11 Avqust 2026 17:28
425
SİYASƏT
A- A+
“Məkkə Müdafiə Sazişi”: Azərbaycanın mövqeyini gücləndirən əsaslar 

“Məkkə Müdafiə Sazişi”: Azərbaycanın mövqeyini gücləndirən əsaslar 


Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan “Məkkə Müdafiə Sazişi” Yaxın Şərqin təhlükəsizlik arxitekturasında güc balansına təsir göstərə biləcək mühüm addım kimi qiymətləndirilir. Saziş ABŞ-İran qarşıdurmasının yenidən hərbi müstəviyə keçməsi riskinin artdığı, Yəməndən Husi hücumlarının və regiondakı silahlı qrupların yaratdığı təhlükələrin gündəmdə olduğu bir dövrdə imzalanıb. Sazişin məqsədi mümkün təcavüzə qarşı kollektiv çəkindirməni gücləndirməkdir. Tərəflərdən birinə qarşı silahlı hücumun hər üç ölkəyə qarşı hücum kimi qiymətləndirilməsi nəzərdə tutulur. Bu yanaşma ənənəvi hərbi əməkdaşlıqdan daha geniş məna daşıyaraq ortaq çəkindirmə mexanizminin formalaşdırılmasına zəmin yarada bilər. Məqsəd üç ölkənin təhlükəsizlik maraqlarını uzlaşdırmaq, regional riskləri bölüşmək və müdafiə imkanlarından qarşılıqlı şəkildə yararlanmaqdır.

AZƏRTAC “Məkkə Müdafiə Sazişi”nin Azərbaycanın geosiyasi mövqeyinə, strateji tərəfdaşları ilə təhlükəsizlik əlaqələrinə, eləcə də ölkənin nəqliyyat və logistik imkanlarına mümkün təsirlərinə nəzər salır.


Kollektiv maraqlar


Saziş hücum xarakterli siyasətə əsaslanmır və konkret ölkəyə qarşı yönəlmiş sənəd kimi təqdim edilmir. Eyni zamanda, onu indiki mərhələdə NATO tipli hərbi alyans kimi xarakterizə etmək də doğru olmazdı. NATO-dan fərqli olaraq, üçtərəfli formatın vahid komandanlıq strukturu və təhlükələrə dair formalaşmış ortaq hərbi konsepsiyası hələ mövcud deyil. Buna görə də üç ölkə arasında kollektiv müdafiə mexanizminin NATO-nun 5-ci maddəsinə bənzər səviyyəyə çatması üçün müəyyən vaxt və institusional inkişaf tələb olunur. Bununla belə, yaxın perspektivdə Ər-Riyad, Ankara və İslamabadın müdafiə əməkdaşlığını daha sistemli şəkildə quracaq institusional mexanizmlər formalaşdırması mümkündür.

Məkkə Sazişinin əsas xüsusiyyəti üç ölkənin müdafiə və təhlükəsizlik öhdəliklərini ortaq çərçivədə birləşdirməsidir. Tərəflərin hər birinin bu əməkdaşlığa qoşulmaq üçün fərqli təhlükəsizlik və strateji motivləri olsa da, həmin maraqlar üçtərəfli əməkdaşlıq üçün ortaq zəmin yaradır.

Ər-Riyadın Türkiyə və Pakistanla təhlükəsizlik əməkdaşlığını gücləndirməsi regionda güc balansının dəyişdiyi bir dövrə təsadüf edir.

Səudiyyə Ərəbistanının ictimai diplomatiya üzrə müavini Rayed Krimli sosial media paylaşımında bildirib ki, razılaşma hərbi ox və ya məzhəb bloku yaratmaq məqsədi daşımır. Bu yanaşma göstərir ki, Yəməndəki husilərin və İraqdakı şiə silahlı qruplarının yaratdığı təhlükələrlə üzləşən Səudiyyə Ərəbistanı üçün əsas məqsəd tərəfdaşlıq şəbəkəsini genişləndirmək və təhlükəsizlik əməkdaşlığını gücləndirməkdir. Bu baxımdan, məzhəb amili deyil, ortaq təhlükəsizlik maraqları ön plana çıxır.

Bununla belə, Səudiyyə Ərəbistanına mümkün hücum zamanı Türkiyə və Pakistanın hansı formada və miqyasda dəstək göstərəcəyi tərəflərin təhlükəsizlik və geosiyasi prioritetlərini nə dərəcədə uzlaşdıra bilməsindən asılı olacaq.

