Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və
26-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Banklar haqqında" Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004, № 3, maddə 130 (Cild I); 2024, № 2, maddə 138; 2025, № 1, maddə 1, № 4 (I
kitab), maddə 318, № 5, maddə 432; 2026, № 2, maddə 111, № 6, maddə 488)
41.2.18-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin və aşağıdakı məzmunda 41.2.19-cu maddə əlavə edilsin:
"41.2.19. "Qiymətli kağızlar bazarı haqqında"
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sekyuritizasiya zamanı -
sekyuritizasiya şirkətinə.".
Maddə 2. "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015, № 7, maddə 813 (Cild I); 2025, № 4 (I kitab), maddə 318, № 5, maddə 432, №
7, maddə 613; 2026, № 7 (I kitab), maddələr 619, 620) aşağıdakı dəyişikliklər
edilsin:
2.1.1.0.31-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.32 - 1.0.35-ci maddələr əlavə
edilsin:
"1.0.32. sekyuritizasiya-bu Qanunun 74-5.1-ci maddəsində
göstərilən aktivlərin sekyuritizasiya şirkəti tərəfindən aktivlərin
satıcısından geri almaq tələbi olmadan (bu Qanunun 74-9.5-ci maddəsində nəzərdə
tutulan hallar istisna olmaqla) satın alınması və həmin aktivlər əsasında
sekyuritizasiya istiqrazlarının emissiya edilməsi prosesi;
1.0.33. sekyuritizasiya planı-hər bir sekyuritizasiya
prosesi ilə bağlı məlumatları əhatə edən və bu Qanunun 74-10-cu maddəsinə uyğun
olaraq tərtib və təsdiq edilmiş plan;
1.0.34. sekyuritizasiya istiqrazı-sekyuritizasiya şirkəti tərəfindən
buraxılan və istiqraz üzrə ödənişləri sekyuritizasiya planına uyğun olaraq
aktivlərdən daxil olan pul vəsaitlərinin hesabına ödənilən istiqraz;
1.0.35. aktivlərin satıcısı-sekyuritizasiya planına uyğun
olaraq sekyuritizasiyanın predmeti olan aktivləri sekyuritizasiya şirkətinə
satan hüquqi şəxs.";
2.2.61.14-cü maddənin ikinci cümləsinə "şəxslərin"
sözündən sonra ", habelə aktivlərin satıcısının" sözləri əlavə
edilsin;
2.3. aşağıdakı məzmunda 8-2-ci fəsil əlavə edilsin:
"8-2-ci
fəsil
Sekyuritizasiya
Maddə 74-5.
Sekyuritizasiyanın predmeti
74-5.1.
Sekyuritizasiyanın predmeti qismində kredit, maliyyə icarəsi və ya faktorinq
müqavilələri, həmçinin fond birjasında listinqdə olmayan korporativ istiqrazlar
üzrə yaranan pul tələbləri çıxış edir. Mərkəzi Bank sekyuritizasiyanın predmeti
qismində çıxış edə bilən digər pul tələblərini müəyyən etmək hüququna malikdir.
74-5.2.
Normativ hüquqi aktlarla müəyyən edilən hallarda sahibkarlıq subyektlərinə
verilmiş güzəştli kreditlər, investisiya qiymətli kağızları (fond birjasında
listinqdə olmayan korporativ istiqrazlar istisna olmaqla), iflas prosesində
olan şəxslərə verilmiş borclar, dövri ödənişlər nəzərdə tutulmayan debitor
borclar, həmçinin üçüncü şəxslər qarşısında yüklü olan aktivlər
sekyuritizasiyanın predmeti ola bilməz.
74-5.3.
Sekyuritizasiyanın predmeti olan aktivlər bu Qanunun 74-8-ci maddəsində nəzərdə
tutulan reyestrə daxil edildiyi andan sekyuritizasiya istiqrazı mülkiyyətçilərinin
xeyrinə qanun üzrə girov qoyulmuş hesab olunur. Sekyuritizasiyanın predmeti
olan aktivlər digər şəxslərin xeyrinə yüklü edilə, həmin aktivlər üzərinə
sekyuritizasiya istiqrazı mülkiyyətçilərindən başqa, digər kreditorların tələblərinin
ödənilməsi üçün həbs qoyula və həmin aktivlər üzrə tələb yönəldilə bilməz.
