vəzifə təlimatlarını təsdiq edir;

4.6.7. dövlət büdcəsindən ayrılan vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla işçilərin vəzifə maaşlarına qanunla müəyyən olunan əlavələrin və digər ödənişlərin verilməsini təmin edir; 

4.6.8. səlahiyyətli nümayəndəliyi təmsil edir;

4.6.9. müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

4.6.10. bu Əsasnamənin 4.3-cü bəndi nəzərə alınmaqla, səlahiyyətli nümayəndəliyin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

4.6.11. səlahiyyətli nümayəndəliyin işçilərinə dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri verir, habelə xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

4.6.12. səlahiyyətli nümayəndəlikdə dövlət sirrinin və məxfilik rejiminin qorunması ilə bağlı qanunvericiliyin tələblərinə, etik davranış qaydalarına, əmək və icra intizamına riayət olunmasına nəzarət edir;

4.6.13. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.6.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.".

5.  Bu Fərman 2026-cı il iyulun 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 iyun 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kraudfandinq fəaliyyətinin hüquqi əsasları yaradılır

21:28
07 İyul

Azərbaycanın kibertəhlükəsizlik siyasəti ATƏT PA-da diqqətə çatdırılıb

20:37
07 İyul

Azərbaycan-Rusiya təhsil əməkdaşlığı çərçivəsində 15 magistr məzun diplom alıb

20:34
07 İyul

4SİM-in proqramı çərçivəsində 80 prioritet texnoloji həll seçilib

20:06
07 İyul

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

20:03
07 İyul

Azərbaycan və Zimbabve siyasi dialoq və parlamentlərarası əməkdaşlığı genişləndirmək niyyətindədir

19:47
07 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:43
07 İyul

Azərbaycan-ABŞ strateji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub

19:35
07 İyul

Milli Məclisin komitəsində sığorta, innovasiya və rəqəmsal iqtisadiyyatla bağlı dəyişikliklərə baxılıb

19:10
07 İyul

İlyas Demirci: Qarabağdakı şəhərsalma təcrübəsi Türk dünyası üçün istinad mənbəyi olacaq 

19:05
07 İyul

Avropadakı qaz anbarlarının doluluq nisbəti ötənilki göstəricidən 8,3 faiz azdır

19:00
07 İyul

Daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə ölkəmizə gətirilib

18:55
07 İyul

Donald Tramp Rusiya və Ukrayna prezidentlərinin razılıq əldə etmək istədiklərini açıqlayıb

18:50
07 İyul

Gənclər Kitabxanasında “Türk Dünyası Həftəsi” adlı elektron resurs bazası istifadəçilərin ixtiyarına verilib

18:47
07 İyul

İsrailli politoloq: Prezident İlham Əliyev cavabdehlik daşıyan siyasətçi imici formalaşdırmağa nail olub

18:44
07 İyul

Özbəkistanlı ekspert:Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqazın daha sıx inteqrasiyasına şərait yaradır

17:49
07 İyul

Dövlət İdarəçilik Akademiyasında “Məzun günü” qeyd olunub

17:45
07 İyul

Daha iki qanun layihəsi parlamentin iclasına tövsiyə edilib

17:44
07 İyul

Sinqapurun xarici işlər naziri Azərbaycanın azad edilmiş ərazilərindəki bərpa işləri barədə məlumatlandırılıb

17:03
07 İyul

Bu il 19 nəfər sudaboğulma təhlükəsindən xilas edilib

16:59
07 İyul

Ankarada Ərdoğanla Tramp arasında görüş keçirilir

16:59
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!