27 Noyabr 2024 08:10
239
SİYASƏT
A- A+
İnkişaf, rifah, quruculuq büdcəsi

İnkişaf, rifah, quruculuq büdcəsi


"Büdcə sistemi haqqında" qanunun 12-ci maddəsinə uyğun olaraq "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan digər layihələr Prezident İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur. 


Konstruktiv, səmərəli və işgüzar müzakirələr


Bu həftə Milli Məclisin plenar iclaslarında qanun layihəsinin 1-ci oxunuş üçün geniş müzakirəsi keçirilir. Qeyd edim ki, büdcə qanunvericiliyinə uyğun olaraq, Hesablama Palatasının rəyi də təqdim edilmiş, həmçinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və digər komitələrin iclaslarında müvafiq dövlət orqanlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə qanun layihələri konstruktiv və işgüzar atmosferdə geniş müzakirə olunmuşdur. 

Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə əsası qoyulmuş ənənənin davamı olaraq büdcə müzakirələrinə parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri və təmsilçiləri də dəvət edilmişdir. 

Eyni zamanda müzakirəsi aparılan layihə ölkəmizin iqtisadi inkişafına, sosial rifahına və milli maraqlarımıza xidmət edir, növbəti ildə dövlətin funksiyalarının, mühüm strateji və cari vəzifələrin həyata keçirilməsi üçün müvafiq maliyyə təminatı yaradır. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq digər komitələrdə aparılmış müzakirələrin də nəticələrini, Hesablama Palatasının rəyini nəzərə almaqla hesab edirik ki, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi büdcə qanunvericiliyinin tələblərinə, ölkənin strateji sənədlərinin müddəalarına cavab verir. 

Müzakirəsi aparılan 2025-ci il dövlət büdcəsi layihəsi barədə əsas məqamlara diqqət yetirmək istərdim.


Hədəfləri reallaşdıracaq etibarlı maliyyə təminatı


2025-ci ilin dövlət büdcəsi layihəsini müzakirə etdiyimiz cari ildə ölkəmizin siyasi həyatı mühüm tarixi hadisələrlə yadda qalmışdır. Bakıda COP29-la bağlı mötəbər beynəlxalq tədbirin keçirilməsi uğurla başa çatmış, ölkəmizin gücünü və qüdrətini, Prezident İlham Əliyevin beynəlxalq müstəvidə nüfuzunu, milli maraqlarımıza əsaslanan qətiyyətli və prinsipial mövqeyini bir daha təsdiq etmişdir. 

Dövlət suverenliyimizin tam bərpa edildiyi bir şəraitdə, ölkəmizin bütün ərazisində keçirilmiş builki prezident və parlament seçkiləri xalqımızın iradəsini, Prezident İlham Əliyevə ardıcıl dəstəyini, etimad və inamını bir daha nümayiş etdirmişdir. Hər iki seçkinin nəticələri vahid dövlət siyasətinin bundan sonra da uğurla davam etdirilməsinə təminat vermiş oldu. 

Xüsusi olaraq vurğulayım ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi hər şeydən əvvəl möhtərəm Prezidentimizin müəyyən etdiyi strateji vəzifələri və təşəbbüsləri, yeni dövrün çağırışlarını, milli iqtisadiyyatımızın artım və inkişaf meyillərini, milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəfləri aydın bir şəkildə əks etdirir və bunların hər birinin reallaşdırılması üçün maliyyə təminatı yaradır. 

Hazırlanması böyük diqqət və məsuliyyət tələb edən, ciddi və əməktutumlu maliyyə sənədi olan büdcə zərfi bir qayda olaraq hökumətin və onun iqtisadi blokunun gərgin əməyi və birgə fəaliyyəti nəticəsində ərsəyə gəlir. 

Məlum olduğu kimi, milli iqtisadiyyatımız və dövlət büdcəsi bir qayda olaraq qlobal iqtisadi trendlərin təsirinə məruz qalır. Aparıcı iqtisadiyyatlarda həyata keçirilən sərt monetar siyasət, davam edən geosiyasi münaqişələr fonunda qlobal iqtisadi artım həm 2024-cü, həm də 2025-ci ildə 3,2 faiz proqnozlaşdırılır. Dünya qiymət indekslərinin təhlili qlobal inflyasiya təzyiqlərinin cari ildə olduğu kimi növbəti ildə də azalacağı ehtimalını yaradır. Dünya iqtisadiyyatında artımı stimullaşdıran tədbirlərin həyata keçiriləcəyi gözlənilir. 