74-5.4.
Sekyuritizasiya predmetinin bu Qanunun tələblərinə uyğunluğu sekyuritizasiya
planının təsdiqi zamanı bu Qanunun 61.14-cü maddəsi ilə müəyyən edilmiş tələblərə
cavab verən kənar auditor tərəfindən, sekyuritizasiya planının qüvvədə olduğu
müddətdə isə xidmət agenti tərəfindən yoxlanılır.
74-5.5. Bu
Qanunun 8-2-ci fəslinin tələbləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə
müəyyən edilən ipoteka istiqrazlarının emissiyasına şamil edilmir.
74-5.6.
Sekyuritizasiya istiqrazları bu Qanunun
74-12.1-civə
74-12.2-ci maddələri nəzərə alınmaqla, yalnız institusional investorlar tərəfindən
əldə edilə bilər.
74-5.7.
Sekyuritizasiya predmetinə dair digər tələblər Mərkəzi Bank tərəfindən müəyyən
edilir.
Maddə 74-6.
Sekyuritizasiya şirkəti
74-6.1.Sekyuritizasiya
şirkəti fəaliyyətinin müstəsna predmeti bu Qanuna uyğun olaraq, sekyuritizasiya
fəaliyyətinin həyata keçirilməsi olan kommersiya hüquqi şəxsdir. Azərbaycan
Respublikasında sekyuritizasiya fəaliyyətini həyata keçirmək hüququna yalnız bu
Qanunun 74-10-cu maddəsinə əsasən sekyuritizasiya planı təsdiq olunmuş hüquqi şəxslər
malikdirlər.
74-6.2.
Sekyuritizasiya şirkətinin adında "sekyuritizasiya şirkəti" sözləri
olmalıdır.
74-6.3.
Siyahısı bu Qanunun 62.3-cü maddəsinə uyğun olaraq müəyyən edilən ofşor
zonalarda qeydiyyata alınmış şəxslər və ya təsisçiləri, mühüm iştirak payının
sahibləri və benefisiar mülkiyyətçiləri, belə zonalarda qeydiyyata alınmış şəxslər
sekyuritizasiya şirkətinin paylarına birbaşa və ya dolayı yolla sahib ola bilməzlər.
Sekyuritizasiya şirkətinə edilən ödənişlər həmin şirkətin bank hesabı vasitəsilə
həyata keçirilir.
74-6.4.
Sekyuritizasiya şirkətinin emissiya etdiyi sekyuritizasiya istiqrazlarını geri
almaq hüququ yoxdur.
Maddə 74-7.
Xidmət agenti
74-7.1.
Xidmət agenti sekyuritizasiya şirkəti ilə bağlanmış müqaviləyə əsasən bu
Qanunun 74-7.3-cü maddəsində nəzərdə tutulan vəzifələri həyata keçirir. Xidmət
agenti qismində aktivlərin satıcısı, habelə kredit, maliyyə icarəsi və ya
faktorinq təşkilatı ola bilər. Xidmət agenti sekyuritizasiya şirkətinə aidiyyəti
şəxs ola bilməz.
74-7.2. Xidmət
agenti sekyuritizasiya planında müəyyənləşdirilir.
74-7.3.
Xidmət agenti aşağıdakı vəzifələri həyata keçirir:
74-7.3.1.
sekyuritizasiya predmetinin bu Qanunun tələblərinə uyğunluğunun yoxlanılması;
74-7.3.2.
pul tələbləri üzrə əsas məbləğlərin və digər ödənişlərin borclulardan tələb
edilməsi, pul tələblərinin təminat hesabına ödənilməsi üçün tədbirlərin görülməsi
və sekyuritizasiya şirkətinin hesabına ödənilən vəsaitlərin uçotunun
aparılması;
74-7.3.3.
aktivlərdən daxil olan pul vəsaitlərinin sekyuritizasiya planına uyğun
bölüşdürülməsi və sekyuritizasiya istiqrazı mülkiyyətçilərinə ödənişlərin həyata
keçirilməsi;
74-7.3.4.bu
Qanunun 74-8-ci maddəsinə əsasən aparılan sekyuritizasiya istiqrazları üzrə
sekyuritizasiya predmeti olan aktivlərin reyestrinə nəzarətin həyata keçirilməsi,
aktivlərin reyestrdən çıxarılması və ya başqa aktivlə əvəz edilməsinə dair
müraciətlərə baxılması.
