"Öncə hansı büdcəni deyil, hansı dövlətin büdcəsini müzakirə edirik?" sualına cavab verməliyik
2027-ci ilin dövlət büdcəsi zərfinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilməsi ilə parlamentdə müzakirələr başlanılmışdır.
Büdcə zərfi hər şeydən əvvəl Prezident İlham Əliyevin strateji təşəbbüslərini, sosial-iqtisadi inkişafın əsas hədəflərini, yeni dövrün çağırışlarını əks etdirir və onların reallaşdırılması üçün etibarlı maliyyə təminatı yaradır.
2027-ci il dövlət büdcəsi zərfinin əsas parametrləri
Növbəti ilin büdcə gəlirləri 39,2 mlrd., xərcləri isə 42,4 mlrd. manat proqnozlaşdırılır. Büdcə kəsirinin yuxarı həddi təxminən 3,2 mlrd. manat və ya ÜDM-in 2,2 faizi səviyyəsində nəzərdə tutulur.
İcmal büdcənin gəlirlərinin 47,6 mlrd., xərclərinin 50,4 mlrd., kəsirinin isə 2,8 mlrd. manat təşkil edəcəyi gözlənilir.
Makroiqtisadi proqnozlara əsasən 2027-ci ildə ÜDM-in 2,7 faiz, qeyri-neft sektoru üzrə isə 4,4 faizlik real artım tempi proqnozlaşdırılır. Qeyri-neft sektorunun ÜDM-də payının cari ilin sonuna gözlənilən 72,5 faizdən 2030-cu ilin sonuna 82 faizə yüksələcəyi hədəflənir. Ortaillik inflyasiyanın 2027-ci ildə 5,3 faiz təşkil edəcəyi gözlənilir.
Büdcə təkcə iqtisadiyyatın deyil, həm də dövlət siyasətinin güzgüsüdür
Hesab edirik ki, 2027-ci ilin büdcə zərfinin qiymətləndirilməsinə yalnız bu rəqəmlərdən başlamaq kifayət deyil. Əlbəttə, gəlirlər, xərclər, kəsir, dövlət borcu, transfertlər və digər göstəricilər çox vacibdir. Lakin əgər biz yalnız rəqəmlərə fokuslansaq, bunların arxasında dayanan dövlət siyasətini və iqtisadi strategiyanı görməyə bilərik.
Digər tərəfdən də nəzərə almalıyıq ki, büdcə öz-özlüyündə məqsəd deyil, ümumi dövlət siyasətinin həyata keçirilməsi üçün mühüm vasitədir. Bu o deməkdir ki, əvvəlcə dövlətin strateji hədəfləri müəyyən olunur. Bu hədəflər iqtisadi siyasətin prioritetlərini, iqtisadi prioritetlər isə büdcə siyasətinin əsas konsepsiyasını və məzmununu formalaşdırır.
Beləliklə, büdcə zərfi dövlətin yalnız gəlirləri və xərclərini, maliyyə öhdəliklərini deyil, həm də dövlətin strateji məqsədlərini əks etdirir. Obrazlı desək, dövlət büdcəsi milli iqtisadiyyatımızla yanaşı, bütövlükdə dövlət siyasətinin də güzgüsüdür.
Dövlətin ümumi siyasətinin əsas məqsədi isə ölkəmizin suverenliyinin, təhlükəsizliyinin və milli maraqlarının qorunmasından, davamlı və dayanıqlı inkişafın təmin edilməsindən, əhalinin rifahının yüksəldilməsindən ibarətdir.
Büdcə zərfi dövlətin faktiki statusunun, beynəlxalq arenadakı mövqeyinin, strateji missiyasının və hədəflərinin, inkişaf modelinin, ən əsası isə nüfuzu və gücünün rəqəmlərdə ifadəsidir. O, dövlətimizin siyasi, iqtisadi və sosial əsaslarının qarşılıqlı əlaqəsini və bir-biri ilə necə uzlaşdığını dəyərləndirməyə imkan verən əsas maliyyə sənədidir.
Şanlı Qələbəmiz dayanıqlı iqtisadiyyat qurmaq məsuliyyətini də yaratdı
Azərbaycan tamamilə yeni tarixi mərhələyə qədəm qoyub. Bu mərhələnin təməlində Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi, sərkərdə məharəti, şanlı ordumuzun döyüş qabiliyyəti, qəhrəman şəhid və qazilərimizin fədakarlığı, qətiyyəti sayəsində qazanılmış möhtəşəm Qələbəmiz dayanır.
