14 Mart 2025 09:35
234
Mədəniyyət
A- A+
Mərasim və ayinlərlə zəngin milli bayram

Mərasim və ayinlərlə zəngin milli bayram


Novruz təbiətin oyanışı, təbiət qüvvələrinə inam hissini aşıladığı üçün  əziz bayram kimi qeyd olunmuşdur. Təzə ilin gəldiyi dəqiq vaxt münəccimlər tərəfindən hesablanar, bununla da "təhvil saxlamaq" adəti icra olunardı. Ümumiyyətlə, ötüb keçmiş dövrlərdə ilin təhvil olunma anına xüsusi diqqət yetirilərdi. Hətta əhaliyə ilin təhvil olunduğunu bəyan etmək məqsədilə evlərin damlarında tonqallar qalanar, təbil çalınardı, Novruz  "topu" atılardı. Bundan əlavə, iltəhvil saatını hər kəs öz evində də müəyyənləşdirə bilərdi, bunun üçün müəyyən məqamlara  diqqət yetirmək vacib sayılırdı. 

Məsələn,  xırda balıqların bir anlığa donub qalması, yaxud əksinə, onların sudan quruya can atması, "təhvil suyu" adlandırılan, xüsusi qaba yığılmış suyun üzərindəki zeytun yarpaqlarının, güzgü üzərində yumurtanın hərəkəti və s. iltəhvil anının göstəriciləri hesab olunurdu. İlin təhvil olunduğu zaman ailə başçısının evinə, ailəsinə xeyir-dua verməyi də xüsusi əhəmiyyət daşıyırdı ki, buna "təhvil-təslim duası" deyilirdi.

Maraqlı  rituallardan biri də budur ki, il təhvil olunduqda evin ən kiçiyi şamları yandırır, evin böyüyü isə səməni   otunu  bir az qayçılayır, sonra onu özündən kiçik ailə üzvlərinə verərdi. Bu ayini kiçikdən tutmuş böyüyə kimi hamı icra etməli idi. Bu ritualdan sonra ailə başçısı öz hədiyyələrini hamıya paylayardı. Hədiyyələr arasında qızıl, gümüş, mis pullar, nabat, bal xüsusi önəm daşıyırdı. Həmçinin bayram günü hamı qırmızı və ya yaşıl rəngdə təzə paltar geyinməli idi.

Novruz axşamında icra olunan adətlərdən biri də  dünyasını dəyişən əzizlərin ruhlarını yad etmək, məzarlarını ziyarət etməkdir. Bayram plovu bişirilərkən onların adları bir-bir çəkilməlidir ki, həmin adamların ruhları sevinsin, ailəyə, evə xeyir-dua versinlər. Hətta adətə görə, bayram axşamı süfrənin künc tərəfində heç kim oturmamalıdır, çünki inanca görə "ata-baba ruhları" süfrəyə küncdən yaxınlaşıb Novruz təamlarından dadmalıdır. Əgər evlənmə yaşına çatan gənclərdən kimsə ruhların qarşısını kəsərsə, onda onlar qəzəblənər, həmin cavanlar yeddi il ailə qura bilməzlər. Mənbələrə görə, ailənin ağsaqqalı, böyüyü evin başına üç dəfə dolandıqdan sonra gəlib evin qapısını döyür, ondan "kimsən, nəçisən, nə gətirmisən?" soruşanda isə cavab verir ki: "Sizə özümlə təzə il, səadət və əmin-amanlıq gətirmişəm, izn verin gəlim". Sonra qapını açıb onu içəri dəvət edirlər. "Müjdəçi" adlandırılan həmin adam evə əlidolu daxil olmalı idi, o, əlindəki naz-neməti evin hər tərəfinə, qalanını isə ailə üzvlərinin üzərinə səpərdi.  İnanca görə, bayram axşamı kim hansı əhvali-ruhiyyədə olarsa, bütün il- boyu o cür olar, ona görə də ulu babalarımız "Novruzda gülən, ilboyu gülər" demişlər.