Pakistan Səudiyyə Ərəbistanı ilə qarşılıqlı müdafiə sazişi bağladıqdan sonra Misir və İordaniya da daxil olmaqla regiondakı digər tərəfdaşları ilə müdafiə əməkdaşlığını genişləndirmək istiqamətində addımlar atıb. İslamabad üçün təhlükəsizlik tərəfdaşlıqlarının şaxələndirilməsi strateji əhəmiyyət daşıyır və Məkkə Sazişi də bu siyasətin davamı kimi qiymətləndirilə bilər.

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bildirib ki, “Məkkə Müdafiə Sazişi” tamamilə müdafiə xarakteri daşıyır və heç bir ölkəyə qarşı yönəlməyib.

Digər tərəfdən, NATO üzvü Türkiyə və ABŞ-nin Yaxın Şərqdəki əsas tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanı ilə üçtərəfli əməkdaşlıq Pakistanın Vaşinqtonla münasibətlərinə də yeni imkanlar aça bilər. Nüvə dövləti olan Pakistan bununla Çinlə strateji tərəfdaşlığını qorumaqla yanaşı, ABŞ və onun regional müttəfiqləri ilə əlaqələrində manevr imkanlarını genişləndirməyə çalışa bilər.

Ankara üçün Məkkə Sazişi Qətər, Suriya və Liviyada formalaşdırdığı tərəfdaşlıq şəbəkəsini daha geniş regional təhlükəsizlik əməkdaşlığı ilə tamamlayan yeni imkan kimi qiymətləndirilir. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da Sazişin konkret ölkəyə qarşı yönəlmədiyini bildirib. Xarici işlər naziri Hakan Fidan isə sənəddə nəzərdə tutulan kollektiv müdafiə prinsipinin mahiyyət etibarilə NATO-nun 5-ci maddəsi ilə oxşarlıq təşkil etdiyini vurğulayaraq deyib: “Bizə hücum etməyən heç bir ölkə bizim üçün hədəf deyil”.


Azərbaycan üçün qazanc


Beynəlxalq nizamda parçalanma meyillərinin gücləndiyi və alternativ əməkdaşlıq formatlarının meydana çıxdığı bir dövrdə yeni kollektiv təhlükəsizlik mexanizmlərinin formalaşması Azərbaycan üçün də strateji əhəmiyyət daşıyır. Azərbaycanın Türkiyə ilə yüksəksəviyyəli strateji müttəfiqliyi, Pakistanla yaxın siyasi və hərbi-texniki tərəfdaşlığı, eləcə də Səudiyyə Ərəbistanı ilə son illərdə sürətlə inkişaf edən siyasi-iqtisadi əlaqələri Bakının regional manevr imkanlarını genişləndirən mühüm amillərdir. Bu baxımdan, Cənubi Qafqazda mühüm geosiyasi çəkiyə malik Türkiyə, regiona marağı artan Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə əməkdaşlığının dərinləşməsi Azərbaycan üçün də yeni strateji imkanlar yarada bilər. Hər üç ölkənin Bakı ilə yaxın münasibətləri Azərbaycanın həm Cənubi Qafqazda, həm də daha geniş regional proseslərdə mövqeyini dəstəkləyən əlavə amil kimi çıxış edə bilər.

Məkkə Sazişi fonunda Azərbaycan üçün bir neçə mühüm məqam ön plana çıxır. İlk növbədə, Bakı ilə hər üç ölkə arasında mövcud sıx siyasi və təhlükəsizlik əlaqələri Azərbaycanın regional mövqeyini gücləndirən strateji amildir. Azərbaycan Sazişin tərəfi olmasa da, yaxın tərəfdaşlarının təhlükəsizlik sahəsində əməkdaşlığının dərinləşməsi Bakının da daxil olduğu daha geniş regional tərəfdaşlıq şəbəkəsinin əhəmiyyətini artırır.

Digər mühüm istiqamət ticarət və nəqliyyat yollarının təhlükəsizliyidir. Sazişi imzalayan üç dövlət regional kommunikasiyaların sabit və təhlükəsiz fəaliyyətində ortaq maraqlara malikdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan üçün bu amil xüsusi əhəmiyyət daşıyır. Regional təhlükəsizliyin möhkəmlənməsi enerji və nəqliyyat layihələrinin dayanıqlılığına, logistika risklərinin və sığorta xərclərinin azalmasına, nəticədə Azərbaycanın tranzit imkanlarının genişlənməsinə müsbət təsir göstərə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!