O, Bakı şəhərində və rayonlarımızda ucaldılmış bir çox monumental heykəltaraşlıq əsərlərinin və çoxsaylı dəzgah heykəltaraşlığı nümunələrinin müəllifi kimi tanınır. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub, bu sənətin sirlərini gənclərə öyrədib. Söhbət bu il 90 illik yubileyi tamam olan, Xalq rəssamı, tanınmış heykəltaraş İbrahim İsmayıl oğlu Zeynalovdan gedir.
İbrahim Zeynalov Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu və Xarkov Dövlət Rəssamlıq İnstitutunu bitirib. İlk müəllimi Əməkdar incəsənət xadimi, heykəltaraş Həyat Abdullayeva olub. Ondan çox şey öyrənib. İ.Zeynalov davamlı bədii və pedaqoji yaradıcılıq fəaliyyəti ilə məşğul olub, iyirmi il Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri, on ilə yaxın müddətdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifələrində çalışıb. Əsərlərindən ibarət fərdi yaradıcılıq sərgiləri təşkil edilib. İ.Zeynalovun müəllifi olduğu bədii yaradıcılıq nümunələri müxtəlif muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
İ.Zeynalov bir çox dəzgah və monumental heykəltaraşlıq nümunələri yaradıb. O, Azərbaycanın tanınmış dövlət, elm, sənət adamlarının diqqəti cəlb edən, bədii estetik təsir gücünə malik obrazlarını ərsəyə gətirib. Heykəltaraşın monumental heykəltaraşlıq əsərləri xüsusi diqqət çəkir. Heykəltaraşın monumental heykəltaraşlıq əsərlərindən "İmadəddin Nəsiminin heykəli" (Xalq rəssamı Tokay Məmmədovla birgə, 1978), "Mirzə Ələkbər Sabirin heykəli" (1989), "Şah İsmayıl Xətainin heykəli" (Əməkdar rəssam, heykəltaraş Zakir Mehdiyevlə birgə, 1990), "Mücirəddin Beyləqaninin heykəli" (Əməkdar rəssam, heykəltaraş Zakir Mehdiyevlə birgə, 1991), "İsmayıl bəy Qutqaşınlının heykəli" (Əməkdar rəssam, heykəltaraş Zakir Mehdiyevlə birgə, 1992), "Nizami Gəncəvinin heykəli" (1993), "Hacı Zeynalabdin Tağıyevin heykəli" (1994) və başqalarını qeyd etmək olar.
Heykəltaraşın Bakı şəhərində ucaldılmış Ş.İ.Xətai və İ.Nəsiminin heykəlləri onun ən uğurlu işləri hesab olunur. İ.Zeynalovun obraz yaradıcılığı, monumentallığı və estetik təsir qüvvəsi ilə diqqəti cəlb edən abidələri seyrçidə xoş duyğular yaratmaqla yanaşı, mənəvi irsimizin zənginliyini nümayiş etdirir. Məşhur şair M.Beyləqani, M.Ə.Sabir və İ.Qutqaşınlının doğulduqları rayonlarda əzəmətli abidələrinin ucaldılması olduqca təqdirəlayiqdir, həmçinin bu heykəllər öz bədii ifadə və işlənilmə xüsusiyyətlərinin dolğunluğu ilə cəlb edir.
İ.Zeynalovla Z.Mehdiyevi yaxın dostluq və yaradıcılıq telləri bağlayırdı. Sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova heykəltaraşın yaradıcılığı haqqında yazırdı: "İ.Zeynalovun abidələri və layihələri bir-birindən forma müxtəlifliyi, əldə olunmuş quruluşların təkrarlanmaması cəhdi ilə fərqlənir. Onun abidələrinin təsir effekti - tamaşaçıya yaxınlıq, fiqur və postament ölçülərinin düşünülmüş uzlaşdırılmasındadır. Çox vaxt abidə hazırlanmazdan öncə portret üzərində iş gedir, heykəltaraş məhz burda gələcək monumental obrazın cizgilərini müəyyənləşdirir. Beləliklə, heykəltaraşın yaratdığı abidələr yüksək idealı, yaradıcı şəxsiyyətin möhtəşəmliyini və gözəlliyini təsdiqləyən monumental obrazın yaradıcılıq axtarışları ənənələrini izləməyə imkan verir. Bu ənənələrin ideya zəminindən onun formal əlamətləri də yaranır".
İ.Zeynalovun büst-portret əsərləri surətlərin fərdi psixoloji xüsusiyyətlərinin professional işlənilməsi baxımından seçilir və obrazların daxili mənəvi dünyalarını dəqiqliklə təcəssüm etdirir. İ.Zeynalovun "Mirzə Fətəli Axundovun büstü" (mərmər, 1963), "Xəyal. Gənc qız portreti" (mərmər, 1979), "Rəşid Behbudov" (tunc, 1986), "Mirzə Ələkbər Sabir" (tunc, 1989) "Habil Əliyev" (tunc, 1990) adlı büst-portret əsərləri bu qəbildəndir.
Heykəltaraş həmçinin "Memar Əcəmi" (tunc, 1976), "M.L.Rastropoviç" (tunc, 1997) baralyeflərinin və "H.Z.Tağıyevin xatirə lövhəsi" (Əməkdar rəssam, heykəltaraş Zakir Mehdiyevlə birgə, tunc, 1996, Milli Azərbaycan Tarixi Muzeyinin binası), "Məmməd Səid Ordubadinin qəbirüstü abidəsi" (qranit, 1973) və başqa memorial xatirə nümunələrinin müəllifidir. Məşhur yazıçı M.S.Ordubadinin Fəxri xiyabanda yerləşən qəbirüstü abidəsi orijinal kompozisiya quruluşuna malikdir və ustalıqla həll edilib. Diqqəti cəlb edən yazıçının mənalı surəti monolit qranit üzərində əks olunub. Digər qayalaşmış qranit daşlarda isə yazıçının məşhur əsərlərinin adları - "Qılınc və Qələm", "Gizli Bakı", "Dumanlı Təbriz", "Döyüşən şəhər" həkk olunub.
Heykəltaraş İ.Zeynalovun müəllifi olduğu heykəltaraşlıq əsərləri özünün orijinal kompozisiya quruluşu, professional işlənilmə xüsusiyyətlərinə malikdir və ayrı-ayrılıqda bədii təhlil və təsvir olunmağa layiq sənət nümunələrdir.
Sənətkarın bədii və pedaqoji yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Dövlət mükafatları laureatı və Xalq rəssamı fəxri adlarına layiq görülüb. Heykəltaraş İ.Zeynalovun adı Azərbaycan təsviri sənət tarixində həmişə yaşayacaq.
Əsəd QULİYEV,
sənətşünas