74-7.4.
Xidmət agenti sekyuritizasiya predmetində aşkar etdiyi, lakin aktivlərin
satıcısı tərəfindən bu Qanunun 74-9.5-ci maddəsində nəzərdə tutulmuş qaydada
aradan qaldırılmamış pozuntular barədə bildirişi pozuntuların aradan
qaldırılması üçün müəyyən edilmiş müddətin bitməsindən 5 (beş) iş günündən gec
olmayaraq Mərkəzi Banka təqdim etməli və mediada açıqlamalıdır. Mərkəzi Bank bildirişi
aldığı gündən 3 (üç) iş günü müddətində onu öz internet informasiya ehtiyatında
yerləşdirir.
74-7.5.
Xidmət agenti bu Qanunla xidmət agentinə dair müəyyən edilmiş tələblərə cavab
vermədikdə, vəzifələrinin icrası zamanı pozuntulara yol verdikdə, ona verilmiş
lisenziya (olduqda) ləğv edildikdə, müflis elan edildikdə və ya ləğv edildikdə
sekyuritizasiya şirkəti yeni xidmət agentinin müəyyən edilməsi ilə bağlı
sekyuritizasiya planına müvafiq dəyişikliklər edərək 10 (on) iş günü müddətində
razılaşdırılması üçün Mərkəzi Banka təqdim edir.
74-7.6. Bu
Qanunun 74-7.5-ci maddəsində qeyd edilmiş dəyişiklik üzrə müraciətə Mərkəzi
Bank tərəfindən 10 (on) iş günü müddətində baxılır və bu Qanunun 74-10.6-cı
maddəsində müəyyən edilən hallar aşkarlanmadıqda sekyuritizasiya planına dəyişiklik
təsdiq edilir və ya 74-10.6-cı maddəsində müəyyən edilən hallarda dəyişiklikdən
imtina edilir.
74-7.7.
Xidmət agentinin fəaliyyətinə dair əlavə tələblər Mərkəzi Bank tərəfindən müəyyən
olunur.
Maddə 74-8.
Sekyuritizasiyanın predmeti olan aktivlərin reyestri
74-8.1.
Sekyuritizasiya şirkəti sekyuritizasiya istiqrazlarının buraxılışı haqqında qərar
qəbul etdikdə həmin istiqrazlar üzrə sekyuritizasiya predmeti olan aktivlərin
kağız və ya elektron formada reyestrini xidmət agentinin nəzarəti altında
yaratmalı və aparmalıdır. Aktivlərin reyestrinə daxil edilməli məlumatların
dairəsi Mərkəzi Bank tərəfindən müəyyən olunur.
74-8.2.
Sekyuritizasiya predmeti olan aktivlərin reyestri sekyuritizasiya
istiqrazlarının buraxılışının dövlət qeydiyyatına alınması barədə müraciətlə
birlikdə, reyestrdə edilmiş dəyişikliklər isə müvafiq dəyişiklik edildikdən
sonra 5 (beş) iş günü müddətində Mərkəzi Banka təqdim edilməlidir.
74-8.3.
Sekyuritizasiya predmeti olan aktivlər yalnız xidmət agentinin razılığı ilə
reyestrdən çıxarıla və ya başqa aktivlə əvəz edilə bilər. Xidmət agenti
sekyuritizasiya şirkətinin bu barədə müraciətinə 5 (beş) iş günü müddətində
baxmalı və nəticəsini yazılı formada bildirməlidir.
Maddə 74-9.
Aktivlərin sekyuritizasiya şirkətinə satışı
74-9.1.