Novruz bayramının möhtəşəm ayin və ritual sistemi vardır. Mənbələrə görə , həmin adətlər içərisində qıfıl və ya düyünaçma maraq doğurur. Bu adətin məqsədi odur ki, insanların müşkül işləri həll olunsun, çətinliklərdən, əzab-əziyyətdən çıxsınlar. Həmin rituala  görə, paltar, dəsmal, yaxud çarşablarının ucunu düyünləyib niyyət edirlər, evdən çıxıb bir yerdə oturar və həmin yerdən keçən ilk şəxsdən xahiş edərlər ki, düyünü açsın. Əgər bu işi  rahatlıqla icra edirdilərsə, niyyətin baş tutacağına inanardılar. İnanca görə, bayram günü evdə bağlı, düyünlü, qıfıllı heç nə qalmamalı, hətta paltarların yaxası belə açılmış vəziyyətdə olmalı idi. Mənbələrə görə, Novruzun axır çərşənbəsində icra olunan ayinlərdən biri də qaşıqla kasa çalmaqdır. Tədqiqatçılar hesab edirlər ki, "bu adət əkinçi tayfalarının birinin digərindən əkin üçün toxumluq dən nümunələri toplamaq adətini xatırladır".

Şalsallama isə əsasən cavanların iştirak etdiyi bir ayindir. İlaxır çərşənbədə subaylar örpək, kəlağayı, torba, corab, dolça, dəsmal və ya bel şalını götürüb sevib-seçdikləri qızların yaşadığı evlərə gedib damdan, bacadan, yaxud pəncərədən "şal sallayardılar". İnanca görə, şalı boş qaytarmaq qəbahət sayılar, şalın içinə evdə olan bayram nemətlərini doldurub qoyar və şala bağlayardılar. Şala qızların  toxuduqları corab,  dəsmal və sairə əşyaları bağlayar, bununla da oğlana öz razılıqlarını bildirərdilər. Mənbələrə görə, bu ayinə Urmiyada da rast gəlmək mümkündür, fərqli cəhət isə ondan ibarətdir ki, cavanlar damdan şal əvəzinə dolça, yaxud kəcavə sallayardılar, bununla da niyyətlərinin boş olmamasına inanardılar.

Müasir dövrümüzdə qədim şalsallama adəti  "papaqatdı" ilə əvəz olunub, bu da səbəbsiz deyildir. Şəhər mühitində yaşadığımız bina evlərinin damından, bacasından, yaxud pəncərəsindən şal sallamaq qeyri-mümkündür. Təəssüf ki, qədim şalsallama adəti bir çox digər ayinimiz  kimi, milli məişət həyatımızı tərk etməkdədir. Amma bu ayinin  yaranması təsadüfi olmayıb. Çünki qədim ənənəni özündə yaşadan şalsallama, əslində, "ata-baba ruhunu" təmsil etmək məqsədilə yaranıb, yəni bu adəti icra edən cavanlar gözə görünməyən "ata-baba ruhlarını" təcəssüm etdirir.

XX yüzilliyin Şərq şeirinin görkəmli simalarından olan Şəhriyarın "Heydərbabaya salam" poemasında  Novruz bayramı, onun  adət-ənənələri və sair poetik dillə diqqətə çatdırılır:


Bayram yeli çardaxları yıxanda,

Novruzgülü, qarçiçəyi çıxanda

Ağ buludlar köynəklərin sıxanda

Bizdən də bir yad eləyən sağ olsun,

Dərdləriniz qoy dikəlsin, dağ olsun...

Bayram idi gecə quşu oxurdu,

Adaxlı qız bəg corabı toxurdu,

Hər kəs bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəg şalına bayramlığın bağlamaq.


Şal istədim mən də evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qurbangilə qaşdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.