ÜDM 124,4 milyard manata çatır


Qeyd olunanları nəzərə alaraq, milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın yaratdığı imkanlardan faydalanmalı, qlobal riskləri isə neytrallaşdırmalıdır. Hesab edirik ki, ölkəmiz mümkün konyunktur risklərdən sığortalanmaq üçün müvafiq təhlükəsizlik yastığına malikdir. 

Xüsusi olaraq vurğulamaq istərdik ki, qlobal iqtisadiyyatdakı geosiyasi amillərdən doğan qeyri-müəyyənliklər fonunda növbəti ilin dövlət büdcəsi bir sıra makroiqtisadi göstəricilərlə dəstəklənir. Belə ki, ölkənin strateji valyuta ehtiyatları 73 milyard dollar təşkil edir ki, bu da cari ilin sonuna gözlənilən ÜDM-in (124,4 milyard manat və ya 73,2 milyard dollar) həcminə bərabər olmaqla 5,3 milyard dollar təşkil edən birbaşa xarici dövlət borcumuzu təxminən 14 dəfə üstələyir.

Qeyd edək ki, 2024-cü ilin 10 ayında müşahidə olunan müsbət makroiqtisadi meyillər 2025-ci il üzrə proqnozlar üçün pozitiv əsaslar yaradır. Proqnozlara görə, növbəti ildə ÜDM 3,5 faiz, qeyri-neft qaz ÜDM-i 4,9 faiz artacaq. ÜDM-də qeyri-neft-qaz sektorunun payının 68 faizdən 71,3 faizə çatacağı gözlənilir. Bu meyil iqtisadiyyatda struktur dəyişikliklərinin davam etməsini göstərir. 

Adambaşına ÜDM-in 2025-ci ildə 7412 dollar təşkil edəcəyi proqnozlaşdırılır. Bu isə beynəlxalq təsnifatda Azərbaycanın yuxarı orta gəlirli ölkələr qrupunda öz yerini qoruyub saxlaması və daha da möhkəmləndirməsi deməkdir. 

Növbəti il üçün inflyasiyanın səviyyəsi 4,6 faiz proqnozlaşdırılır. Mərkəzi Bankın hədəf diapazonu daxilində olan inflyasiya səviyyəsi bir tərəfdən sabit məzənnə rejimi ilə, digər tərəfdən də adekvat monetar siyasətlə dəstəklənir. 


2025-ci ilin dövlət büdcəsi layihəsinin əsas parametrləri hansılardır?


Büdcə gəlirlərimiz 38,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 5,3 faiz çoxdur. Xərclər isə 41,4 milyard manat olmaqla, cari ilin proqnozu ilə müqayisədə 4,1 faiz çox planlaşdırılır. Büdcə kəsirinin 3052 milyon manat olacağı gözlənilir. Bu isə ÜDM-in 2,4 faizini təşkil edir. Dövlət büdcəsi gəlirlərinin 49 faizi neft, 51 faizi isə qeyri-neft gəlirlərinin hesabına formalaşacaqdır. 

2025-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 15,5 milyard manatı Dövlət Vergi Xidmətinin, 14,5 milyard manatı Dövlət Neft Fondundan transfertin, 6,6 milyard manatı Dövlət Gömrük Komitəsinin, 840,0 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 895,0 milyon manatı digər gəlirlərin payına düşür.

2025-ci ilin dövlət büdcəsi xərclərinin 60,1 faizini cari xərclər, 34,1 faizini əsaslı xərclər, 5,8 faizini dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edir. Cari və əsaslı xərclərin nisbətini sosial rifahla iqtisadi artımın balanslaşdırılması baxımından rasional və məqsədəuyğun hesab edirik. Sadəcə olaraq, cari xərclərin tamamilə, yəni 100 faizinin qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsinə nail olmalıyıq. Hazırda bu göstərici 79 faiz təşkil edir. 

Ötən illərdə olduğu kimi, 2025-ci ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaqdır. Sosialyönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatması və dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir. Büdcə zərfinə daxil olan sosial paketin təhlili göstərir ki, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsi sahəsində dövlət siyasəti, onlara dövlətin diqqət və qayğısı növbəti ildə də davam etdiriləcəkdir. 

Eyni zamanda çoxşaxəli artımları nəzərdə tutan sosial tədbirlər paketi həyata keçiriləcək. Gələn il minimum əməkhaqqının və minimum pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Ümumilikdə, sosial paket 3 milyon insanı əhatə edəcəkdir. 

Əhalinin rifahı ilə bağlı dövlət siyasəti özünü büdcənin təkcə sosial deyil, digər xərc istiqamətlərində də büruzə verir. Məsələn, iqtisadi fəaliyyətlə bağlı xərclərdə bir sıra dövlət şirkətlərinə subsidiyaların nəzərdə tutulmasının əsas səbəblərindən biri vətəndaşlara göstərilən bəzi xidmətlərin tariflərinin aşağı həddə saxlanılmasıdır. Dövlətin vətəndaşa dəstəyi və qayğısı əhalinin həssas sosial qrupları üçün ümumi məbləği 591 milyon manatdan çox olan vergi güzəştlərində də ifadə olunur.


Azərbaycanın 2025-ci il büdcəsi Ermənistanın və Gürcüstanın birlikdə büdcə xərclərinin cəmindən 1,3 dəfə çox olacaq


Ötən illər ərzində ölkəmizdə sosial və iqtisadi siyasətin əlaqələndirilməsi və uzlaşdırılması Prezident İlham Əliyevin müəyyən etdiyi əsas prinsip olaraq uğurlu şəkildə həyata keçirilmişdir. 

Bunun nəticəsidir ki, 2003-2023-cü illər ərzində dövlət büdcəsi xərclərinin təxminən 30 dəfə, ÜDM-in real ifadədə 3,6 dəfə, investisiyaların 4,4 dəfə artımı fonunda Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,2 faizə, işsizliyin səviyyəsi 9,2 faizdən 5,5 faizə endirilmişdir. 

Büdcə layihəsi və müvafiq proqnozlar hazırlanarkən 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyasında müəyyən edilmiş məqsədlər və hədəflər nəzərə alınmışdır. 2025-ci ilin dövlət büdcəsi layihəsində iqtisadi strategiyanın icrası üçün 2,5 milyard manat vəsait nəzərdə tutulmuşdur. Dövlət büdcəsi iqtisadi strategiyanın reallaşmasına maliyyə təminatı yaratdığı kimi, inanırıq ki, iqtisadi strategiyanın icrası da iqtisadi artıma, investisiya fəallığına töhfə verməklə büdcənin dayanıqlığını dəstəkləyəcəkdir.

Post-müharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri əsas prioritetlərdəndir. Növbəti ilin dövlət büdcəsi layihəsində bu məqsədlər üçün 4 milyard manat nəzərdə tutulub. Bu vəsait ortamüddətli dövrdə iqtisadi artıma, qeyri-neft iqtisadiyyatının inkişafına, məşğulluğa öz töhfəsini verəcəkdir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, gələn ilin dövlət büdcəsi artım dinamikasına malik olan büdcədir. Təkcə onu qeyd etmək kifayətdir ki, növbəti il üçün proqnozlaşdırılan büdcə xərcləri 2003-cü illə müqayisədə 34 dəfə çoxdur. 

Bir daha xatırladaq ki, Vətən müharibəsində təkcə müzəffər ordumuz, qəhrəman əsgərimiz və hərbi texnikamız döyüşmürdü. Düşmənlə döyüşən həm də milli iqtisadiyyatımız, büdcəmiz idi. Bu kontekstdə bəzi müqayisələr aparaq. 2025-ci il üçün gözlənilən büdcə xərclərimiz 24,3 milyard dollar olmaqla Ermənistanın və qonşu Gürcüstanın birlikdə büdcə xərclərinin cəmindən, yəni 18,8 milyard dollardan nə az, nə çox düz 1,3 dəfə çoxdur. 

Azərbaycanın növbəti il üzrə proqnozlaşdırılan 19,5 milyard manatlıq və ya 11,5 milyard dollarlıq qeyri-neft büdcəsi də, sosialyönümlü xərclərdən ibarət olan, məbləğcə 16,9 milyard manat və ya təxminən 10 milyard dollar təşkil edən sosial büdcəmiz də Ermənistanın 2025-ci il üçün planlaşdırdığı büdcə gəlirlərini 30-50 faiz üstələyir. 

Dövlət Neft Fondunun hətta transfertləri nəzərə alınmasa belə, büdcə gəlirlərimiz artım dinamikasına malikdir. Belə ki, transfertsiz büdcə gəlirləri 2023-cü ildə 23,5 milyard manat, 2024-cü ildə 23,6 milyard manat olduğu halda, 2025-ci ildə 23,8 milyard manat proqnozlaşdırılır.


Dövlət büdcəsi ilə bağlı bugünkü reallıqlar və çağırışlar nədən ibarətdir?


2025-ci ilin dövlət büdcəsi layihəsini müzakirə etdiyimiz bir vaxtda Azərbaycanın qeyri-standart və unikal bir dövr yaşadığını, dövlətimizin bir çox strateji hədəf və təşəbbüsləri bir arada, paralel olaraq və zaman itirmədən həyata keçirməyə çalışdığını görürük. 

Azərbaycan dövləti, fikrimizcə, indiyə kimi icrası eyni vaxtda üst-üstə düşən bu qədər strateji, təxirəsalınmaz və genişmiqyaslı tədbirlərin reallaşdırılması zərurəti ilə üzləşməmişdir. 

Bir çox ölkə maliyyə ehtiyaclarının artdığı bir şəraitdə büdcə qaydalarını ya yumşaldır, ya da, ümumiyyətlə, dayandırır. Lakin hökumət bütün maliyyə ehtiyaclarını əsasən öz daxili resursları hesabına qarşılasa da və çoxşaxəli büdcə xərcləmələrinə getsə də, büdcə qaydalarından heç də imtina etmir. Əksinə, ortamüddətli dövr üçün 2 parametrdən ibarət büdcə qaydası tətbiq edilir. 

2025-ci ilin dövlət büdcəsi layihəsi tərtib edilərkən neftin qiyməti 70 dollar götürülüb. Təbii ki, neftin qiymətinin qlobal iqtisadi və geosiyasi dəyişikliklərə həssaslığını inkar etmək olmaz. Lakin xatırlatmaq istərdik ki, vaxtilə neftin büdcə qiyməti ayrı-ayrı dövrlərdə 25-50 dollar arasında müxtəlif proqnozlara əsaslanıb. Bununla belə, ötən illər ərzində dövlətimiz, iqtisadiyyatımız və maliyyə sistemimiz stres-testlərdən, ciddi sınaqlardan uğurla çıxmışdır. Hesab edirik ki, yeni çağırışlar fonunda milli iqtisadiyyatımızın istifadə edilməmiş imkanları və resursları hesabına potensial riskləri neytrallaşdırmaq mümkündür. 

2025-ci ilin büdcə zərfinə əsasən, Dövlət Neft Fondundan dövlət büdcəsinə ayrılan transfertlər artırılaraq 14,481 milyon manat nəzərdə tutulur. Transfertlərlə bağlı birmənalı qəbul etmədiyimiz bəzi fikirlər səslənməkdədir. Sanki gələcək nəsillərə neft dollarları saxlanılmır və büdcə qaydasından kənarlaşmalara yol verilir. Sadəcə onu vurğulamaq lazımdır ki, hazırda Dövlət Neft Fondunun aktivləri 61,3 milyard dollar təşkil etməklə ölkəmizin güclü maliyyə dayaqlarına malik olduğunu göstərir. Eyni zamanda fond öz əsas missiyasını yerinə yetirməkdə davam edir. Doğrudur, transfertin məbləği 1,7 milyard manat və ya 13,3 faiz artır. Lakin onun dövlət büdcəsi gəlirlərindəki payı 2020-ci ildəki 49,4 faizdən 2025-ci ildə 37,8 faizə kimi azalacaqdır. 

Dövlətimiz neft gəlirlərini gələcək üçün qoruyub saxlamaqla yanaşı, həm də sonrakı nəsillərə köklü problemləri, böyük məbləğdə borc yükü olmayan, təhlükəsiz, güclü və dayanıqlı Azərbaycan dövləti miras qoymaq niyyətindədir. Belə bir yanaşma gələcək nəsillər naminə neft gəlirlərinin qorunması ilə dövlətimizin indiki strateji ehtiyaclarının qarşılanması arasında balansı əks etdirir.


Hərbi xərclər artırılsa da, sosial və infrastruktur xərcləri məhdudlaşdırılmır


Büdcə layihəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8,4 milyard manat nəzərdə tutulmuşdur ki, bu da 2024-cü illə müqayisədə 17,8 faiz çoxdur. Bəri başdan qeyd edək ki, bu cür artımları bir tərəfdən günün reallıqları və ölkəmizin təhlükəsiz gələcəyi diktə edir, digər bir tərəfdən də Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi özünün iqtisadi və hərbi gücü ilə regionda təhlükəsizliyin, sülh və sabitliyin qorunması missiyasını yerinə yetirir. 

Reallıq bundan ibarətdir ki, müdafiə xərclərinin artımı ölkəmizin hüdudlarından kənarda bir çoxlarını narahat edir. Bəzi dairələr növbəti haqsızlığı edərək Azərbaycanı indi də militarist büdcə siyasəti həyata keçirməkdə ittiham edirlər. Bu əsassız və qərəzli fikirlərlə bağlı bəzi məqamları qeyd etməyi vacib bilirik.

Müdafiə xərclərinin artırılması öz-özlüyündə ölkənin militarist büdcəyə sahib olduğu anlamına gəlmir. Azərbaycan hərbi xərclərini artırmaqla yanaşı, digər sosial və infrastruktur xərclərini məhdudlaşdırmır. Başqa sözlə, hərbi xərclərin artırılması digər mühüm istiqamətlər üzrə xərc artımı fonunda baş verir. Hərbi xərclər büdcə məxaricinin 20,3 faizini təşkil etdiyi halda, təkcə sosialyönümlü xərclər 41 faizini, iqtisadi fəaliyyətlə bağlı xərclər 21 faizini təşkil edir. Göründüyü kimi, ölkəmizin büdcə xərclərində ən yüksək paya malik olan heç də müdafiə xərcləri deyil. 

İqtisadiyyatın və o cümlədən büdcənin hərbiləşdirilməsi meyilləri ara-sıra revanşizm avantürasına yuvarlanan məğlub ölkə üçün daha xarakterikdir. Belə ki, bu ölkədə hərbi xərclər 2022-ci ildə 795 milyon dollar təşkil etdiyi halda, bu rəqəm 2023-cü ildə təxminən 70 faiz artaraq 1330 milyon dollara çatmışdır. 

İşsizlik səviyyəsi 12 faizə, yoxsulluq səviyyəsi 24 faizə, xarici borc yükü ÜDM-in 54 faizinə çatan, 15 ildən çoxdur ki, davamlı olaraq kəskin demoqrafik böhran yaşayan, 2025-ci ilin dövlət büdcəsi layihəsində 1,6 milyard dollar həcmində kəsr proqnozlaşdıran Ermənistanda hərbi xərclərin təkcə bir il ərzində 70 faiz kəskin artırılması militarizmin və militarist büdcənin bariz "nümunə"sidir. 

Bu gün Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi müasir müdafiə sənayesinin formalaşdırılması ilə tamamlanır. Bu sahənin inkişafını milli sənayenin yeni və perspektivli sütunlarından birinin təşəkkülü kimi qəbul etməliyik. 


2025-ci ilin dövlət büdcəsi ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin iqtisadi və maliyyə əsaslarını daha da möhkəmləndirəcək 


İqtisadi sistemi bazar münasibətlərinə əsaslanan ölkəmizdə sosial rifah, iqtisadi artım, investisiya qoyuluşu təkcə büdcə xərcləri hesabına təmin edilməməlidir. Özəl sektorun sosial-iqtisadi inkişafa töhfəsi daha da artmalı, dövlət-özəl tərəfdaşlığı genişləndirilməlidir. 

Qeyd edək ki, özəl sektorun dövlətin güclü tərəfmüqabilinə çevrilməsindən ötrü hər il büdcə zərfinə daxil olan layihələrdə sahibkarlıq fəaliyyəti üçün təşviq və güzəştlər, subsidiyalar nəzərdə tutulur. İnanırıq ki, bu tədbirlər iqtisadi şaxələndirmə prosesinə və yeni iqtisadi artım mənbələrinin aşkar edilməsinə öz töhfəsini verəcəkdir. 

 Dövlətin funksiyalarının həyata keçirilməsi üçün resurs bazasının yaradılması nə qədər vacibdirsə, bu resurslardan səmərəli və qənaətlə istifadə edilməsi də bir o qədər önəmlidir. Artan maliyyə ehtiyacları və məhdud resurslar şəraitində bu xüsusilə aktualdır.

İndiyə kimi sahibkarlığın dəstəklənməsinə yönəldilmiş dövlət siyasətinin nəticəsidir ki, 2023-cü ildə özəl sektorun payı ÜDM-də və sənaye istehsalında 83 faizə, əhalinin məşğulluğunda 79 faizə, xidmət sektorunda 73 faizə, kənd təsərrüfatında isə 99,8 faizə çatmışdır. 

Ümumiləşdirərək xarakterizə etsək, 2025-ci ilin büdcə zərfi əlverişli makroiqtisadi proqnozlara əsaslanır, makroiqtisadi sabitlikdən təsirləndiyi kimi, həm də ona xələl gətirmir, büdcə dayanıqlılığının təmin olunmasından ötrü fiskal və qeyri-fiskal tədbirlər nəzərdə tutur, davamlı iqtisadi artım üçün təşviq və güzəştlər təklif edir. 

İndi qarşımızda dayanan əsas vəzifə ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi xalqımızın milli və müqəddəs sərvəti kimi qorumaqdan, onun iqtisadi və maliyyə əsaslarını möhkəmləndirməkdən ibarətdir. Tam əminliklə deyə bilərik ki, dövlətimizin siyasi, iqtisadi və hərbi gücünü əks etdirən 2025-ci ilin dövlət büdcəsi layihəsi qəbul edildikdən sonra bu missiya da uğurla yerinə yetiriləcəkdir. 


Azər ƏMİRASLANOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TƏBİB: COP29-la əlaqədar ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib  

11:26
27 Noyabr

Bayden ABŞ Konqresindən 24 milyard dollar istəyir

10:59
27 Noyabr

On ayda əlilliyi olan şəxslərə 82,8 min reabilitasiya vasitəsi verilib  

10:43
27 Noyabr

Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  

10:37
27 Noyabr

Azərbaycan və Çex Respublikası arasında icbari tibbi sığorta sahəsində əməkdaşlığı gücləndirməklə bağlı memorandum imzalanıb  

10:36
27 Noyabr

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb  

10:35
27 Noyabr

Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb  

10:19
27 Noyabr

Müsəlman Ağsaqqallar Şurası COP29 konfransının uğuruna görə Azərbaycanı təbrik edib  

09:41
27 Noyabr

Çempionlar Liqası: “Bavariya” və “Barselona” qələbə qazanıb  

09:40
27 Noyabr

Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək  

09:39
27 Noyabr

Şəhid İlkin Qarayevin xatirəsi yad edilmişdir

09:00
27 Noyabr

İqtisadi problemlər Aİ-ni boğur

08:55
27 Noyabr

Azərbaycandan Avropaya uzanan neft-qaz borularını "yaşıl enerji" xətləri əvəz edəcək

08:50
27 Noyabr

COP29-da strateji qərarlar verildi

08:45
27 Noyabr

COP29 beynəlxalq ictimai rəydə məmnunluq doğurdu

08:40
27 Noyabr

Azərbaycanın özünün "yaşıl enerji"yə keçid strategiyası var

08:35
27 Noyabr

Bakı COP-da tarix yazdı

08:30
27 Noyabr

Bakı müxtəlif beynəlxalq aktorlar arasında körpü rolunu oynadı 

08:25
27 Noyabr

İlham Əliyevin qətiyyətli liderliyinin növbəti qələbəsi

08:20
27 Noyabr

33 ildən sonra dalğalanan bayraq

08:15
27 Noyabr

İnkişaf, rifah, quruculuq büdcəsi

08:10
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!