Qələbə xalqımıza böyük qürur və fəxarət hissi yaşatmaqla, Azərbaycan tarixində şanlı səhifə, şərəfli yol açmaqla bərabər, qarşımızda böyük bir məsuliyyət də yaratmış oldu. Bu məsuliyyət yalnız siyasi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Qələbədən sonrakı mərhələ eyni zamanda daha dayanıqlı və rəqabətqabiliyyətli milli iqtisadiyyat qurmaq əzmi və məsuliyyəti ilə bağlıdır.
2027-ci ilin büdcə zərfi ləyaqətli dövlətin maliyyə sənədidir
2027-ci ilin əsas maliyyə sənədini xarakterizə etməzdən əvvəl "Biz hansı büdcəni deyil, ilk növbədə hansı dövlətin büdcəsini müzakirə edirik?" sualına cavab verməliyik.
Bu sualın cavabı büdcə siyasətinin yalnız maliyyə göstəriciləri ilə məhdudlaşmadığını, müstəqil dövlətimizin müəyyənləşdirdiyi daha geniş strateji məqsəd və hədəflərə xidmət etdiyini daha dolğun ifadə edəcək, büdcə zərfinin siyasi-iqtisadi mahiyyətini və məzmununu aydın şəkildə açıqlamış olacaqdır.
Bir daha qürur və fəxarət hissi ilə vurğulamaq istərdik ki, biz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, milli maraqlarını zərrə qədər də olsa güzəştə getməyən, qürurunu ləyaqətlə qoruyan, böyük iqtisadi potensiala və perspektivlərə malik bir dövlətin əsas maliyyə sənədini təqdim və müzakirə edirik.
Azərbaycan bu gün regional proseslərə təsir göstərən, müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq edən, çoxtərəfli platformalarda və beynəlxalq təşəbbüslərdə fəal iştirak edən dövlətdir. Elə bu xüsusiyyətləri ilə də ölkəmiz qlobal siyasi arenada "orta güc" statusuna malik nüfuzlu dövlət olaraq tanınır və qəbul olunur.
"Orta güc" dövlətinin büdcəsi böyük deyil, strateji büdcə olmalıdır
İqtisadi müstəvidə Azərbaycan yalnız strateji enerji resurslarına malik ölkə deyil, həm də həmin resursları regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın mühüm vasitəsinə çevirən, iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edə bilən, iqtisadi müstəqilliyinə önəm verən dövlətdir.
Enerji ixracı infrastrukturu, Orta dəhliz, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat bağlantıları, Xəzər üzərindən logistika imkanları, ciddi perspektivə malik "yaşıl enerji" ixracı Azərbaycanın geoiqtisadi əhəmiyyətini onun nominal iqtisadi göstəricilərindən daha yüksək səviyyəyə qaldırır.
Bütün bunlar dövlət maliyyə sistemi və büdcə siyasəti üçün bir tərəfdən xüsusi tələblər müəyyən edir, digər tərəfdən də müəyyən gözləntilər yaradır. Belə ki, "orta güc" dövlətinin büdcəsi böyük büdcə deyil, strateji büdcə olmalıdır. Belə bir büdcə siyasi və iqtisadi müstəqilliyi qorumağa, xarici şoklara qarşı maliyyə ehtiyatları yaratmağa, milli təhlükəsizliyi təmin etməyə və gələcək iqtisadi potensialın formalaşdırılmasına xidmət etməlidir.
Deməli, "orta güc" yalnız mövcud resursları xərcləyən deyil, gələcək dövr üçün siyasi və iqtisadi güc formalaşdıran dövlətdir. Buna görə də 2027-ci ilin dövlət büdcəsi zərfinə daxil olan layihələr iqtisadi potensialın genişləndirilməsinə xidmət edən infrastruktur, nəqliyyat və logistika, enerji, rəqəmsallaşma, innovasiya, kənd təsərrüfatı kimi sahələr üzrə təşviqlərin tətbiqini nəzərdə tutur.
Maliyyə təhlükəsizliyi ilə müşayiət edilən büdcə zərfi
Şanlı Qələbəmizdən sonra milli təhlükəsizlik məsələləri öz aktuallığını itirmədiyi kimi, iqtisadi və maliyyə təhlükəsizliyi də dövlət siyasətinin mühüm prioritetləri olaraq qalır. Buna görə də vaxtdan və konyukturdan asılı olmayaraq maliyyə təhlükəsizliyimiz ən yüksək səviyyədə təmin edilməlidir. Bu baxımdan "orta güc" statusuna malik olan ölkəmiz üçün valyuta rezervləri, suveren fondlar, idarə olunan dövlət borcu, konservativ fiskal siyasət sadəcə büdcə planlaşdırılması deyil, iqtisadi təhlükəsizliyin ən təsirli maliyyə alətləridir.
