28 Oktyabr 2026 11:37
272
SİYASƏT
A- A+
Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş fəaliyyəti İslam həmrəyliyi siyasətinin mühüm istiqamətlərindən biridir

Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş fəaliyyəti İslam həmrəyliyi siyasətinin mühüm istiqamətlərindən biridir


Müasir dünyada dini və mədəni fərqliliklərin bəzən qarşıdurma vasitəsinə çevrilməsi, İslam dini və müsəlman icmaları haqqında stereotiplərin yayılması beynəlxalq əməkdaşlıq üçün ciddi çağırışlar yaradır. Belə bir şəraitdə Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş fəaliyyəti İslam həmrəyliyi siyasətinin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirilə bilər.


Milli Məclisin deputatı Sevinc HÜSEYNOVA qəzetimizə açıqlamasında dedi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edən beynəlxalq platformadır. Forumun İƏT tərəfindən dəstəklənməsi onun İslam dünyası ilə digər regionlar arasında dialoqun inkişafı baxımından əhəmiyyətini artırır. “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, 28 oktyabr 2013-cü ildə ölkəmizin təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli iclasın keçirilməsi də bu istiqamətdə mühüm diplomatik addım olub. Təşəbbüs BMT ilə İƏT arasında əlaqələrin genişləndirilməsini və beynəlxalq problemlərin həllində institusional əməkdaşlığın gücləndirilməsini gündəmə gətirib. 2023-cü ildən etibarən Azərbaycanda islamofobiya mövzusuna həsr olunmuş beynəlxalq konfransların keçirilməsi də problemin beynəlxalq müzakirəsinə töhfə verir. Bununla yanaşı, İslam dünyasına və Azərbaycana qarşı yönələn qarayaxma kampaniyaları və dezinformasiyalara qarşı mübarizədə üzv dövlətlərin koordinasiyalı fəaliyyəti vacibdir. Bu fəaliyyət etibarlı məlumatların yayılması, media savadlılığının artırılması, faktlara əsaslanan kommunikasiya və ayrı-seçkiliyin bütün formalarına qarşı ardıcıl mövqenin nümayiş etdirilməsi üzərində qurulmalıdır”, – deyə o əlavə etdi.


Deputat qeyd etdi ki, İslam həmrəyliyinin möhkəmləndirilməsi yalnız ortaq dini kimliyin vurğulanması ilə deyil, həm də müsəlman cəmiyyətlərinin üzləşdiyi problemlərə birgə və praktik cavabların hazırlanması ilə mümkündür. Bu baxımdan, Azərbaycanın dialoq və beynəlxalq əməkdaşlıq təşəbbüsləri siyasi, mədəni və humanitar istiqamətləri birləşdirən yanaşma kimi əhəmiyyət daşıyır.


S.Hüseynova bildirdi ki, Azərbaycanın İslam həmrəyliyi siyasətinin mühüm istiqamətlərindən biri dini-mədəni irsin qorunması, tarixi abidələrin bərpası və onların gələcək nəsillərə çatdırılmasıdır. Bu sahədə həyata keçirilən tədbirlər ölkəmizin İslam dünyası ilə münasibətlərinin yalnız diplomatik təmaslardan ibarət olmadığını, həm də ortaq mədəni dəyərlərin qorunmasına əsaslandığını göstərir. “İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin vəziyyəti bu məsələnin xüsusi əhəmiyyətini ortaya qoyur. İşğal dövründə dağıdılmış və zərər görmüş məscidlərin bərpası Azərbaycanın dini-mədəni irsin qorunmasına yönəlmiş fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu işlər tarixi yaddaşın bərpası, dini məkanların qorunması və həmin ərazilərdə həyatın yenidən qurulması prosesinin tərkib hissəsidir. İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyətlərinin 2021-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında Azərbaycana səfərləri də bu baxımdan əhəmiyyətlidir. Ağdam və Füzuli rayonlarında, eləcə də Gəncə şəhərində aparılan faktaraşdırıcı missiyalar zamanı dini-mədəni abidələrin və qəbiristanlıqların vəziyyətinin araşdırılması, habelə işğal və raket hücumları nəticəsində zərər çəkmiş şəxslərlə bağlı məlumatların toplanması nəzərdə tutulub. Belə missiyalar baş vermiş hadisələrin sənədləşdirilməsi və onların beynəlxalq müstəvidə müzakirəsi baxımından əhəmiyyət daşıyır. Azərbaycanın dini-mədəni irsin qorunması istiqamətindəki fəaliyyəti ölkə sərhədləri ilə də məhdudlaşmır. Heydər Əliyev Fondunun xətti ilə xarici ölkələrdə həyata keçirilən tarixi və dini abidələrin bərpası layihələri mədəni irsin ümumbəşəri dəyər kimi qorunmasına töhfə verir. Bu fəaliyyət dini mənsubiyyətindən asılı olmayaraq, müxtəlif xalqların tarixi irsinə hörmət, mədəni müxtəlifliyin qorunması və sivilizasiyalar arasında qarşılıqlı anlaşma prinsipləri ilə uzlaşır. Beləliklə, Azərbaycanın İslam dünyasına münasibəti dini irsin qorunmasını həm milli məsuliyyət, həm də beynəlxalq humanitar əməkdaşlığın mühüm istiqaməti kimi nəzərdən keçirir”, – deyə o dedi.


