11 Iyul 2024 10:05
804
Səhiyyə
A- A+

İsti hava ürəyin yükünü artırır

 

Ürək-damar xəstəliyi olanlar ehtiyatlı davranmalıdırlar

 

Yay insanların özlərini ən yaxşı hiss etdiyi zamanlardan biridir. Lakin bu, hər kəsə aid deyil. Qızmar yay günlərində orqanizm daha çox enerji sərf edir və bu, ürəyin iş yükünü artırır. Xüsusilə ürək-damar xəstəliyi olanların bu dövrdə şikayətləri artır.
Havanın temperaturunun yüksək olduğu yay günlərində orqanizmdə su və duz itkisi  baş verir. Qanın tərkibindəki su komponentinin itirilməsi axıcılığı pozduğuna görə qan daha tez laxtalanır. Qandakı laxtalanmanın bu nisbi artımına sağlam insanlar rahat dözə bildiyi halda, risk faktorları və ya ürək-damar xəstəlikləri olan şəxslər problemlərlə üzləşir, onlarda infarkt riski artır.
Mövzu ilə bağlı "Azərbaycan" qəzetinə danışan Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinin müdiri Səbinə Babayeva deyib ki, yay aylarında meteohəssas insanlarda ürək-damar xəstəlikləri ağırlaşmalarına daha tez-tez rast gəlinir: "İsti hava şəraiti ürək-damar sisteminə əlavə yük yaradır, ürək döyüntülərinin sayı, hipertonik krizlərin başvermə tezliyi artır, aritmiyalar, miokard infarktı, insult, arteriyaların trombozu baş verir. Yüksək hava temperaturu güclü tərləməyə səbəb olur. Nəticədə qanın qatılığı artır, laxtalanma sistemində dəyişikliklər baş verir. Tərləmə zamanı həmçinin qanda mikroelementlərin konsentrasiyası da dəyişir. Kalium, maqnezium, kalsium ionlarının tərlə itkisi baş verir və nəticədə müxtəlif aritmiyalar, ayaqlarda qıcolmalar yaranır.  Əsasən, AKS əməliyyatı, stent implantasiyası keçirmiş xəstələr yay aylarında dərman qəbuluna daha ciddi yanaşmalıdırlar. Qandurulducu preparatları vaxtında qəbul etməli və həkim tərəfindən mütəmadi yoxlanmalıdırlar".  
Həkim-kardioloqun sözlərinə görə, "by-pass" əməliyyatı, stent qoyulması, aritmiya və ya ürək çatışmazlığı olan ürək xəstələri səyahətə getməzdən öncə həkim tərəfindən müayinə edilməli, bir sıra təhlillərdən keçməlidirlər: "Hərəkətsiz olduqları uzun təyyarə və avtomobil səfərləri zamanı laxtalanma riski artdığı üçün tez-tez fasilə verməli, təyyarə ilə səyahət edirlərsə, səyahət boyu müəyyən fasilələrlə idman etməli, spirtli içkilərdən və həddindən artıq qəhvə istehlakından uzaq durmalıdırlar. İsti havalarda susuzlaşma qan təzyiqinin səviyyəsinin qəfil artmasına və ya azalmasına, infarkta səbəb ola bilər. Havanı soyutmaq üçün istifadə edilən kondisionerli mühitlər, kəskin isti-soyuq keçidləri də ürək üçün risk yaradır. Ürək-damar problemləri olanlar kondisionerli mühitlərdə uzun müddət qalacaqlarsa, ətrafdakı temperaturun 22 dərəcədən yuxarı olmasına və hava axınının hiss olunmayacaq şəkildə tənzimlənməsinə diqqət yetirməlidirlər".
S.Babayeva bildirib ki, ürək-damar xəstələri üçün daha bir riskli vəziyyət uzun müddət istiyə məruz qaldıqdan sonra birdən soyuq hovuza və ya dənizə girməkdir: "Soyuq suyun təsiriylə ürək damarlarının ani daralması nəticəsində qan axını pozula bilər. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər qida rasionuna da diqqət etməlidirlər. Onlar yüngül yeməklərə üstünlük verməli, yağlı qidalardan uzaq durmalı, porsiyaları azaltmalıdırlar. Qida rasionuna daha çox meyvə-tərəvəz əlavə olunmalıdır. Siqaret və spirtli içkilərin qəbulu da ürək-damar xəstəliklərinin ağırlaşmasını artıran səbəblərdəndir".
Kardioloq vurğulayıb ki, ürək problemləri yaşayan insanlar təngnəfəslik, başgicəllənmə, soyuq tərləmə, ürəkbulanma və ya qusma kimi hallarla üzləşdikdə gecikmədən həkimə müraciət etməlidirlər. Onlar günün pik saatlarında birbaşa günəş işığına məruz qalmamalı, gərgin fiziki fəaliyyətdən uzaq olmalı, kifayət qədər su içməyə çalışmalı, açıq rəngli və pambıq paltarlara üstünlük verməli, papaq və gün eynəklərindən istifadə etməlidirlər. Bütün bunlara diqqət etdikdə yay aylarında arzuolunmaz ürək-damar ağırlaşmalarının başvermə tezliyini nəzərə-çarpacaq dərəcədə azaltmaq olar.

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video