Sekyuritizasiyanın predmeti olan aktivlərin sekyuritizasiya şirkətinə satışı
aktivlərin satıcısı ilə sekyuritizasiya şirkəti arasında tələbin güzəşti
qaydasında bağlanmış alqı-satqı müqaviləsi ilə həyata keçirilir. Aktivlərin
sekyuritizasiya şirkətinə satılması prosesinə dair tələblər Mərkəzi Bank tərəfindən
müəyyən edilir.
74-9.2.
Aktivlərin satıcısı sekyuritizasiya şirkəti ilə alqı-satqı müqaviləsi
imzaladığı zaman başa çatmış son maliyyə ili üzrə audit yoxlamasından keçmiş
(mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) maliyyə hesabatına
malik olmalıdır.
74-9.3.
Sekyuritizasiya şirkəti tərəfindən alınmış aktivlərin dəyəri sekyuritizasiya
istiqrazlarının yerləşdirilməsi nəticəsində əldə edilmiş vəsaitlər hesabına ödənilir.
74-9.4. Sekyuritizasiya
şirkəti tərəfindən sekyuritizasiya istiqrazlarının yerləşdirilməsi başa
çatdıqdan 30 (otuz) gün müddətində bu Qanunun 74-9.1-ci maddəsində qeyd edilən
alqı-satqı müqaviləsində nəzərdə tutulmuş satış məbləği aktivlərin satıcısına
ödənilir. Sekyuritizasiya istiqrazlarının yerləşdirilməsi baş tutmadıqda
alqı-satqı müqaviləsinə xitam verilir və aktivlər üzrə mülkiyyət hüququ aktivlərin
satıcısına keçir.
74-9.5. Bu
Qanunun 74-5-ci maddəsi ilə müəyyən edilmiş tələbin pozulması faktı aşkar
edildikdə pozuntunun aşkarlandığı tarixdən 10 (on) təqvim günü müddətində
aktivlərin satıcısı bu Qanunun 74-5-ci maddəsinin tələblərinə uyğun olmayan
aktivləri müvafiq tələblərə uyğun aktivlərlə əvəz etməli, bu mümkün olmadıqda
isə geri almalıdır.
74-9.6.
Sekyuritizasiya şirkəti ilə aktivlərin satıcısı arasında alqı-satqı müqaviləsi
bu Qanunun 74-10-cu maddəsinə uyğun olaraq sekyuritizasiya planının təsdiq
edildiyi andan qüvvəyə minir və həmin müqavilə ilə ötürülən aktivlər üzrə
mülkiyyət hüququ sekyuritizasiya şirkətinə alqı-satqı müqaviləsinin qüvvəyə
mindiyi andan keçir.
74-9.7.
Alqı-satqı müqaviləsi qüvvəyə mindikdən sonra 5 (beş) iş günü müddətində aktivlərin
satıcısı tərəfindən borclulara bu barədə yazılı məlumat təqdim edilir.
74-9.8.
Xidmət agenti qismində aktivlərin satıcısı çıxış etdikdə aktivlərin satışı barədə
borclulara yazılı məlumatın təqdim edilməsi tələb olunmur.
74-9.9.
Sekyuritizasiya şirkəti və xidmət agenti öz fəaliyyətində dövlət, kommersiya,
vergi, bank sirri, habelə qanunla qorunan digər məlumatların məxfilik rejiminə
riayət edir.
Maddə
74-10. Sekyuritizasiya planı və onun təsdiq edilməsi
74-10.1.
Sekyuritizasiya şirkəti "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət
qeydiyyatına alındıqdan sonra sekyuritizasiya planını tərtib edir. Hər bir
sekyuritizasiya prosesi Mərkəzi Bank tərəfindən təsdiq edilmiş sekyuritizasiya
planı ilə müşayiət olunur. Sekyuritizasiya planına dair tələblər və onun təsdiq
edilməsinə dair sənəd və məlumatların dairəsi Mərkəzi Bank tərəfindən müəyyən
olunur.
74-10.2.
