Moldovanın paytaxtı Kişineuda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Moldova Xarici İşlər Nazirliyinin dövlət katibi Serju Mixov, Azərbaycanın Moldovadakı səfirliyinin diplomatları, diaspor fəalları, Moldovada yaşayan çoxsaylı soydaşlarımız və tələbələr iştirak ediblər.
Əvvəlcə “Qanlı Yanvar” hadisələrinə aid fotosərgiyə baxış keçirilib.
Anım tədbiri şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev bildirib ki, hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir.
“Sovet İttifaqında uzun müddət davam edən durğunluq tədricən iqtisadi böhran ilə əvəz olunmuşdu. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən əməli tədbirlərin görülməməsi və digər neqativ hallar haqlı narazılığı artırırdı”,- deyə səfir əlavə edib.
20 Yanvar hadisələrini Azərbaycan xalqının müstəqillik mübarizəsi adlandıran Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vitali Jakot qeyd edib ki, Moldova xalqı həmişə “Qanlı Yanvar” kimi tarixə düşmüş faciəli hadisələrin qurbanlarını yad edir, onlara ehtiramını göstərir: “Moldova xalqı adından sizi əmin etmək istəyirəm ki, bu gün biz sizinlə birlikdə kədərlənirik və Azərbaycan xalqına, onun mərdliyinə və mətanətinə dərin hörmətimizi bildiririk. Qoy bu faciə qurbanlarının xatirəsi əbədi olsun, həmrəyliyimiz, dostluğumuz möhkəm və sarsılmaz olsun”.
Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov isə bildirib ki, bu faciə Azərbaycanı birləşdirdi, ayağa qaldırdı. Xalqımız qorxmadı. Meydanlara, küçələrə çıxıb gücünü göstərdi: “Bu gün isə haqq-ədalət bərpa olunub - ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı düşmən işğalından azad edib. 35 il əvvəl ölənlər üçün, heç vaxt öz ölkələrini müstəqil görmək şansı olmayanlar üçün Azərbaycan yenidən doğulub, daha da güclənib”.
Tədbir bədii hissə ilə davam edib.