Deputat qeyd etdi ki, Azərbaycanın İslam dünyasındakı mövqeyinin təhlilində diqqətçəkən məsələlərdən biri dünyəvi dövlətçilik prinsipləri ilə İslamın mənəvi dəyərlərinin bir arada təmsil edilməsidir: “Azərbaycan dünyəvi idarəçilik modelini, dini etiqad azadlığını və multikultural mühitin qorunmasını xarici siyasətinin mühüm istiqamətləri ilə əlaqələndirir. Bu yanaşma İslam həmrəyliyinin yalnız dini yaxınlıq əsasında deyil, qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ortaq humanitar maraqlar üzərində inkişaf etdirilməsinin mümkünlüyünü göstərir. Azərbaycanın beynəlxalq platformalarda mədəniyyətlərarası dialoqu təşviq etməsi də bu kontekstdə əhəmiyyət qazanır. Bununla belə belə bir modelin beynəlxalq səviyyədə təqdimatı yalnız bəyanatlarla deyil, dini icmaların hüquqlarının qorunması, tolerantlıq mühitinin davamlılığı və mədəni müxtəlifliyə hörmət kimi konkret göstəricilərlə də qiymətləndirilməlidir. Bu meyarlar Azərbaycanın dünyəvi inkişaf və dini-mədəni irsə bağlılıq arasında qurduğu münasibətin daha geniş kontekstdə təhlilinə imkan verir. Azərbaycan nümunəsinin İslam dünyası üçün müzakirə predmetinə çevrilən cəhəti də məhz budur: milli dövlətçilik, müasir inkişaf və dini-mədəni kimlik arasında uzlaşdırıcı yanaşmanın formalaşdırılması”.


S.Hüseynova bildirdi ki, Şuşanın İƏT tərəfindən 2026-cı il üzrə turizm paytaxtı seçilməsi Azərbaycanın mədəni diplomatiyası və işğaldan azad edilmiş ərazilərin beynəlxalq tanıdılması baxımından əhəmiyyətlidir. Şuşa Azərbaycanın tarixi-mədəni irsinin, musiqi ənənələrinin və milli kimliyinin mühüm rəmzlərindən biridir. Şəhərin İƏT-in turizm gündəliyində yer alması onun İslam ölkələri arasında mədəni əlaqələrin genişləndirilməsi üçün potensialını artırır. Turizm bu kontekstdə yalnız iqtisadi fəaliyyət sahəsi deyil, xalqlar arasında təmasların və qarşılıqlı anlaşmanın inkişafına xidmət edən vasitədir. Şuşanın beynəlxalq turizm məkanına çevrilməsi şəhərin tarixi irsinin tanıdılması, mədəni tədbirlərin keçirilməsi və regionun iqtisadi dirçəlişinin təşviqi ilə əlaqəlidir. Bu imkanlardan səmərəli istifadə üçün tarixi abidələrin qorunması, turizm infrastrukturunun inkişafı, beynəlxalq marşrutların genişləndirilməsi və İslam ölkələri arasında turizm əlaqələrinin gücləndirilməsi vacibdir. Beləliklə, Şuşanın İƏT çərçivəsində əldə etdiyi status mədəni irsin qorunması ilə iqtisadi əməkdaşlığı birləşdirən istiqamət kimi nəzərdən keçirilə bilər.