Baza emissiya prospektinin tərtib edildiyi hallar istisna olmaqla,
sekyuritizasiya şirkəti tərəfindən emissiya edilən sekyuritizasiya
istiqrazlarının tədavül müddəti başa çatmadan həmin şirkət tərəfindən digər
sekyuritizasiya istiqrazlarının emissiyasına yol verilmir.
74-10.3. Təsdiq
edilmiş sekyuritizasiya planı çərçivəsində sekyuritizasiya istiqrazlarının tədavül
müddəti başa çatdıqdan sonra sekyuritizasiya şirkəti bu Qanunun 74-10-cu maddəsinə
uyğun olaraq sekyuritizasiya planının təsdiq edilməsi yolu ilə yeni
sekyuritizasiya prosesinə başlaya bilər.
74-10.4.
Sekyuritizasiya planının təsdiq edilməsi üçün nəzərdə tutulan sənədlərin və ya
məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət
orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar
müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron
Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda
onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq
dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin
edilir.
74-10.5. Mərkəzi
Bank sekyuritizasiya planının təsdiq edilməsi üçün müraciətə onun təqdim
edildiyi tarixdən 20 (iyirmi) iş günü müddətində baxır. Təqdim edilmiş sənədlərdə
çatışmazlıqlar aşkar edildikdə, bu barədə müraciət edənlərə 10 (on) iş günü
müddətində bildiriş göndərilir və bu çatışmazlıqların aradan qaldırılması təklif
edilir. Bu təklif 10 (on) iş günü müddətində yerinə yetirilməlidir. Təklifin təqdim
edilməsi bu maddədə nəzərdə tutulan 20 (iyirmi) iş günü müddətinin axımını
dayandırır. Sənədlərin təqdim edilməsindən sonra müddətin axımı bərpa olunur.
74-10.6.
Sekyuritizasiya planının təsdiq edilməsi
üçün tələb
olunan sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələbləri
ilə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki çatışmazlıqlar bu
Qanunun 74-10.5-cimaddəsinə uyğun qaydada aradan qaldırılmadıqda Mərkəzi Bank
sekyuritizasiya planının təsdiq edilməsindən imtina edir.
74-10.7. Mərkəzi
Bank sekyuritizasiya planının təsdiq edilməsi üçün müraciətə baxılmasının nəticəsi
barədə əsaslandırılmış qərar qəbul edir və həmin qərarı müraciət edənə 2 (iki)
iş günü müddətində göndərir. Sekyuritizasiya planının təsdiq edilməsindən
imtina edilməsi ilə bağlı Mərkəzi Bankın qərarından normativ hüquqi aktlarla müəyyən
edilmiş qaydada məhkəməyə şikayət edilə bilər.
74-10.8.
Sekyuritizasiya planının Mərkəzi Bank tərəfindən təsdiq edildiyi tarixdən
etibarən 60 (altmış) iş günü müddətində sekyuritizasiya istiqrazlarının
buraxılışının dövlət qeydiyyatına alınması barədə müraciət Mərkəzi Banka təqdim
olunmalıdır.Sekyuritizasiya istiqrazlarının buraxılışının dövlət qeydiyyatına
alınması barədə müraciət bu müddətdə təqdim edilmədikdə sekyuritizasiya planı
qüvvədən düşmüş hesab edilir.
74-10.9.
Sekyuritizasiya planında qeyd edilən məlumatların dürüstlüyünə şübhə olduqda Mərkəzi
Bank sekyuritizasiya şirkətindən əlavə məlumat və sənədlər tələb etmək hüququna
malikdir.
Maddə
74-11. Sekyuritizasiya istiqrazlarının buraxılması
74-11.1.Sekyuritizasiya
istiqrazları bu Qanunun
2-ci fəslinə
uyğun olaraq bir buraxılışla və ya baza emissiya prospekti əsasında bir neçə
buraxılışla emissiya edilə bilər.
