Dövlətimizin başçısı Azərbaycanın dostları arasında hansısa gərginliyin olmasını istəmir
"Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. O bildirib ki, milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Həyata keçirilən səmərəli xarici siyasət kursu dövlətimizin qüdrətini artıran əhəmiyyətli faktor kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, müasir dövrdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirən, nüfuzunu artıran başlıca strateji amil həyata keçirilən xarici siyasət kursunun səmərəliliyidir. Bu kontekstdə qeyd edə bilərik ki, çoxşaxəli, tarazlaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. "Azərbaycanın xarici siyasəti məhz müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Respublikamız xarici siyasi əlaqələrini, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Cənubi Qafqazın lideri olan Azərbaycan özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir, həmçinin regionalmiqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Məhz bunun nəticəsində də dünyada Azərbaycanın dostları artmaqdadır. Bir çox ölkələr Azərbaycanı dost və etibarlı tərəfdaş hesab edir. Bu etimad sayəsində Azərbaycan bəzi ölkələr arasında yaranmış problemlərin həllində vasitəçilik edir. Bu vasitəçilik isə müsbət nəticələr verir", - deyə Sevinc Fətəliyeva əlavə edib.
Hazırda İsrail və Türkiyə arasında yaranmış problemin həllində Azərbaycanın vasitəçi ola biləcəyini vurğulayan deputat xatırladıb ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda iştirakçıların suallarını cavablandıran zaman Azərbaycanın bu məsələdə yardım etməyə səy göstərdiyini deyib. Nəzərə alaq ki, hər iki ölkə Azərbaycanın dostudur. Ona görə də dövlətimiz öz dostlarının arasında hansısa gərginliyin olmasını istəmir və barışdırıcı siyasət həyata keçirir.
Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan hələ 2010-cu ildə İsrail ilə Türkiyə arasında yaranmış gərginliyin aradan qalxmasında vasitəçilik edib və bu vasitəçilik kifayət qədər uğurlu olub: "İnanırıq ki, bu dəfə də belə olacaq. Bu yanaşma Azərbaycanın sülhpərvər, barışdırıcı mövqedə olmasından irəli gəlir. Dövlətimizin başçısı bu mövzu ilə bağlı forumda bildirib: "İlk böhran zamanı biz fəal rol oynadıq ki, onların mövqeyini bir-birinə yaxınlaşdıraq. Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Türkiyə ilə 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik. İsraillə də qarşılıqlı dostluq əlaqələri müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də tərəflər arasında olan hər hansı anlaşılmazlıq bizi narahat edir". Təbii ki, dostlarımızın öz aralarındakı problemlərinin həllində Prezident İlham Əliyevin şəxsi nüfuzu, liderlik keyfiyyəti və dostluq münasibətləri mühüm rol oynayır. Bu baxımdan, hesab edirəm ki, dövlətimiz növbəti dəfə bu missiyanı uğurla yerinə yetirəcək".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"