Milli ideologiyanın tarixi missiyası təkcə xalqın milli kimliyini qorumaqla məhdudlaşmamalı, eyni zamanda cəmiyyətin siyasi bütövlüyünü təmin etməli, dövlətçilik maraqlarını milli məqsədlər səviyyəsinə yüksəltməli və inkişafın strateji istiqamətlərini müəyyənləşdirməlidir. Azərbaycançılıq məfkurəsinin müasir Azərbaycan dövlətçiliyindəki yeri məhz bu çoxşaxəli funksiyası ilə səciyyələnir.
Dövlətimizin başçısının "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" fikri də milli ideyanın dövlətin gücü, xalqın birliyi və ölkənin strateji inkişafı ilə üzvi bağlılığını ifadə edir. Azərbaycançılıq anlayışının mahiyyətində ilk növbədə Vətənə bağlılıq, milli mənsubiyyətlə qürur duymaq, dövlət müstəqilliyini qorumaq və ümummilli maraqları hər şeydən üstün tutmaq dayanır.
Azərbaycançılıq məfkurəsinin müstəqil dövlət quruculuğunun ideoloji təməli kimi formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindəndir. Müstəqilliyimizin ilk illərində ölkənin üzləşdiyi siyasi böhran, daxili qarşıdurmalar, separatçılıq meyilləri və dövlətçiliyin ciddi təhlükələrlə üzləşməsi milli birliyin möhkəm ideoloji əsaslara söykənməsini zəruri edirdi. Belə mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev Azərbaycan cəmiyyətini vahid amal ətrafında birləşdirən, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən azərbaycançılıq ideyasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi, milli kimliklə dövlətçilik düşüncəsini uzlaşdıraraq xalqımızın birliyinin ideoloji əsaslarını yaratdı. Ulu Öndərin 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında səsləndirdiyi "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır" fikri bu məfkurənin mahiyyəti idi.
Bu gün həmin ideoloji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitdə ardıcıl davam edir. Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin siyasi irsini yaşatmaqla yanaşı, azərbaycançılıq məfkurəsini müasir Azərbaycanın inkişaf strategiyasının mühüm dayaqlarından birinə çevirib. Prezidentin bu məsələyə münasibəti 8 Noyabr - Zəfər Günü münasibətilə xalqa təbrikində səsləndirdiyi fikirlərdə xüsusilə aydın ifadə olunub: "Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir". Prezidentin vurğuladığı kimi, ölkəmizdə bütün etnik qrupların və dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bizi birləşdirən isə vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Dövlətimizin başçısının bu yanaşması göstərir ki, milli birlik tarixi yaddaşımızın deyil, həm də müasir dövlət quruculuğumuzun əsas şərtidir.
Prezident İlham Əliyevin azərbaycançılıq ideyasına sadiqliyi onun dünya azərbaycanlıları ilə bağlı siyasətində də özünü göstərir. Dövlətimizin başçısı xaricdə yaşayan soydaşlarımızın ölkəmizlə əlaqələrinin möhkəmlənməsinə, diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə, milli maraqlarımızın beynəlxalq müstəvidə müdafiəsinə xüsusi əhəmiyyət verir. "Mən hər bir azərbaycanlının Prezidentiyəm" prinsipinin ifadə etdiyi siyasi yanaşma da bu baxımdan diqqətəlayiqdir. Azərbaycan harada yaşamasından asılı olmayaraq, hər bir soydaşının mənəvi Vətənidir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli kimliyini qoruması, dilimizə və mədəniyyətimizə sahib çıxması, tarixi Vətənlə əlaqələrini möhkəmləndirməsi ümummilli həmrəyliyin mühüm göstəricisidir.
Azərbaycançılıq məfkurəsinin real birləşdirici gücü 2020-ci ildə Vətən müharibəsi zamanı bütün aydınlığı ilə üzə çıxdı. 44 günlük müharibə xalqımızın milli iradəsinin, dövlətə sədaqətinin və Vətən sevgisinin möhtəşəm təntənəsi oldu. Həmin günlər ölkə daxilində yaşayan milyonlarla insan kimi dünyanın müxtəlif ölkələrindəki soydaşlarımız da vahid amal ətrafında birləşdilər, Azərbaycanın haqq səsini müdafiə etdilər, informasiya mübarizəsinə qoşuldular, ölkəmizə qarşı aparılan qərəzli kampaniyalara etirazlarını bildirdilər. Coğrafi məsafələr, fərqli həyat şəraiti və sosial mühit bu həmrəyliyə mane ola bilmədi. Hər kəsin düşüncəsində və fəaliyyətində bir məqsəd vardı - Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi ədalətin təmin olunması.
Müharibə dövründə xalqımızın "dəmir yumruq" ətrafında sıx birləşməsi azərbaycançılığın təkcə ideoloji anlayış deyil, həm də milli gücə çevrilmiş canlı məfkurə olduğunu nümayiş etdirdi. Təbii ki, tarixi Zəfərin əsasını Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, rəşadətli ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi təşkil edirdi. Bütün bu qüvvələri vahid məqsəd ətrafında səfərbər edən, xalqımızın mübarizə əzmini daha da gücləndirən mənəvi dayaqlardan biri də məhz azərbaycançılıq məfkurəsi idi. 44 günlük Vətən müharibəsi sübut etdi ki, milli birlik, dövlətə inam və ortaq amal ətrafında səfərbərlik xalqın ən böyük güc mənbəyidir.
Zəfərdən sonra Azərbaycanın qarşısında yeni tarixi vəzifələr dayanır. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, "Böyük qayıdış" proqramı, iqtisadi potensialımızın artırılması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi və müasir dövlət quruculuğunun davam etdirilməsi vahid milli məqsəd ətrafında birliyin qorunmasını tələb edir.
Bu gün azərbaycançılıq həm də quruculuq, məsuliyyət, milli maraqlara sədaqət və gələcək nəsillər qarşısında mənəvi borc deməkdir. Ana dilimizi qorumaq, tariximizi öyrənmək, mədəni irsimizə sahib çıxmaq, dövlət rəmzlərimizə ehtiram göstərmək bu məfkurənin gündəlik həyatımızdakı təzahürləridir.
Prezident İlham Əliyevin səsləndirdiyi "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" fikrinin mahiyyəti də məhz bu tarixi vəhdətdə üzə çıxır. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə müstəqil dövlətimizin ideoloji təməlinə çevrilən azərbaycançılıq Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun zənginləşərək milli inkişafımızın istiqamətverici qüvvəsi kimi çıxış edir. Azərbaycançılıq məfkurəsi bizi tariximizə bağlayır, bu günümüzlə birləşdirir, sabahımıza inamla aparır.
Elşən QƏNİYEV,
"Azərbaycan"