Dünya Bankının Azərbaycan iqtisadiyyatı barədə proqnozları nikbindir
Bu gün dünyada iqtisadi göstəriciləri yüksək olan ölkələrdən biri də Azərbaycandır. Son məlumata görə, ölkəmizin xarici borcu ümumi daxili məhsulun 5,6 faizinə bərabərdir, halbuki bir çox inkişaf etmiş ölkədə bu rəqəm 70-80, hətta 100-120 faizə çatır. Bundan əlavə, valyuta ehtiyatımız xarici borcumuzdan 20 dəfə çoxdur.
İqtisadiyyatın dinamik inkişafı, maliyyə sabitliyi, mükəmməl qanunvericilik bazası Azərbaycanı günü bu gün də xarici sərmayədarlar üçün cəlbedici edir. Bu baxımdan dünyanın bu təlatümlü dövründə cari ildə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulması üçün sənədlərin imzalanması təsadüfi deyil.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ölkəmizin iqtisadi imkanları barədə demişdir: "Bizim bu gün potensialımız, - mən təkcə neft məhsullarını nəzərdə tuturam, - 30 milyon tondur. Bunun 7 milyon tonu Azərbaycanda neftayırma zavodunda emal olunur, 23 milyon tonu isə xaricdə. Bax, bunu biz vaxtında etdik. Bir zavodu sıfırdan qurduq, iki zavod aldıq. Bu gün 30 milyon ton neft məhsullarına sahib olan, - özü də tək yerdə yox, üç yerdə, - ölkələr də çox deyil".
Dünya Bankının 2026-cı ilin oktyabrında dərc etdiyi "Avropa və Mərkəzi Asiya üzrə İqtisadi İcmal" və Azərbaycan üzrə "Makro-Yoxsulluq İcmalı" da ölkəmizin qlobal geosiyasi və iqtisadi qeyri-müəyyənliklər şəraitində makroiqtisadi sabitliyini, güclü fiskal ehtiyatlarını və möhkəm xarici mövqeyini qoruduğunu göstərir. Dünya Bankının məlumatına əsasən, 2026-cı ilin birinci yarısı Azərbaycanda dövlət büdcəsinin profisiti ÜDM-in 7 faizini təşkil edib. Müqayisə üçün bildirək ki, 2025-ci ilin yekununda bu göstərici 2,6 faiz olmuşdu. Yüksək enerji qiymətləri ixrac gəlirlərini artırmaqla yanaşı, ölkəmizin xarici iqtisadi mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirib. Belə ki, cari hesabın profisiti 2025-ci ilin yekunundakı 4,4 faizdən 2026-cı ilin birinci rübündə ÜDM-in 9,5 faizinə yüksəlib. Ticarət profisiti isə 2025-ci ilin birinci yarısındakı 3,7 faizlə müqayisədə 2026-cı ilin eyni dövründə ÜDM-in təxminən 21 faizinə çatıb. Mərkəzi Bankın valyuta ehtiyatları isə təxminən 7 aylıq idxalı maliyyələşdirə biləcək səviyyəyə yüksəlib.
Onu da qeyd edək ki, Dünya Bankı Azərbaycanın güclü maliyyə mövqeyinin ilin sonunadək qorunacağını, 2026-cı ilin yekununda cari hesab profisitinin ÜDM-in 7, fiskal profisitin isə ÜDM-in 4 faizini təşkil edəcəyini proqnozlaşdırıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Rəşad Nəcəfli bildirib ki, büdcə, cari hesab və ticarət profisitlərinin eyni vaxtda yüksək səviyyədə qalması Azərbaycanın qlobal enerji qiymətlərindəki dəyişiklikləri, geosiyasi riskləri və beynəlxalq ticarət marşrutlarında yarana biləcək təzyiqləri qarşılamaq imkanlarını genişləndirir: "Bu maliyyə dayaqları yalnız cari sabitliyin göstəricisi deyil, eyni zamanda iqtisadiyyatın yeni inkişaf mərhələsinin maliyyələşdirilməsi üçün strateji kapitaldır. Əsas məsələ mövcud üstünlüklərin qeyri-neft sektorunun genişlənməsinə, özəl investisiyaların təşviqinə, rəqəmsallaşmaya, insan kapitalına və məhsuldarlığın yüksəldilməsinə yönəldilməsidir. Belə yanaşma maliyyə dayanıqlığını uzunmüddətli struktur rəqabət qabiliyyətinə çevirə bilər" - deyə R.Nəcəfli vurğulayıb.
Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,2, 2027-ci ildə 1,8, 2028-ci ildə isə 1,9 faiz böyüyəcəyini proqnozlaşdırır. Ortamüddətli perspektivdə artımın sürətlənməsi biznes mühitində islahatların davam etdirilməsi, qeyri-neft sahələrinə özəl investisiyaların artırılması və iqtisadi fəaliyyətin mənbələrinin genişləndirilməsi ilə əlaqələndirilir. Dünya Bankının hesabatında xidmətlər sektorunda artımın 2026-cı ildəki 2,6 faizdən 2027-ci ildə 3,4, 2028-ci ildə isə 3,6 faizə yüksələcəyi bildirilir. Kənd təsərrüfatında artımın 2027-ci ildə 2,2, 2028-ci ildə 2,4 faiz təşkil edəcəyi gözlənilir. R.Nəcəflinin fikrincə, bu proqnozlar qeyri-neft sahələrinin iqtisadi artımdakı rolunun tədricən güclənə biləcəyini göstərir.
Cari ilin iyun ayınadək iqtisadiyyata kredit qoyuluşlarının 12,1, əhaliyə verilən kreditlərin 13,3 faiz artmasının maliyyə vasitəçiliyinin genişləndiyini sübut etdiyini deyən şöbə müdiri bankların xalis mənfəətinin 24,2, mümkün itkilər üzrə yaradılan ehtiyatların isə 16,4 faiz artmasının sektorun həm iqtisadi fəallığı dəstəkləməsini, həm də risklərə qarşı ehtiyat yaratmaq imkanlarını möhkəmləndirməsini nümayiş etdirdiyini nəzərə çatdırıb.
Ekspertin qənaəti belədir ki, Dünya Bankının hesabatının əsas mesajı ondan ibarətdir ki, Azərbaycan qlobal qeyri-müəyyənlik mərhələsinə əhəmiyyətli maliyyə ehtiyatları, aşağı dövlət borcu və güclü xarici mövqe ilə daxil olub: "Qarşıdakı dövrdə bu üstünlüklərin biznes mühitinin təkmilləşdirilməsi, özəl investisiyaların artırılması, texnoloji yenilənmə və insan kapitalının inkişafı ilə tamamlanması daha yüksək və dayanıqlı iqtisadi artım üçün möhkəm zəmin yarada bilər".
Rüstəm KAMAL,
"Azərbaycan"