Ötən ilin aprelində Rusiya sülhməramlılarının ərazilərimizdən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edildi
Ötən beş ilin xronologiyasına qısa nəzər saldıqda Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində ölkəmiz, xalqımız adına qazanılan tarixi qələbələr silsiləsinə, milli maraqlarımızın qətiyyətlə necə təmin edilməsinə qürurla şahidlik edirik.
Artıq ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib, Qarabağda erməni separatizmi məhv edilib, Konstitusiyamız bütün ərazilərimizdə qüvvəyə minib. Milli nifrət zəminində xalqımıza qarşı çoxsaylı hərbi cinayət törədən erməniəsilli şəxslər Bakıda ədalət mühakiməsinə çıxarılıb.
Üç onilliyə yaxın müddət ərzində erməni vəhşiliyi ilə üz-üzə qalan, talanan, dağıdılan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri aparan dövlətimiz o ərazilərə yenidən həyat verir. Bir zamanlar ah-nalə ilə yurdlarını tərk etməyə məcbur qalmış keçmiş məcburi köçkünlərimiz qayıdış karvanları ilə yurdlarına dönürlər. Qarabağ və Şərqi Zəngəzurdan daha silah səsləri yox, yeni doğulan körpələrin sədası gəlir.
Bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi Şuşa Zəfərindən doğan şərəf salnaməmizin parlaq səhifələridir.
Yeni reallıq
Azərbaycanın əldə etdiyi bu tarixi nailiyyətlər, misilsiz uğurlar nəticəsində regionda da vəziyyət tamamilə dəyişdi, yeni gerçəkliklərin diktə etdiyi reallıqlar formalaşdı. Bunlardan biri də ötən il Azərbaycan və Rusiya ali rəhbərliklərinin qərarı ilə Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizi zamanından əvvəl tərk etməsi oldu. Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən üçtərəfli Bəyanat imzalanmışdı. Bəyanata əsasən, bir vaxtlar erməni separatçılarının mövcud olduğu Qarabağda Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilmişdi. Bəyanatda sülhməramlı kontingentin qalma müddətinin 5 il olduğu öz əksini tapmışdı.
2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı erməni separatçılarının mövcudluğuna son qoyuldu, bütün ərazilərimiz üzərində milli suverenliyimiz təmin edildi. Bununla Rusiya sülhməramlılarının fəaliyyətinə bölgədə ehtiyac qalmadı.
Ötən ilin bu günlərində Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməsi ilə bağlı mediada yayılan məlumatların həqiqəti nə dərəcədə əks etdirməsi ilə bağlı AzƏrtac Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə sual ünvanlamışdı. Aprelin 17-də sözügedən sualı cavablandıran Prezidentin köməkçisi bildirmişdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir.
Beləliklə, bu məsələ rəsmi şəkildə də təsdiqini tapmış və vaxtından əvvəl Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazilərini tərk etməyə başlamışdı.
Ötən il mayın 15-də Xocalı Hava Limanında Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilmişdi.
Uğur silsiləsi
Rusiya sülhməramlılarının ərazilərimizdən çıxarılması Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində baş vermişdi. 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatında sülhməramlıların 2025-ci ilə qədər müvəqqəti olaraq yerləşdirilməsi maddəsinin öz əksini tapması və burada "müvəqqəti" şərtinin qoyulması da Prezident İlham Əliyevin israrı sayəsində mümkün olmuşdu. Dövlətimizin başçısının qətiyyətli siyasətinin təzahürü kimi, 2024-cü ildə bu proses məntiqi sonluğuna çatdırılmışdı.
Rusiya sülhməramlı kontingentinin ərazilərimizi vaxtından əvvəl tərk etməsi Azərbaycanın növbəti uğuru olmaqla yanaşı, ölkəmizin qələbələrinə kölgə salmaq istəyən xaricdə və daxildə olan bəzi qərəzli dairələrə tutarlı cavab idi. Həmin dairələrin guya Rusiya sülhməramlılarının heç zaman Azərbaycan ərazilərini tərk etməyəcəyi ilə bağlı "proqnoz"larının da cəfəng və əsassız olduğu əyani təsdiqini tapdı.
Bütün bunlar isə, "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik", - deyən Müzəffər lider İlham Əliyevin müstəqil və qətiyyətli siyasəti, hərbi taktikası, diplomatik peşəkarlığı ilə milli maraqlarımızı layiqincə təmin etməsinin göstəricisidir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"