13 Mart 2025 08:55
379
Mədəniyyət
A- A+
Novruz bayramı rəssamlarımızın yaradıcılığında

Novruz bayramı rəssamlarımızın yaradıcılığında


Xalqımızın mənəviyyatında və məişətində minilliklərlə yaşatdığı, böyük coşqu və şövqlə sevə-sevə qeyd etdiyi ən qədim bayramlardan biri Novruz bayramıdır.

Məlum olduğu kimi, həyatın başlanğıcı qədim Şərq fəlsəfəsində dörd ünsürün vəhdəti şəklində qəbul edilir: od, su, hava, torpaq. Bahar bayramı həyatın yenidən yaranışı, doğuşu kimi təzahür olunur. 

Azərbaycanın folklor, musiqi və təsviri sənət əsərlərində Novruz adət-ənənələri geniş və hərtərəfli şəkildə təzahürünü tapıb. Bayramın diqqəti cəlb edən, el dilindən və məişətindən süzülüb bu günümüzədək gələn səhnələri Azərbaycan rəssamlıq sənətində də sevilərək müraciət edilən və əks olunan ən maraqlı motivlərdəndir.

Azərbaycan təsviri sənət tarixində Novruz bayramı və onun rəsssamlıq sənətimizdə əksi ayrıca bir səhifəni təşkil edir. Sovetlər dövründə bu bayramın qeyd edilməsinə rəsmi qadağalar olmuşdur, bununla belə, xalqımız həmişə sevə-sevə bu bayramı qeyd edərək, onun ənənələrini yaşatmış və nəsildən-nəslə ötürmüşdür.

Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan, Novruz bayramı mövzusunu əks etdirən əsərlər sırasında rəngkarlıq ustaları - Səttar Bəhlulzadənin "Bahar nəğməsi", "Xonça" (Etüd) "Torpağın arzusu", "Azərbaycan nağılı", "Xalqımızın yazı", "Nərgiz gülləri", "Yaşıl xalça", Xalidə Səfərovanın "Novruz", "Çovkan", "Çovkançılar", Elbəy Rzaquliyevin "Novruz bayramı", Həsən Haqverdiyevin "Bahar", Sadıq Şərifzadənin "Bahar bayramı. Novruz", qrafika rəssamları - Əzim Əzimzadənin "Tonqal üstündən tullanmaq", "Kos-kosa", Ələkbər Rzaquliyevin "Gəlinə hədiyyə ilə" ("Köhnə Bakı" silsiləsindən), "Şirni" ("Köhnə Bakı" silsiləsindən), Elmira Şahtaxtinskayanın "Novruz bayramı  ərəfəsində", "Qutablar", Altay Hacıyevin "Yaz"  ("Azərbaycan, doğma mahnılar" silsiləsindən"), "Qədim milli məişət əşyaları", Arif Ələsgərovun "Novruz", "Kəndirbazlar"  və başqalarını xüsusi qeyd edə bilərik.

Yuxarıda adları sadalanan rəssamlar Azərbaycan təsviri sənət tarixində öz sözlərini demiş və yaradıcılığı ilə silinməz izlər qoymuş görkəmli sənətkarlardır.

Bənzərsiz və zəngin yaradıcılıq dünyasına malik, əfsanəvi fırça ustası Səttar Bəhlulzadənin yaratmış olduğu tablolarında milli mədəniyyətimizin  hansısa bir elementini və ya rəmzi ifadəsini görməmək və duymamaq mümkünsüzdür. Rəssam "Azərbaycan nağılı" adlı əsərində sanki Azərbaycan dünyasını tabloda əks etdirmişdir. Kompozisiyada əzəmətli dağlar fonunda, göl kənarında əks etdirilən dairəvi iri xonçalar və xonçaların içərisindəki Azərbaycan nemətləri, çiçəkləmiş ağaclar, gözəl güllər o qədər ustalıqla və əsl sənət coşqusu ilə təsvir edilib ki, bu sehrin ağuşuna düşməmək, bol estetik zövq almamaq mümkün deyil. Bu əsərə tamaşa etməkdən doymaq olmur. Rəssam tablonun yuxarı hissəsində dalğalanan kəlağayını təsvir etməklə bir növ yaradıcılıq işinə möhür basmışdır, yəni əlavə heç bir şərhə ehtiyac duymadan tablodan Azərbaycan dünyasını asanlıqla sezmək olar. Sadalanan xüsusiyyətləri rəssamın Novruzla bağlı digər əsərlərinə də şamil etmək mümkündür.

Xalidə Səfərovanın "Novruz" adlı əsəri olduqca diqqətçəkəndir. Kompozisiyada mərkəzdə Novruz bayramının ləziz nemətləri ilə bəzədilmiş xonça, xonçanın əhatəsində isə əllərində Bahar bayramının rəmzi olan səməni tutmuş xanımlar və xoruz döyüşdürən milli geyimli gənc oğlanlar təsvir edilib.