74-11.2.Sekyuritizasiya
istiqrazlarının baza emissiya prospekti əsasında bir neçə buraxılışla
emissiyası nəzərdə tutulduqda sekyuritizasiya şirkəti baza emissiya prospektində
hər buraxılış üzrə sekyuritizasiya istiqrazlarının faiz və əsas məbləğinin ödənilməsi,
həmçinin sekyuritizasiya şirkətinin ləğv edilməsi zamanı üstünlük hüquqlarını
müəyyən edir.
Maddə
74-12. Risklərin idarə edilməsi üzrə tələblər
74-12.1.
Aktivlərin satıcısı sekyuritizasiya şirkətinə satdığı aktivlər əsasında sekyuritizasiya
istiqrazlarının azı 5 faizini əldə etməli və həmin istiqrazları tədavül müddətinin
sonuna qədər saxlamalıdır.
74-12.2.
Sekyuritizasiya istiqrazlarının baza emissiya prospekti əsasında bir neçə
buraxılışla yerləşdirilməsi nəzərdə tutulduqda aktivlərin satıcısı daha aşağı
kredit reytinqinə malik sekyuritizasiya istiqrazlarının, kredit reytinqi
olmadıqda isə kredit riski daha yüksək olan sekyuritizasiya istiqrazlarının azı
5 faizini əldə etməli və həmin istiqrazları tədavül müddətinin sonuna qədər saxlamalıdır.
74-12.3.
Sekyuritizasiya istiqrazları birdən çox aktiv satıcısına məxsus aktivlər
hesabına emissiya edildikdə bu Qanunun 74-12.1-ci və 74-12.2-ci maddələrinin tələbi
hər bir aktiv satıcısı tərəfindən sekyuritizasiya şirkətinə ötürülən aktivlərin
məbləğinə mütənasib olaraq tətbiq edilir.
74-12.4. Bu
Qanunun 74-12.1-ci və 74-12.2-ci maddələrində nəzərdə tutulan həcmdə
sekyuritizasiya istiqrazlarının tədavül müddətinin sonuna qədər özgəninkiləşdirilməsi
və ya həmin istiqrazlara hər hansı digər formada sərəncam verilməsi qadağan
edilir.
74-12.5.
Risklərin idarə edilməsinə dair əlavə tələblər Mərkəzi Bankın normativ
xarakterli aktları ilə müəyyən edilir.
74-12.6.
Sekyuritizasiya istiqrazına tam və qeyd-şərtsiz dövlət zəmanəti verildikdə və
ya Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən təminat
verildikdə risklərin idarə edilməsi üzrə tələblər tətbiq edilmir.
Maddə
74-13. Hesabat və məlumatların təqdim edilməsinə dair tələblər
74-13.1.
Sekyuritizasiya şirkəti aktivlər üzrə pul tələblərinin qalığı və
sekyuritizasiya istiqrazları üzrə ödənişlər barədə rüblük əsasda Mərkəzi Bank tərəfindən
müəyyən edilmiş formada və qaydada Mərkəzi Banka və sekyuritizasiya
istiqrazının mülkiyyətçilərinə məlumat təqdim edir.";
2.4.83-cü
maddə üzrə:
2.4.1.
aşağıdakı məzmunda 83.1.4-1-ci maddə əlavə edilsin:
"83.1.4-1.sekyuritizasiya
planını təsdiq etmək, sekyuritizasiya şirkətlərinin və xidmət agentinin
sekyuritizasiya ilə bağlı fəaliyyətinə nəzarət etmək;";
2.4.2.
83.3-cü maddəyə "şəxslər" sözündən sonra ", sekyuritizasiya şirkəti,
xidmət agenti" sözləri, birinci halda "şəxslərin" sözündən sonra
", sekyuritizasiya şirkətinin, xidmət agentinin" sözləri əlavə
edilsin;
2.5.86-cı
maddə üzrə:
2.5.1.
86.1-ci maddəyə "depozitarın" sözündən sonra ", sekyuritizasiya
şirkətinin, xidmət agentinin" sözləri əlavə edilsin;
2.5.2.86.2-ci maddəyə "depozitardan" sözündən
sonra ", sekyuritizasiya şirkətindən, xidmət agentindən" sözləri əlavə
edilsin.
İlham ƏLİYEV ,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 noyabr 2026-cı il