Deputat vurğuladı ki, Azərbaycanın İƏT çərçivəsindəki fəaliyyətinin növbəti mərhələsi qarşıdakı illərdə keçiriləcək beynəlxalq tədbirlər və təşkilatın rəhbər orqanlarında iştirakla bağlıdır: “2026-cı ilin iyununda Bakıda İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının keçirilməsi ölkəmizin təşkilat daxilində parlamentlərarası dialoqun inkişafına verdiyi töhfəni göstərir. 2027-ci il iyunun 1-2-də Azərbaycanda İƏT İnformasiya Nazirləri Konfransının 13-cü sessiyasının keçirilməsi nəzərdə tutulur. Bu platforma informasiya mübadiləsi, media sahəsində əməkdaşlıq və dezinformasiyaya qarşı birgə fəaliyyət kimi məsələlərin müzakirəsi üçün imkan yarada bilər. İyunun 23-24-də İslam Zirvə Konfransının 16-cı sessiyasının Azərbaycanda keçirilməsi və ölkəmizin İƏT-də sədrliyi üzərinə götürməsi isə təşkilatın gündəliyinə təsir göstərmək baxımından mühüm mərhələ olacaq. Bu tədbirlər Azərbaycanın İƏT daxilində fəaliyyətinin daha geniş siyasi və institusional müstəviyə çıxması üçün imkanlar yaradır. Sədrliyin səmərəliliyi isə yalnız tədbirlərin təşkili ilə deyil, üzv dövlətlər arasında konkret əməkdaşlıq nəticələrinin əldə olunması ilə ölçüləcək”.


S.Hüseynova dedi ki, Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşü Azərbaycan-İƏT münasibətlərinin tarixi inkişafını, müasir siyasi gündəliyini və gələcək əməkdaşlıq perspektivlərini bir araya gətirən mühüm diplomatik təmas kimi qiymətləndirilə bilər. Görüşdə Heydər Əliyevin irsinə verilən ehtiram, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasının tarixi əhəmiyyətinin vurğulanması, Cənubi Qafqazda sülh gündəliyinə dəstək və İslam həmrəyliyinin gücləndirilməsi məsələləri ölkəmizin təşkilatla münasibətlərinin əsas istiqamətlərini əks etdirir. Azərbaycanın İƏT çərçivəsindəki fəaliyyəti göstərir ki, İslam həmrəyliyi onun xarici siyasətində yalnız tarixi və dini bağlılıqdan irəli gələn prinsip deyil. Bu anlayış beynəlxalq hüququn müdafiəsi, mədəni irsin qorunması, sivilizasiyalararası dialoq, islamofobiya ilə mübarizə və institusional əməkdaşlıq kimi sahələri əhatə edir. “2026-cı ildə üzvlüyün 35 illiyinin qeyd olunması, Şuşanın İƏT-in turizm paytaxtı statusunu daşıması və 2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının keçirilməsinin nəzərdə tutulması ikitərəfli və çoxtərəfli münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar yaradır. Nəticə etibarilə, Azərbaycanın İslam dünyasındakı rolunun davamlı inkişafı həm irəli sürülən təşəbbüslərin əhatə dairəsindən, həm də onların konkret nəticələrindən asılı olacaq. İƏT çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi, ortaq problemlərə praktik həllərin tapılması və regional sülhə töhfə verilməsi bu əməkdaşlığın gələcək mərhələsinin əsas meyarları kimi çıxış edir”, – deputat bildirdi.


 


Əsmər QARDAŞXANOVA,


“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qədim Roma şüşəsinin rəng dəyişdirmə sirri açılıb  

12:26
28 Oktyabr

Rusiya səmasında 531 dron vurulub: yaralananlar və dağıntılar var  

12:01
28 Oktyabr

İƏT-in Baş katibi: Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik  

11:43
28 Oktyabr

Neftçalada dövlət proqramının icrası ilə bağlı fermerlərlə görüş keçirilib  

11:43
28 Oktyabr

Qazax gənci idi, Qarabağ şəhidi oldu  

11:41
28 Oktyabr

Azərbaycan Prezidenti: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir

11:39
28 Oktyabr

Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş fəaliyyəti İslam həmrəyliyi siyasətinin mühüm istiqamətlərindən biridir

11:37
28 Oktyabr

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

11:33
28 Oktyabr

BMT rəsmisi: Azərbaycan qızların təhsilinə və qadınların imkanlarının genişləndirilməsinə mühüm töhfə verir  

11:32
28 Oktyabr

Baş prokuror: Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır  

11:29
28 Oktyabr

Komitə sədri: Qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir  

11:25
28 Oktyabr

Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir  

11:24
28 Oktyabr

Migel Anxel Moratinos: Hazırda dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir  

11:23
28 Oktyabr

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunur  

11:22
28 Oktyabr

Nazir müavini: Ali məktəbə qəbul olmaq üçün əzbərləmək kifayət deyil

11:21
28 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına  

11:15
28 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir  

11:01
28 Oktyabr

Ötən gün narkotiklərlə əlaqəli 22 fakt müəyyən olunub

10:47
28 Oktyabr

Naxçıvanın enerji təhlükəsizliyində Modul Elektrik Stansiyası mühüm rol oynayır  

10:41
28 Oktyabr

Müəllimlər üçün “Sosial-emosional öyrənmə mühitinin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb  

10:34
28 Oktyabr

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

10:31
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!