27 Aprel 2024 08:00
264
SİYASƏT
A- A+

Münasibətlərin möhkəm qanunvericilik bazası yaradılır

 

Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafı xoşbəxt gələcəyə xidmət edən siyasətdir

 

"Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın, qarşılıqlı münasibətlərin genişlənməsi yüksələn xətt üzrə inkişaf edir. Bu, hər iki dövlətin, xalqın birliyinin, dostluğunun möhkəmlənməsinə yönəldilib". 
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Deputat bildirib ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Səfər zamanı iki ölkənin dövlətlərarası Şurasının 2-ci iclasının keçirilməsi, Birgə Bəyanatın, Anlaşma Memorandumunun, ümumilikdə 18 sənədin imzalanması birliyə və əməkdaşlığa yeni impuls verir. 
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında bu səfərin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib: "Səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcək". Sözsüz, bu belədir, çünki Azərbaycan və Qırğız xalqlarını tarixi köklər, milli adət-ənənələr, dostluq əlaqələri birləşdirir və bu münasibətlər əsrlərdir ki,  davam etməkdədir. 
Tahir Rzayev qeyd edib ki, Qırğız Respublikası bütün platformalarda, beynəlxalq tədbirlərdə, ən yüksəksəviyyəli görüşlərdə, eləcə də 44 günlük müharibə və 23 saatlıq antiterror tədbirlərində Azərbaycanın haqlı mübarizəsinə dəstək verib və dövlətimizin suverenliyinin tam bərpa olunması mövqeyindən çıxış edib. "Bu dəstək iqtisadi-ticari sahədə fəal əməkdaşlığa təkan verib. Səfər zamanı Azərbaycan-Qırğız İnkişaf Fondunun dörd dəfə artırılaraq 25 milyon dollardan 100 milyon dollara çatdırılması və birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizminin daha tez reallaşdırılması üçün yeni vəzifələrin qarşıya qoyulması buna əsas verir. Eyni zamanda səhiyyə, elm, təhsil, energetika, nəqliyyat, miqrasiya, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması gələcək inkişafa və möhkəm dostluğa hesablanıb. Dövlət başçımız bildirib ki, bu gün imzalanan sənədlər hələ imza atılan sənədlərin hamısı deyil. Sənədlərin bir hissəsi də müvafiq dövlət strukturlarında imzalanır. Beləliklə biz, həmçinin münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq. Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsinə, Qırğız Respublikası ilə münasibətlərin daha da yaxşılaşdırılmasına verdiyi önəm gələcəyə, xoşbəxt həyata xidmət edən bir siyasətdir və xalqlarımızın birliyinə, suverenliyimizin daimi olmasına yönəldilib", - deyə Tahir Rzayev əlavə edib.    
Komitə sədri vurğulayıb ki, Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli şəhərində erməni faşistləri tərəfindən dağıdılmış yerlərə baş çəkmələri, şəhərin baş planı ilə tanış olmaları, Ağdam şəhərində Pənahəli xanın sarayı və imarət kompleksində görülən işlərlə maraqlanmaları, Cümə məscidinin bərpasından sonra açılışının edilməsi, Ağdam Konfrans Mərkəzi, Şahbulaq qalası ilə tanışlıq iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə yeni güclü zəmin yaradır. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Xıdırlı kəndində tam orta məktəb binasının inşası sarsılmaz qardaşlığımızın ifadəsi kimi tarixiləşdi. Müasir tələblərə uyğun 2,7 hektar ərazisi, iki yerüstü və 1 yeraltı mərtəbəsi, 22 kabineti olan məktəbin tikintisi bu ilin sonunadək başa çatdırılacaq.
 Tahir Rzayev sonda əlavə edib ki, prezidentlərin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı bərpa, quruculuq, tikinti işləri ilə tanışlıq həm də dünyaya, azğın düşmənə və onların havadarlarına bir mesajdır: "Görün, dövlətlər qardaşlaşır, qurur, yaradır və sülhə, əmin-amanlığa, təhlükəsizliyə, birliyə yollar açırlar. Siz bundan ibrət götürün".  

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video