Elbəy Rzaquliyevin "Novruz bayramı" əsərində isə Xəzər dənizinin fonunda, İçərişəhərdə şənliklərin bədii təsviri əks olunub. Tabloda oyun göstərən kəndirbaz və milli geyimli rəqqasələr əsl bayram əhvali-ruhiyyəsini təcəssüm etdirir. Sağ tərəfində isə xalça nümunəsinin təsviri əsərin bədii ifadəliliyini daha da artırır.

Azərbaycan rəssamlıq sənətinin formalaşmasında və inkişafında əvəzsiz xidmətlər göstərmiş, XX əsr rəssamlıq sənətimizin mahir ustası Əzim Əzimzadənin yaradıcılığı və sənət nümunələri özünün bədii ifadə həlli və estetik məzmunu ilə yanaşı, həm də etnoqrafik çalarların əksi və tərənnümü baxımından da olduqca əhəmiyyətli yer tutur. Rəssamın Novruz bayramının xüsusiyyətlərini özündə dolğunluğu ilə yaşadan "Tonqal üstündən tullanmaq" və "Kos-kosa" adlı əsərləri diqqətçəkəndir. 

Tanınmış rəssam Ələkbər Rzaquliyev öz yaradıcılığında xalqımızın məişət və etnoqrafik ənənələrini böyük ustalıqla tərənnüm edib. Rəssamın "Köhnə Bakı" silsiləsinə aid əsərlərinin hər biri bədii estetik məziyyətləri ilə yanaşı, həmçinin özünəməxsus dəqiq işlənilmə xüsusiyyətlərilə də seçilir. "Gəlinə hədiyyə ilə" adlı əsərində rəssam, Novruz bayramı ərəfəsində bayram şirniyyatları ilə dolu xonçayla qız evinə bayram görüşünə tələsən ailənin bədii görüntüsü təsvir olunub. İçərişəhərin fonunda milli geyimli ailə üzvlərinin fərdi xarakterik xüsusiyyətləri incə cizgi, ştrix elementləri ilə ustalıqla əks etdirilib.

Elmira Şahtaxtinskaya "Novruz bayramı ərəfəsində", "Qutablar" adlı əsərlərini yaradarkən Azərbaycan xalqının qədim adət-ənənələrinə yaradıcı şəkildə müraciət edib. 

Sadalanan əsərlər Azərbaycan rəssamlarının Novruz bayramına həsr olunmuş bədii yaradıcılıq işlərinin kiçik bir qismini təşkil edir.  Azərbaycan xalqının tarixində və məişətində geniş şəkildə kök salmış və hər il dövlət səviyyəsində qeyd edilən bu bayram və onun gözəl xüsusiyyətləri, həmişə rəssamlarımızın ilham qaynağı olacaq və onların yaradıcılığında öz geniş təzahürünü  tapacaqdır.


Əsəd QULİYEV,

Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərişıq” ASC-nin sədri Zərdabda vətəndaşların müraciətlərini dinləyib

18:09
14 Mart

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

18:07
14 Mart

Laçında işəgötürənlərlə görüş keçirilib

18:07
14 Mart

Arayik Harutyunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisindən aldığını bildirib  

18:05
14 Mart

Komitə sədri: Biz artıq ən mükəmməl planlaşdırma aparırıq

18:04
14 Mart

Moldova portalı XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin çıxışına geniş yer ayırıb

18:00
14 Mart

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə start verilib

17:51
14 Mart

Bakıda və Abşeron yarımadasında temperatur 27 dərəcəyədək yüksələcək

17:50
14 Mart

İslam Dünyası Elmlər Akademiyasının sabiq baş direktoru: Bakı Qlobal Forumu dünyada bir nömrəli siyasi forumdur  

17:47
14 Mart

Tramp: Rusiya ilə razılaşmanı imzalamasaq, daha çox hadisələr baş verəcək

17:45
14 Mart

Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb  

17:44
14 Mart

Xocalıya köçən sakin: Fəxrlə doğma yurduma qayıtmışam

17:43
14 Mart

Azərbaycan əraziləri işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb  

17:42
14 Mart

İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda gömrük məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb

17:41
14 Mart

Anar Quliyev: Dövlət büdcəsindən azad edilmiş ərazilərdə yenidənqurma işlərinə böyük vəsait ayrılıb  

17:39
14 Mart

Volkan Bozkır: Azərbaycanın Qarabağda apardığı tikinti-quruculuq işləri nümunədir

17:38
14 Mart

Qırğızıstanın sabiq Baş naziri: Azərbaycan məqsədyönlü yanaşma sayəsində öz hədəflərinə çatacaq

17:37
14 Mart

Milli Məclis Nazirlər Kabinetinin 2024-cü il üçün illik hesabatını qəbul edib

17:36
14 Mart

Qlobal Bakı Forumunda panel iclası - “Yeni dünya düzənində orta güclər” YENİLƏNİB

17:36
14 Mart

Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının müxtəlif aspektləri müzakirə olunub

16:32
14 Mart

Slovakiyanın sabiq xarici işlər naziri: Forum qarşımızda duran qlobal vəzifələrin icrasına töhfə verir  

16:29
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!