Bayram olub, qızıl palçıq əzəllər,

Naxış vurub, otaqları bəzəllər

Taxçalara düzmələri düzəllər,

Qız-gəlinin fındıqçası, hənası,

Həvəslənər anası, qaynanası...


Mənbələr göstərir ki, bayram axşamlarında kuzə falını icra edərdilər. Axşamüstü  xanımlar bir kuzəni götürüb onun içinə müxtəlif əşyalar atardılar, məsələn, üzük, sırğa, düymə və sair.  Kuzəni bulaq suyu ilə doldurub ağzını güzgü ilə örtüb qoyurlar. Çərşənbə gecəsinin səhəri gün çıxandan sonra qadınlar ayini sona çatdırmaq məqsədilə yenə bir yerə yığışır. Balaca bir qız kuzədən  əşyaları bir-bir çıxarır, çıxardıqca iştirakçılardan  biri həmin tərəfə baxmır, ürəyində niyyət tutur. Kuzədən çıxarılan əşyalar barədə müəyyən sözlər deyilir ki, bu da həmin əşyanın yiyəsinin niyyətindən xəbər verir.

Novruz süfrəsi insan sağlamlığını möhkəmləndirən, insanın ömrünü uzadan müxtəlif nemətlərlə zəngindir.  Bu nemətlər arasında "yeddiləvin", yəni "s" hərfi ilə başlanan nemətlərin - su, səməni halvası, südlü aş, süd, süzmə, səməni şorbası və onun üzərinə səpmək üçün sumaq qoyulmalıdır. Vaxtilə hamı bayram süfrəsinin ətrafına "Novruz topu" atılandan sonra toplaşardı. Bayram axşamı hər evdə bayram plovu dəmlənir, bəzi bölgələrdə quru balıqla bişirilən südlü plov, şirin plov, əriştəli aş, qaralı aş və s. təamlar hazırlanır. Novruz xonçasının tarixi çox qədim dövrlərlə bağlıdır. Xonçaya düzülən ənənəvi Novruz şirniyyatları, qırmızı alma, boyanmış yumurta və s. hər biri erkən mifoloji təsəvvürləri əks etdirir.

Etiqada görə, Novruz süfrəsində hər ailə üzvünün adına şam yandırılır, hətta evdə olmayan, yaxud dünyasını dəyişmiş üzvü də yad edilsin deyə adına şam yandırılardı. Şamları yarımçıq söndürmək olmaz, onlar axıra kimi yanmalıdır.

Novruz həm də sülh, dostluq, həmrəylik, humanizm bayramıdır. Bu bayramda hamı öz sevinci ilə paylaşmalı, hər kəs kədərdən uzaq olmalıdır. İnsanlar bu əziz bayramı səbirsizliklə gözləyir, çünki onun gəlişilə qəlblərə istilik , xoşbəxtlik və xoş duyğular gəlir.

Azərbaycanda olan milli-mənəvi və multikultural ənənələr dünyanın əksər dövlətlərinə nümunə olacaq mədəni, etik-estetik  dəyərlərin göstəricisi olduğu kimi, həm də müxtəlif xalqlar arasında möhkəm birliyin, sülhün və həmrəyliyin əyani sübutudur.


Ülkər NƏBİYEVA,

Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

01:19
15 Mart

Azercell abunəçilərinin nəzərinə

01:17
15 Mart

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb

23:57
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər  

23:53
14 Mart

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır  

23:50
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

23:47
14 Mart

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

21:16
14 Mart

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu - MƏHKƏMƏ  

21:11
14 Mart

ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib

21:07
14 Mart

Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

21:05
14 Mart

Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib  

21:04
14 Mart

Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib  

21:02
14 Mart

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib  

20:59
14 Mart

Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb  

20:55
14 Mart

Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

20:54
14 Mart

Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq

19:47
14 Mart

İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib  

19:19
14 Mart

Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq

19:15
14 Mart

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

19:11
14 Mart

Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir  

19:10
14 Mart

Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib

19:09
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!