Biz bu yanaşmanı hökumətin borc siyasətində də aydın görə bilərik. 2026-cı ilin oktyabrın 1-nə olan məlumatlara əsasən xarici dövlət borcu cəmi 4,5 mlrd. dollar təşkil edir ki, bu da ÜDM-in 5,6 faizi həddindədir.
Ümumi həcmi 89,4 milyard dollara çatan strateji valyuta ehtiyatlarımız makroiqtisadi sabitliklə bərabər, Azərbaycan dövlətinin milli maraqlarımıza uyğun qəbul etdiyi suveren qərarları da dəstəkləyir. Bu məbləğ cari ilin sonuna gözlənilən 138 mlrd. manatlıq və ya 81,2 mlrd. dollarlıq ÜDM-in həcmini 10 faiz, xarici borcumuzu isə təxminən 20 dəfə üstələyir.
Azərbaycanın fövqəladə yüksək strateji ehtiyat təminatı göstərir ki, nəzəri olaraq ixracdan və digər xarici mənbələrdən valyuta daxilolmaları tam dayansa belə, mövcud rezervlərimiz ölkənin hazırkı səviyyədə mal və xidmət idxalını təxminən 40 ay, başqa sözlə, 3 il 4 ay maliyyələşdirə bilər. Bu isə beynəlxalq səviyyədə müəyyən edilmiş 3 aylıq minimum meyardan 13 dəfə artıq idxal təminatı deməkdir.
Xarici likvidlik və beynəlxalq ehtiyat yetərliliyi göstəricisi olan bu rezervlər də ölkəmizin təkcə xarici iqtisadi şoklara deyil, həm də xarici təzyiqlərə qarşı dayanıqlığını gücləndirir, milli valyutanın sabitliyinə mühüm dəstək verir və dövlətin beynəlxalq maliyyə öhdəliklərini yerinə yetirmək imkanlarını artırır.
Yetərli maliyyə ehtiyatlarından məsuliyyətli fiskal siyasətə
Burada bir prinsipial məsələni də vurğulamaq istərdik. Maliyyə təhlükəsizliyi yalnız ehtiyatların həcmi ilə deyil, həmin ehtiyatların qorunmasına xidmət edən məsuliyyətli fiskal siyasətlə də təmin olunur. Qeyri-neft sektorunun büdcə gəlirlərində payının 60 faizi keçməsi, o cümlədən Neft Fondundan büdcəyə transfertlərin tədricən azaldılması, növbəti ildə cari xərclərin 90 faizinin qeyri-neft gəlirləri hesabına qarşılanması hədəfi və büdcə qaydasına ciddi riayət edilməsi bunu bir daha təsdiqləyir.
Fiskal dayanıqlıq məsuliyyətli fiskal siyasətin prinsipi, büdcə konsolidasiyası isə onun əsas alətidir. Elə isə hər iki anlayışı nəzərdən keçirək.
Fiskal dayanıqlıq dövlətin orta və uzun müddətdə öz maliyyə öhdəliklərini yerinə yetirə bilməsi, borcun və büdcə kəsirinin idarəolunan səviyyədə saxlanması, eyni zamanda iqtisadi və sosial funksiyaların maliyyələşdirilməsinin təhlükə altına düşməməsidir. Başqa sözlə, söhbət təkcə bu ilin büdcəsinin balansından deyil, dövlət maliyyəsinin uzunmüddətli sağlamlığından gedir.
Fiskal konsolidasiya isə daha konkret prosesdir. O, büdcə kəsirinin, xərclərin və borclanma ehtiyacının nəzarətdə saxlanılması, neft gəlirlərindən və transfertlərdən asılılığın azaldılması, gəlir bazasının möhkəmləndirilməsi, xərclərin optimallaşdırılması və beləliklə, dövlət maliyyəsinin daha möhkəm mövqeyə keçirilməsidir. Deməli, konsolidasiya fiskal dayanıqlığın təmin edilməsinin əsas alətlərindən biridir.
