Ölkəmizdə keçirilən möhtəşəm COP29-da dünya ölkələrinin ətraf mühitə mənfi təsir göstərən yanacaq növlərindən və sənaye sahələrindən imtina edilməsinin vacibliyi əsas mövzu oldu. Səbəbi məlumdur - dünyanın xilası alternativ enerjiyə keçməkdir, neft və qazın istifadəsindən imtina artıq sabahın yox, bugünün tələbidir.
Düzdür, hələlik ənənəvi enerji vasitələrindən imtina mümkün deyil. Bunun üçün müəyyən zaman lazımdır. Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, bu prosesə aktiv şəkildə qoşulan ölkələrdəndir. Dövlətimizin bu sahədə apardığı məqsədyönlü siyasət dünya ölkələri tərəfindən də dəstəklənir. Çünki Azərbaycan təkcə özünün alternativ enerjiyə olan tələbatını ödəməklə kifayətlənmək istəmir. Hazırda əsas hədəflərimizdən biri də Avropaya "yaşıl enerji"ni ixrac etməkdir.
Ölkəmizdə bu məqsədə nail olmaq üçün xeyli iş görülüb, o cümlədən işğaldan azad olunan ərazilərdə 32 su-elektrik stansiyası tikilib, üstəlik, külək və günəş-elektrik stansiyalarının tikilməsi istiqamətində xarici şirkətlərlə danışıqlar aparılır. Bakı və Abşeron yarımadasında da külək və günəş elektrik stansiyalarının qurulması üçün böyük potensial mövcuddur. Bu potensialdan istifadə etmək yaxın gələcəyin yox, günümüzün reallığıdır.
Azərbaycan həm də Orta Asiyadan Avropaya "yaşıl enerji" ixracının təşəbbüsçüsüdür. Biz müəyyən dövrdən sonra Avropaya borularla neft-qaz ötürməsinin əvəzinə, "yaşıl enerji" xətlərinin çəkilməsinin şahidi olacağıq. Yəni bundan sonra da Azərbaycan Avropanın etibarlı enerji təminatçısı olacaq, amma "yaşıl enerji" təminatçısı.
Bu gün Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən sənayeləşmə siyasətinin əsas məqsədi postneft dövrünə hazırlıqdır. Ölkədə qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər də bunu təsdiq edir. Hazırda ölkəmizdə yüzlərlə müəssisədə müxtəlif çeşidli sənaye məhsulları istehsal olunur. Həmin məhsullar daxili tələbatı ödəməklə yanaşı, xarici bazara ixrac da edilir.
Azərbaycanda yüksəkkeyfiyyətli məhsul istehsal etmək üçün sənaye parkları və sənaye məhəllələri şəbəkəsi yaradılır. İşğaldan azad olunan ərazilərdə iki sənaye parkı yaradılıb. Orada müəssisə yaratmaq istəyən rezidentlərin sayı günbəgün artır. Artıq fəaliyyətə başlayanları da var.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən ölkə üzrə 53,3 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulları istehsal edilmişdir. Məhsul istehsalı neft-qaz sektorunda 1,5, qeyri-neft-qaz sektorunda 8,7 faiz artmışdır.
Hesabat dövründə sənaye məhsullarının 64 faizi mədənçıxarma, 30,3 faizi emal, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 81,1 faizə çatmışdır. Ümumi istehsalın 89,7 faizi sənaye məhsullarının istehsalı, 10,3 faizi sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.
10 ayda emal sənayesində 16 milyard 147,3 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə içki istehsalında 18,1, tütün məmulatlarının istehsalında 14,3, qida məhsullarının istehsalında 8,7 faiz artım müşahidə olunmuşdur.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 milyard 816,7 milyon manatlıq məhsul istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 68,4, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4, kimya sənaye məhsullarının istehsalı 10,3 faiz artmışdır.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində isə 1 milyard 145,4 milyon manatlıq məhsul istehsal olunmuşdur. Bu sektorda ən yüksək artım 5,2 dəfə olmaqla mis məftilin istehsalında qeydə alınmışdır.
Məlum olduğu kimi, kompüter, elektron və optik məmulatların, elektrik avadanlıqlarının istehsalı digər sahələrlə müqayisədə yeni sahədir. Buna baxmayaraq, 10 ay ərzində ölkə üzrə təkcə notbukların istehsalı 3,2 dəfə artmışdır.
Azərbaycanda iqtisadi sahədə aparılan islahatları təhlil etdikdə aydın görünür ki, öndəki illərdə əsas ixracımızı qeyri-neft-qaz məhsulları və "yaşıl enerji" təşkil edəcək. Çünki dünyanın tələbatı belə olacaq. Necə deyərlər, geriyə yol yoxdur.
Rüstəm KAMAL,
"Azərbaycan"