Dövlət büdcəsi iqtisadi fəaliyyətin nəticəsidir
Təbii ki, dövlət büdcəsi iqtisadi fəaliyyətin nəticəsində formalaşır. Bizim müzakirə etdiyimiz növbəti ilin büdcə layihəsi, əslində, qanunla təsdiq ediləcək proqnozlar və gözləntilərdir. Bu proqnozların real xəzinəyə çevrilməsi isə milli iqtisadiyyatımızın yüksək fəallıq nümayiş etdirməsindən, iqtisadi potensialın tam reallaşdırılmasından və etibarlı gəlir bazasının yaradılmasından asılıdır.
Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə başlanılmış və hazırda uğurla davam edən "yeni iqtisadi təşəbbüslər" də dövlətimizin iqtisadi dayaqlarının, maliyyə əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir. Biz bu təşəbbüsləri və son illərdə reallaşdırılan iqtisadi transformasiyanı "yeni iqtisadiyyat quruculuğu" kimi dəyərləndirir və ifadə edir, elə bu terminologiya ilə də onun siyasi və iqtisadi leksikonumuza daxil olunmasını təklif edirik.
Qlobal geosiyasi risklər büdcə planlaşdırılmasında ehtiyatlı yanaşma tələb edir
Həmçinin 2027-ci ilin dövlət büdcəsi zərfinin, son illər həyata keçirilən fiskal siyasətin əsas xüsusiyyətlərini qeyd etmək istərdim.
Dövlət büdcəsi milli iqtisadiyyata aid maliyyə sənədi olsa da, onun formalaşmasına qlobal iqtisadi meyillər və beynəlxalq siyasi konyuktur mühüm təsir göstərir. Dünya iqtisadiyyatında artımın zəifləməsi, enerji qiymətlərinin dəyişkənliyi, geosiyasi risklər və borc öhdəlikləri üzrə faizlərin yüksəlməsi büdcə planlaşdırılmasında ehtiyatlı yanaşmanı zəruri edir.
Xüsusilə enerji bazarlarındakı vəziyyətə diqqət yetirilməlidir. 2027-ci ilin büdcə zərfində neftin bir barelinin orta illik qiyməti 65 dollar səviyyəsində götürülmüşdür. Hazırkı bazar qiymətlərinin bu göstəricidən təxminən 50 faizədək yüksək olması və davamlı dəyişməsi neftin büdcə qiymətinin artırılması ilə bağlı müəyyən gözləntilər yarada bilər.
Lakin dünya neft bazarında cari qiymətlərin yüksəlməsi dayanıqlı tələb amilləri ilə deyil, geosiyasi risklər və təklif məhdudiyyətləri ilə izah olunur. Bu baxımdan neftin orta illik proqnoz qiymətini ehtiyatlı büdcə planlaşdırması üçün əsaslı baza hesab edirik.
Müvəqqəti gəlirlərlə daimi xərcləri maliyyələşdirmək olmaz!
Digər bir məsələ əlavə neft gəlirlərinə münasibətlə bağlıdır. Bəzən bu cür fikirlər səslənir ki, neftin qiyməti yüksəkdirsə, əlavə gəlirlər niyə dərhal xərclənmir? Hesab edirik ki, bu suala fiskal dayanıqlıq prinsipi əsasında yanaşmalıyıq. Müvəqqəti gəlirlərlə daimi xərcləri maliyyələşdirmək, başqa sözlə, daimi xərc öhdəlikləri yaratmaq doğru yanaşma deyil. Çünki büdcə gəlirləri baxımından əlverişli görünən bazar konyukturu hər an dəyişə bilər.
Fiskal siyasət büdcə üçün əlverişli konyuktur şəraitində də məsuliyyətli və qənaət yönümlü olmalıdır. Dövlət maliyyə sistemində dayanıqlığın əsas sınağı böhranlı illər deyil, gəlirlərin yüksək olduğu dövrdür. Yüksək gəlir şəraitində bütün əlavə resursların xərclənməsi konyukturdan asılı olan fiskal siyasətə, bu da son nəticədə maliyyə risklərinə gətirib çıxarır. Belə ki, əlverişli konyukturda xərclər sürətlə artır, bazar şərtləri pisləşdikdə isə maliyyə imkanları daralır. Yeni büdcə siyasətinin əsas məqsədlərindən və prinsiplərindən biri məhz bu asılılığın azaldılmasıdır.
Büdcə zərfində əsaslı xərclərə 13,8 mlrd. manat, o cümlədən dövlət investisiyalarına 5,3 mlrd. manat vəsait nəzərdə tutulması fiskal dayanıqlıq üçün iqtisadi əsasların yaradılmasına xidmət edir.
(ardı var)
Azər ƏMİRASLANOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri